Əli Həsənovun əvəzinə "vəkili" danışır: "Cırcıramaların və mayıs böcəklərinin a kapellası"

29-06-2020, 11:09           
Əli Həsənovun əvəzinə "vəkili" danışır: "Cırcıramaların və mayıs böcəklərinin a kapellası"
Əli Həsənova qarşı oxunan müşayiətsiz xor barədə müşahidələr

Allah rəhmət eləsin, vaxtılə Bərdədə Ağayev Hüseyn vardı, kolxoz sədri olmuşdu, həqiqətən camaat arasında çox hörmətli bir kişi idi. Yəqin çoxları bilir, bilməyənlər üçün deyim ki, prezidentin köməkçisi işləmiş Taryel Ağayevin atasıydı, amma nəql edəcəyim hadisə oğlu yüksək vəzifələrdə işləməzdən öncə baş verib.
Bir gün Ağayev Hüseyn xidməti maşını ilə bizim kənddən keçirmiş, təsadüfən maşında nasasızlıq yaranıbmış. Maşın dayanır, sürücü düşüb nasazlığı aradan qaldırmağa çalışır. Torpağa xəbər aparmasın, bizim kənddə də işsiz-gücsüz, tənbəl bir kişi varmış, çıxıb kəndin ortasında dayanmaqdan başqa əlindən bir iş gəlməzmiş. O kişini mən də görmüşdüm, maraqlı şakəri vardı, daim yolun qırağında dayanar, yoldan keçən tanınmış adamları güdər, başına adam yığılan təki, onların söhbətini edərdi.

- Balam, bayaq raykomda işləyən filankəsin xalası qızının əri- filankəsin oğlu kanalın altına tərəf keçdi, görən Boyəhmədliyə gedər, ya Ləmbərana?

Söhbət məhz bu cür önəmli adamlardan düşdüyündən daha önəmli adamların üstünə gələr, Brejnev, Andropov, Qorboçov, Reyqan, Səddam Hüseyn, Hafiz Əsəddən keçər, Stalin, Çörçill və Ruzveltin Tehran konfransındakı diplomatik manevrlərində bitməz, mübahisə ertəsi gün də davam edərdi.

Hə, torpağı sanı yaşayın, bizim kənddəki o işsiz-gücsüz bəndə bir gün görür ki, yolda bir maşın xarab olub, yaxınlaşıb salam-kəlam edir və sürücüyə kömək eləməyə başlayır. Köməyi də o olur ki, sən demə, maşının "kapot"unun cəftəsi qırıq imiş, şaquli vəziyyətdə qalmırmış ki, sürücü rahat maşına baxsın, kapotu tutur.
O gündən bəri kişinin işi ancaq Ağayev Hüseyn haqqında məlumat toplamaqdan və yaymaqdan ibarət idi, rəhmətliyin haradan gəlib, hara getdiyini ondan yaxşı "bilən" olmazdı, hərçənd kəndləri bizdən xeyli uzaq olduğundan, təxmin etmək çətin deyil ki, məlumatlarının çoxu "dez" olardı. Kəndimizin baməzə uşaqları onun bu şakərini bildiyindən duralğada hərdən ortalığa söz atarmışlar: "Deyir, Ağayev Hüseyn bayaq Kətəlparaqda imiş!.."

Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənov haqqında "dez" yayanlar və ya "düz danışdığını" iddia edənlər çoxaldıqca yadıma bu əhvalat düşür. Bu əhvalatı da xatırladıqca jurnalistikada uğur qazana bilməyən, xüsusi istedada, yüksək savada, elementar mənəvi-əxlaqi keyfiyyətlərə malik olmayan marginal imzaların "düzlük"dən dəm vura-vura "dez" yaymaları, ardınca özlərini qlobal mövzulara baş sındırırmış kimi göstərmələri acı təbəssüm doğurur. Sizi əmin edirəm, artıq "dez" yaymağa da fantaziyası çatmayanların qarşıdakı həftələrdə xəbər başlıqları belə olacaq:

- "Əli Həsənovun maşını Nobel prospektindən sola dönəndə "povorotnik"ini yandırdı";
- "Əli Həsənov maşından düşdü, evinə getdi"
- Şok! Şok! Şok! Əli Həsənov özünə ayaqqabı aldı!
- "Əli Həsənov toyda: niyə məhz o mahnıya oynadı?" (bu başlıq karantindən sonra atılacaq)

Bəli, vaxtilə prezidentin köməkçisi vasitəsi ilə hakimiyyətdən, dövlətdən "üçdən-beşdən" alıb indi ağzına çullu dovşan yerləşməyəcək şəkildə "medianın belini qırdılar" deyə hayqıranların, aylıq almaq istəyib ala bilmədiyi üçün hay-həşir salanların, "nəmər"ini artıra bilmədiyindən incik danışanların zehniyyəti, ictimai-siyasi faydalılıq əmsalı İdarəçilik Akademiyasının önündəki dayanacaqdakı maşınların təkərini silməkdən o yana getmədiyindən öz varlıqlarını və aktuallıqlarını Əli Həsənov barədə dezinformasiya yaymaqla isbatlamağa çalışırlar.

Məsələn, Qafar Cəbiyev adında bir əyalət jurnalisti var, tam 70 yaşındadır. Jurnalist karyerasının zirvəsi "Azərbaycan" qəzetinin bölgə müxbiri olması, deyilənə görə, 20 manata satılan "Qızıl qələm" mükafatını almasıdır. Əli Həsənov bu əyalət jurnalistinə qarşı "qərəzli" olduğundan MTRŞ-a 2 dəfə üzv olub, Jurnalist Binasından ev alıb, yəqin ki, bu diqqət və qayğı üçün prezidentin sabiq köməkçisinə, yaxud başqa bir vəzifəli şəxsə sözündən keçilməyəcək adamları minnətçi də salıb. İndi bu "zəhmetkeş" bölgə müxbiri PA-dan çıxdıqdan sonra Əli Həsənova qarşı üsyan bayrağı açmaqla 70 yaşında cəmiyyətə hansı nümunə olur? Ümumiyyətlə, bu adam 70 yaşından sonra nəyə nail olmaq istəyir?

İkinci misal kimi Mayis Əlizadəni çəkəcəm, onun da yaşı az deyil. 1993-cü ildə (məlumat səhvdirsə, babalı deyənlərin boynuna, eşitdiyimə görə hərbi xidmətdən yayınmaq üçün) Azərbaycanı tərk edib, Türkiyədə məskunlaşıb. Mənim Türkiyənin siyasi elitası ilə şəxsi əlaqələrim var, dəqiq bilirəm ki, orada qeyri-ciddi biri kimi qarşılanır, bundan daha artığını isə demirəm. Niyə də fərqli qarşılanmalıdır? 27 il ərzində Türkiyə mediasında özünə bir normal iş tapa bilməyib, bir analitik mərkəzdə çalışmayıb, bir universitetdə akademik fəaliyyət göstərə bilməyib, gözünü qoyub qaçdığı vətənin əlinə dikib! İndi bu plebey Azərbaycana jurnalistika dərsi keçmək istəyir. Özü də harada,"dominant teyze"nin saytında!

Bəzi insanların nadan oduqlarını və boş qazan kimi danqıldadıqlarını anlamaq üçün kiçik faktlar belə yetərlidir. Məsələn, təndir başında qeybət eləməyi "jurnalistika" zənn edən, normal ali təhsili belə olmayan teyzeciyin biri saytına "Dominant" adı qoyub, lozunqunu isə belə yazıb: "Hər kəsə söz haqqı"!

Əvvəla, "dominant"lıq jurnalistikanın təməl görəvi olan xalqın xəbər almaq haqqının fəlsəfəsinə ziddir. Sözün hərfi mənası "ağa" deməkdir, ilk növbədə "hökmran, təzyiq göstərən" anlamında işlənir. Bu adda sayt açmaq savadsızlığın pik nöqtəsidir. İkincisi, həmin sayta "hər kəsə söz haqqı" kimi bərabərlik məzmunu daşıyan lozunq seçmək həm də məntiqsizlikdir. Dominantlıq hara, bərabərlik hara (hələ o başqa məsələdir ki, media hər yoldan ötənə deyil, xəbər dəyəri daşıyana söz haqqı tanıyır)? Sən bir normal sayt adı fikirləşib tapa, ona normal bir deviz düzüb-qoşa bilmirsənsə, iki gündən bir qarşısında "ən güzel benim" dediyin aynalar çilik-çilik olursa, Əli Həsənov yox, Allahın bacısı oğlu olsa belə, sizə zəka, istedad, savad, davamlılıq bəxş edə bilməz. Bu söz "dominant teyze"nin yan-yörəsindəki "əriştəkəsən tetrarx"a da aiddir, əlbəttə. Nəyə desəniz and içməyə hazıram, dördü də dominant teyzelərinə qoşulub Google-də axtarış aparacaqlar ki, görəsən, "tetrarx" nə deməkdir )))

Jurnalistin borcu ictimai maraqlar naminə həqiqəti ortaya çıxarmaqdır. Dövlət büdcəsindən 1 qəpik də ayrılmayan tədbir üçün dövlətin vəsaitinin mənimsənildiyini iddia etmək, bu iddianı təkzib etdiyi üçün məsuliyyətli adamları təhqir etmək, yumşaq desək, yol verilən nöqsanı aradan qaldırmaq, üzr istəmək əvəzinə havaya mayıs böcəkləri uçurtmaq, cırcırama dəstəsi kimi xorla cırıldamaq, sadəcə, medianın əxlaqına və nəzakətinə zidd olan vulqarlıqdır! Şəxsi zərafəti olmayanlardan ictimai nəzakət gözləmək isə əbəsdir!
Çalışın, dominant yox, dürüst və kübar olun, arada vaxt edib İvan Krılovun "Cırcırama və Qarışqa" təmsilini də oxuyun ki, ömrünü bu vətənə və dövlətə həsr edənlərin yerə vurmaq istədiyiniz əziyyəti burnunuzdan gəlməsin!

Taleh Şahsuvarov

Qeyd edək ki, T.Şahsuvarlının bu yazısı Dominant.az-da "“Sədaqət”li jurnalistika, yoxsa feodalist kriteriyalar - Azərbaycan mediasının “God father”i" sərlövhəli məqalə yayımlanandan sonra yazılıb.
dominant.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.