Pandemiya ilə mübarizədə dövlət nəzarətinin və ictimai qınağın birlikdə sərtləşdirilməsinin mümkün səmərəsi...
26-06-2020, 00:00
![Pandemiya ilə mübarizədə dövlət nəzarətinin və ictimai qınağın birlikdə sərtləşdirilməsinin mümkün səmərəsi...](/uploads/posts/2020-06/1593101064_1-1.jpg)
Rauf Zeyni: “Dövlət nəzarəti ilə ictimai qınaq birlikdə tətbiq edilərsə, bunun vətəndaş məsuliyyətsizliyinin aradan qaldırılmasında rolu böyük olar”
“...İndi görün inkişaf etmiş ölkələrdə nələr baş verir. Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır. Əgər biz görsək ki, nizam-intizam bundan sonra da pozulur, onda fikirləşərik, daha hansı təsirli addımlar atılsın ki, bu qaydaları pozanlara qarşı daha ciddi tədbirlər görülsün”.
Bu fikirləri Prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışındakı çıxışı zamanı deyib.
Ekspertlər təəssüflə qeyd edirlər ki, bir çox vətəndaş pandemiya qaydalarına əməl etməməklə virusun daha da geniş şəkildə yayılmasına səbəb olub. Bu baxımdan, baş verənlərin vətəndaş məsuliyyətsizliyi ilə bağlı olduğunu bildirən ekspertlərin sözlərinə görə, Prezidentin məsuliyyətsizliyə yolvermə hallarına qarşı dövlət və ictimai nəzarətin daha da sərtləşdirilə biləcəyini deməsi ictimaiyyətin, ictimai qurumların, qeyri-hökumət təşkilatlarının da çiyninə böyük məsuliyyət qoyur. Ekspertlər hesab edirlər ki, bu istiqamətdə ictimai qurumlar, ictimaiyyət dövlət qurumları ilə yanaşı, bu prosesə daha yaxından qoşulmalı və nəzarəti gücləndirməlidir.
“İlham Əliyevin Gəncə səfəri zamanı bu məsələ ilə bağlı səsləndirdiyi fikirləri, tövsiyələri tam olaraq dəstəkləyirəm”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, Prezidentin çıxışında əks olunan bu vacib məsələ ictimai qurumların, ictimaiyyətin, vətəndaş institutlarının qarşısına böyük vəzifələr qoyur. “Bu gün ölkəmizdə və bütün dünyada çox ciddi narahatlıq yaradan koronavirus pandemiyası ilə mübarizə istiqamətində dəfələrlə ictimaiyyətə müraciətlər, çağırışlar etmişik. Bununla bağlı bir çox videokonfrans, videotədbirlər keçirmişik. Əhali arasında maarifləndirmə tədbirləri görülür, ictimai nəzarətin monitorinqi keçirilib. Biz bu tədbirləri davam etdirir, ictimai nəzarəti gücləndiririk. Milli Qeyri-Hökumət Təşkilatları Forumunun koronavirusla mübarizə qərargahı və ictimai qərargahı var. İctimai liderlər platforması və digər vətəndaş cəmiyyəti institutları dövlətin pandemiya ilə mübarizəsinə ciddi dəstək verirlər. Hesab edirəm ki, vətəndaş məsuliyyətsizliyinin aradan qaldırılması üçün dövlət nəzarəti və ictimai nəzarət daha da gücləndirilməlidir. Ölkə başçısı İlham Əliyevin Gəncə səfəri zamanı bu məsələ ilə bağlı səsləndirdiyi fikirləri, tövsiyələri tam olaraq dəstəkləyirəm, karantin rejiminin qaydalarına əməl etməyən vətəndaşlara qarşı ictmai və dövlət nəzarəti ilə yanaşı, inzibati tədbirlər gücləndirilməlidir. Fikrimcə, vətəndaşların bu yöndə məsuliyyətsizliyə yol verməməsi üçün ictimai nəzarət daha da gücləndirilməli, maarifləndirmə tədbirləri genişləndirilməlidir. Dövlət olaraq, xalq olaraq, pandemiyaya qarşı mübarizə apardığımız və vətəndaşlarımızı məsuliyyətli olmağa çağırdığımız bir vaxtda, təəssüflər olsun ki, bu virusun mövcud olduğuna hələ də inanmayan vətəndaşlarımız var. Heç şübhəsiz ki, dövlət nəzarəti ilə ictimai qınaq birlikdə tətbiq edilərsə, bunun vətəndaş məsuliyyətsizliyinin aradan qaldırılmasında rolu böyük olar. İctimai qınaq vacibdir”.
Bəli, çox təəssüflər olsun ki, Prezidentin, dövlət qurumlarının, mütəxəssislərin, vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin çağırışlarına baxmayaraq, hələ də karantin rejimini pozan, məsuliyyətsizliyə yol verən vətəndaşlara rast gəlirik. Sözsüz ki, vətəndaş məsuliyyətsizliyinin aradan qaldırılması üçün dövlət və ictimai nəzarətin gücləndirilməsi ilə yanaşı, vətəndaşlar da baş verənlərdən nəticə çıxarmalı, dövlətin, ictimai qurumların çağırışlarını, nəzarətini gözləmədən öz üzərlərinə düşən vəzifəni yerinə yetirməli, nizam-intizamlı olmalı, qaydalara əməl etməlidirlər. İctimai qınaq institutunun hazırkı vəziyyətdə daha sürətlə hərəkətə gətirilməsinə ciddi ehtiyac olduğu da duyulmaqdadır. Məsuliyyətsiz vətəndaş hər addımda ictimai qınaqla üzləşərsə, onda nizam-intizamlı olmağa çalışar. Vətəndaşlar həm də bununla qanunlarımıza, eləcə də öz vətəndaş adına hörmət etmiş olarlar. Bu da Azərbaycanın bu virusdan tezliklə xilas olmasına gətirib çıxarar.
İradə SARIYEVA