Şəhid general Məhəmməd Əsədovun şəhid telejurnalist Alı Mustafayevə son açıqlaması - FOTO+VIDEO

11-01-2016, 01:02           
Şəhid general Məhəmməd Əsədovun şəhid telejurnalist Alı Mustafayevə son açıqlaması - FOTO+VIDEO
İki gün sonra 24-cü ildömünü yaşayacağımız Azərbaycanın milli dövlətçilik elita nümayəndələrinin və ziyalılarının məhvi ilə nəticələnmiş Qarakənd vertolyot faciəsi barədə araşdırma apararkən maraqlı bir telekadra rast gəldik. Elə həmin faciədə həlak olmasından sonra Milli Qəhrəman adı almış qeyri-adi telejurnalist və şair Alı Mustafayevin eyni erməni terrorunun qurbanı olmuş sabiq daxili işlər naziri və dövlət müşaviri, şəhid general Məhəmməd Əsədovdan bəlkə də axırıncı müsahibəsindən bir parça... Və o da maraqlıdır ki, həmin müsahibə 20 Noyabr faciəsinin digər qurbanı Prezident Aparatının mətbuat xidmətinin sabiq rəhbəri, gözəl ziyalı, jurnalist Osman Mirzəyevin qızı və atasının yolunu davam etdirən Sevinc Osmanqızının ANS-də efirə getmiş “Sülh Missiyası” adlı sənədli filmində təqdim edilir.

Müsahibə hər iki həmsöhbətin həlak olacağı müdhiş faciədən az əvvəl -1991-ci ilin payızında İcevanda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin görüşü zamanı aparılıb. Qeyd edək ki, həmin ərəfədə Azərbaycan hökumətinin keçmiş sovet ordusunun dəstəyi ilə keçirdiyi “Həlqə” əməliyyatı nəticəsində Dağlıq Qarabağ və ətraf bölgələrdəki erməni terrorçu dəstələrinin demək olar ki, böyük əksəriyyəti tərksilah edilmişdi. Bu əməliyyatın da əsas təşkilatçı və icraçılarından biri məhz rəhmətlik Məhəmməd Əsədov olub... Şəhid generalın sözügedən açıqlamasını olduğu kimi nəzərinizə çatdırırıq:

“- Məhəmməd müəllim, bu gün Azərbaycan nümayəndə heyətinin təkliflərinə Ermənistan nümayəndə heyətinin reaksiyası necədir? Onlar anlaşma üçün hər hansı bir addım atırlarmı?

- Burda bir məsələ var. Bunu biz dəfələrlə demişik, indi də deyirəm ki, biz bu gün Azərbaycan ərazisində olan silahlı qüvvələrə nəzarət edirik. Həmin silahlı qüvvələr əsasən milis işçiləridir. Ümuniyyətlə, Azərbaycanda operativ vəziyyətə biz nəzarət edirik. Bizdən fərqli olaraq Ermənistan tərəfi bunda çətinlik çəkir. Orada da elə qüvvələr var ki, bəzən onlardan asılı olmayaraq Azərbaycanın bu və ya digər yerlərində xüsusən sərhəd bölgələrində atəş açırlar, adam öldürürlər, girov götürürlər və s. Ona görə də biz ciddi bir konsepsiya hazırlamalıyıq. Bu gün gündəlikdə duran əsas məsələ Azərbaycan ərazisindəki Ermənistandan göndərilən bütün silahlı dəstələrin çıxarılmasıdır”...modern.az/


[media=https://www.youtube.com/watch?v=NmoOsTXBZhQ]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.