Xüsusi tədbirlər planı hazırlandı - Qiymət artıranlar sərt cəzalandırılacaq
9-01-2016, 00:23
İqtisadiyyat və Sənaye Nazirliyinin Baş Prokurorluq ilə birgə süni qiymət artımına qarşı Tədbirlər Planına uyğun həyata keçirdikləri tədbirlər nəticəsinə indiyənədək süni qiymət artımı müşahidə olunmayıb.
teref.az xəbər verir ki, bunu ans press-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev dedi.
"Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar süni qiymət artımının qarşısının alınması məqsədi ilə istehlakçı bazarında nəzarət tədbirlərinin həyata keçirilməsinin nəticəsi kimi indiyənədək heç bir süni qiymət artımı müşahidə olunmayıb. Amma biz bundan sonra da nəzarət tədbirlərimizi davam etdirəcəyik", - deyə qurum rəsmisi əlavə etdi.
Qeyd edək ki, dekabrın 21-də baş verən devalivasiyadan sonra bir çox bazarlarda qiymət artımı müşahidə olunub. Bununla mübarizə aparmaq məqsədilə ötən il, dekabrın 30-da süni qiymət artımına qarşı birgə tədbirlər planı təsdiqlənib.
İqtisadiyyat və Sənaye Nazirliyindən verilən məlumata görə, tədbirlər planında neqativ halların qarşısının alınması məqsədilə birgə əməliyyat tədbirlərinin keçirilməsi, intensiv məlumat mübadiləsi, qanun pozuntusuna yol vermiş şəxslərin inzibati, intizam, mülki və cinayət məsuliyyətinə cəlb edilməsi, habelə sahibkarlıq subyektləri ilə maarifləndirmə işlərinin təşkili və s. nəzərdə tutulur.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sahibkarlıq subyektlərinə, ticarət və xidmət müəssisə və obyektlərinə manatın məzənnəsində baş vermiş dəyişiklikdən sui-istifadə hallarından çəkinməyi tövsiyə edir.
Həqiqətən də, məzənnə dəyişikliyindən sonra bir sıra, o cümlədən qida bazarında qiymət artımına rast gəlinir. İqtisadi vəziyyətin çətin olduğu bir vaxtda qiymətlərin də artırılması insanların vəziyyətini daha da çətinləşdirir. Ümid edirik ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə hazırlanmış plan süni qiymət artımı və digər sui-istifadə hallarının qarşısının alınmasında mühüm rol oynayacaq.