Yoluxmalar çoxalır və səhiyyə davam gətirə bilmir... - Bizi nələr gözləyir?

26-06-2020, 14:53           
Yoluxmalar çoxalır və səhiyyə davam gətirə bilmir... -
Virusa yoluxmaların artması nəticəsində səhiyyə sistemi iflas edərsə, onda ölkədə hansı vəziyyət yarana bilər?..

Tibb elmləri doktoru: “Zamanında bu işlər düzgün təşkil olunmadı. Əgər düzgün təşkil olunsaydı, daha çox uğurlara nail olmaq olardı və biz indi bu çətin vəziyyətlə üzləşməzdik”.

“Biz əvvəlcədən xəbərdarlıq etmişdik ki, insanların bu cür yanlış maarifləndirilməsi, kampaniya xarakterli görülən yarıtmaz işlər, əslində böyük yoluxma üçün potensial yaradır”.

Bu sözləri professor Adil Qeybulla Prezidentin infeksiyasının yayılması indiki templə davam edərsə, Azərbaycanın səhiyyə sistemi buna davam gətirə bilməyəcək açıqlamasını PİA.az-a şərh edərkən qeyd.

İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bildirib ki, koronavirus infeksiyasının yayılması indiki templə davam edərsə, Azərbaycanın səhiyyə sistemi buna davam gətirə bilməz.

Nəzərə alsaq ki, yoluxmalar sağalanlardan təqribən iki dəfə çoxdur, idiki tepmlə yoluxma davam edərsə, Azərbaycanın səhiyyə sistemi buna hansı müddətə qədər davam gətirə bilər və səhiyyə sistemi iflas edərsə, onda ölkədə hansı vəziyyət yarana bilər?

Mövzunu PİA.az-ın əməkdaşı tibb elmləri doktoru, professor Adil Qeybulla ilə müzakirə edib.

Adil Qeybulla: “Səhiyyə sistemi bu gün virusun öhdəsindən gələ bilmir. Səhiyyə sistemimiz virusun qarşısında aciz durumdadır. Bunu açıq demək lazımdır ”.

Səhiyyə sisteminin artıq virusa davam gətirmədiyini və hazırda ambulator müalicə növünün gündəmə gəldiyini vurğulayan professor PİA.az-a açıqlamasında bildirib ki, ambulator müalicə özbaşına ola bilməz. Ambulator müalicə ciddi sistem üzərində təşkil olunmalıdır və həkimlər xəstələrə nəzarət etməlidir. A,Qeybulla hesab edir ki, əks təqdirdə virusun yayılması daha da artacaq və dövlətə, hökümətə olan inam daha da sarsılacaq :

“Guya indi səhiyyə sistemi virusa davam gətirir ki? Xəstəxanalarda yer yoxdur və camaat əlacsız vəziyyətdə qalıb. İnsanlar arasında şikayətlər artıb. Xəstələr və xəstə yaxınları bilmirlər nə eləsinlər.

Amma bu işi normal təşkil etmək olardı. Hətta başdan olan resurslarla da bu iş normal təşkil oluna bilərdi.

Təəssüflər olsun ki, vəziyyətdən sui-istifadə hallarının olduğu indi ortaya çıxır. Görünür bəziləri bu faciəli günlərdə də öz xeyrinə çalışıb.

Zamanında bu işlər düzgün təşkil olunmadı. Əgər düzgün təşkil olunsaydı, daha çox uğurlara nail olmaq olardı və biz indi bu çətin vəziyyətlə üzləşməzdik.

Artıq xeyli yoluxma var və ölkədə pandemiyaya qarşı mübarizə metodu ilə bağlı ziddiyyətli fikirlər yaranıb və bu üzdən də cəmiyyətdə, həm virusun varlığına, həm də höküməyin apardığı mübarizəyə inamsızlıq yaranıb. Şübhə toxumlarının yayıldığı bir vaxtda ambulator müalicə növü gündəmə gəlib. Bu da qısa zamandan sonra hökümətin vətəndaşı öz taleyinə buraxması kimi anlaşlacaq. Ona görə də ambulator müalicə özbaşına ola bilməz.

Adil Qeybulla: “Hər nə olursa olsun, dövlət əlindən gələni vətəndaşlar üçün sona qədər etməlidir”.

Ambulator müalicə ciddi sistem üzərində təşkil olunmalıdır və xəstələrə həkimlər nəzarət etməlidir. Bu məsələyə ciddi yanaşılmalıdır. Əks təqdirdə virusun yayılması daha da artacaq və dövlətə, hökümətə olan inam daha da sarsılacaq.

Mən ümumilikdə səhiyyə sisteminin iflası anlayışını qəbul etmirəm. Səhiyyə sistemi gücsüz vəziyyətdə ola bilər və hazırda gücsüz vəziyyətdədir. Çünki verilən əməklər, görülən tədbirlər işə yaramır. Səhiyyə sistemi bu gün virusun öhdəsindən gələ bilmir. Səhiyyə sistemimiz virusun qarşısında aciz durumdadır. Bunu açıq demək lazımdır.

Yol verilən səhvlərin konturları indi görünür. Bu baxımdan biz əvvəlcədən xəbərdarlıq etmişdik ki, insanların bu cür yanlış maarifləndirilməsi, kampaniya xarakterli görülən yarıtmaz işlər, əslində böyük yoluxma üçün potensial yaradır. Bu nəticələri artıq biz görürük.

Lakin hər nə olursa olsun, dövlət əlindən gələni vətəndaşlar üçün sona qədər etməlidir. Bu dövlətin ümdə vəzifəsidir.”.

Nərminə UMUDLU
pia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.