Müxalifət Eldar Həsənovu müdafiə edirmi? – PARTİYALARIN MÖVQEYİ

17-08-2020, 20:12           
Müxalifət Eldar Həsənovu müdafiə edirmi? – PARTİYALARIN MÖVQEYİ
Xəbər verildiyi kimi, bir müddət öncə Xarici İşlər Nazirliyində aparılan əməliyyat nəticəsində bir qrup vəzifəli şəxsin öz səlahiyyətlərindən sui-istifadə etdiyi üzə çıxıb.

Onların dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol verdikləri müəyyən edilib. Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.

Aparılan maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində Eldar Həsənov barəsində istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Eldar Həsənovun həbsinə münasibət birmənalı deyil. Xüsusilə də Eldar Həsənovu ənənəvi müxalifət birbaşa, bəzi tanınmış ictimai-siyasi şəxslər isə dolayısı ilə müdafiə edir.

Maraqlıdır, müxalifət partiyaları Eldar Həsənovun həbsi ilə bağlı nə düşünür? Müxalifət Eldar Həsənovu müdafiə edəcəkmi?

“Eldar Həsənovun onları maliyyələşdirməsi ilə bağlı söz-söhbətlər gəzir”

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya deyib ki, onların Eldar Həsənovu müdafiə etmək niyyəti yoxdur:

“Çünki ortada bir hüquqi fakt var. Eldar Həsənov hələlik saxlanılıb, ona iki maddə üzrə ittiham irəli sürülüb. Ortada heç nə yoxdur, hələ araşdırma getməlidir. Eldar Həsənov Xarici İşlər Nazirliyində aparılan rüşvət-korrupsiya əməliyyatı ilə bağlı həbs olunub. Eldar Həsənov personasına digər həbs olunanlara müqayisədə maraq fərqlidir. Bu da onunla bağlıdır ki, Eldar Həsənov vaxtı ilə Azərbaycanda yüksək vəzifələr tutub, eyni zamanda bir sıra mətbuat rəhbərləri ilə normal münasibəti olub. Eldar Həsənovun həmin şəxsləri maliyyələşdirməsi ilə bağlı söz-söhbətlər gəzir. Ona görə də indinin özündə də həmin mətbuat nümayəndələri imkan düşən kimi, onun barəsində xoş sözlər söyləyirlər. Əgər sonradan sübut olunsa ki, Eldar Həsənov nahaqdan həbs olunub, ona qarşı şər-şəbədə var, onda təbii ki, onu müdafiə edənlər çox olacaq. İndi isə onu birmənalı şəkildə müdafiə etmək üçün əsas yoxdur”.

“Bəziləri Azərbaycana qarşı çirkin oyunların iştirakçısı olublar”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə deyib ki, Eldar Həsənova qarşı irəli sürülən ittihamlar çox ciddidir, onu indiki məqamda müdafiə etmək doğru deyil:

“O, vətənə xəyanətdə ittiham olunur. Eldar Həsənov müxalifət nümayəndəsi deyil, iqtidardan çıxmış bir adamdır. Son vaxtlar bəzi məmurlar doğrudan da Rusiya və Ermənistanla əməkdaşlıq ediblər, Azərbaycana qarşı çirkin oyunların iştirakçısı olublar. Eldar Həsənovun da bu qəbildən olan məmur olub-olmadığını istintaq müəyyənləşdirəcək. O, Respublika prokuroru olub və özünü müdafiə etmək iqtidarındadır. Azərbaycan Konstitusiyasının 64-cü maddəsinə görə məhkəmənin qərarı olmadan heç kimə cinayətkar demək olmaz. Təbii ki, indiki halda Eldar Həsənovu cinayətkar kimi qəbul etmirik. Amma irəli sürülən ittihamlar o qədər ciddidir ki, xüsusilə də bu gün Azərbaycanda elə bir ciddi dövr yaşayırıq, məmurların işinin yoxlanması çox vacibdir. Düşünürəm ki, Eldar Həsənovu sadəcə korrupsiyaya görə həbs etməyiblər. Yəni Eldar Həsənov həm hüquqi bir adamdır, həm də çox böyük nüfuzu var. Xarici ölkədə səfir işləyib, özünün elektoratı var. Burada korrupsiyadan söhbət gedə bilməz. Eldar Həsənovun kifayət qədər imkanları var ki, o, səfirlikdə korrupsiya ilə məşğul olmasın. Eldar Həsənovun özünün ticarəti var, xeyli imkanlara sahibdir. Ona görə də hesab edirəm ki, korrupsiya ittihamı əsassızdır. Çox güman ki, Eldar Həsənovun həbsi siyasi motivlidir. Vətənə xəyanət ittihamı irəli sürülüb, ona görə də burada birmənalı olaraq məsələnin şəffaf araşdırılması lazımdır. Eldar Həsənovun effektli müdafiəsinin təşkil olunmasının tərəfdarıyıq ki, sabah Avropa Məhkəməsi bununla bağlı fərqli qərar qəbul etməsin. Amma vətənə xəyanətdə ittiham olunan bir adamı gözyumulu müdafiə etmək doğru deyil. Şəxsən mənim Eldar Həsənova çox xoş münasibətim var. Faktiki olaraq, Azərbaycan prokurorları içərisində az-çox müstəqil olanlardan biridir. Bir dəfə məni terror ittihamı ilə həbs eləmişdilər. Guya mən ABŞ səfirliyini, Hava Limanını partlamaq istəyirdim. O zaman mənim azadlığa çıxmağımdan şəxsən Eldar Həsənovun xidmətləri olmuşdu. Doğrudur, o zaman eks prezident Heydər Əliyev məni azad etməyi tapşırmışdı, amma hər halda Eldar Həsənov istəsəydi məni qondarma ittihamla həbsdə saxlaya bilərdi. O vaxt mənə güllələnmə maddəsi ilə ittiham irəli sürülmüşdü. Ona görə də mənim Eldar Həsənova bir hüquq işçisi kimi münasibətim çox yaxşıdır. Amma irəli sürülən ittiham o qədər ağır və ciddidir ki, bunun qarşısında elə gözümüzü yumub onu müdafiə etmək doğru deyil”.

“Bu, bir səfirin passiv fəaliyyətindən doğan cinayətdir”

ADP sədri hesab edir ki, Eldar Həsənov Serbiyanın Ermənistana satdığı silahlara görə bütün hallarda məsuliyyət daşıyır:

“Məsələn, deyirlər ki, Eldar Həsənov hakimiyyət uğrunda mübarizə aparır. Buna qarşı onu müdafiə etmək olar, çünki bu tamamilə yalandır. İlk növbədə istər müxalifət, istər iqtidar nümayəndəsi olsun, sivil yolla mübarizə ilə hakimiyyətə gəlməyin tərəfdarıyıq. Xarici dövlətlərin bu prosesdə iştirakının qəti əleyhinəyik. Rusiyanın iştirakı ilə hakimiyyət dəyişikliyində iştirak etmək Qarabağı satmağa bərabər xəyanətdir. Bu məsələlər aydınlaşmalıdır. Bəzi ənənəvi müxalifət var ki, iqtidar nə addım atsa deyir ki, bu pisdir. Mən isə elə düşünmürəm. Serbiyadan Ermənistana silah satılması, Eldar Həsənovun bu haqda Bakıya məlumat verməməsi, onun bu məsələdən xəbərsiz olması ilə bağlı fkirlər var. Hətta mətbuatda yazırlar ki, bu ticarət onun şirkəti vasitəsilə edilib. Bu cür ittihamlar ortada olduğu halda biz onu necə müdafiə edə bilərik?

Həmin Serbiyanın verdiyi silahlarla bizin neçə görkəmli hərbiçilərimiz şəhid olub. Kimsə bu məsələdə Eldar Həsənovu müdafiə edirsə, bir qədər düşünməlidir. Bu, həmin Serbiyadır ki, boşnaklara qarşı soyqırım həyata keçirdi, 200 min müsəlmanı qanına qəltan elədi. Beynəlxalq məhkəmə də bunun soyqırım kimi tanıyıb. Faktiki olaraq bu məsələlərə həddindən artıq ciddi yanaşmalıyıq. İndi Serbiyadan Ermənistana silah verilməsəydi və bizim generallar həmin silahlarla şəhid edilməsəydi, Eldar Həsənovu daha ciddi şəkildə müdafiə etmək olardı. Amma tutaq ki, Serbiyadan Ermənistana satılan silahları heç Eldar Həsənovun şirkətləri həyata keçirməyib, bunun özü də cinayətdir. Eldar Həsənov səfir kimi bundan xəbərdar olmalı və Azərbaycan rəsmilərini məlumatlandırmalı idi. Bu, bir səfirin passiv fəaliyyətindən doğan cinayətdir. Əgər xəbəri olubsa və rəsmi Bakını məlumatlandırmayıbsa, bu da aktiv fəaliyyətdə yol verilən cinayət əməlidir. Bununla yanaşı bəzi KİV-lərdə baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Eldar Həsənovun işi ilə bağlı saxlanılması ilə bağlı məlumat yaydı. Bunun özü də bu prosesdə bəzi məsələlərə aydınlıq gətirir. Bütün hallarda istintaq prosesinin nəticəsini gözləmək lazımdır”.

“Onu müdafiə etmək niyyətimiz yoxdur”

Ağ Partiyanın sədri Tural Abbaslı da Eldar Həsənovun müdafiəsinə qalxmaq niyyətində olmadıqlarını bildirib:

“Eldar Həsənovun həbsinə münasibət birmənalı deyil. İnsanların böyük əksəriyyəti onu elan olunan büdcə vəsaitlərini mənimsəmək ittihamı ilə həbsinə inanmır. Çünki hər kəs yaxşı bilir ki, o kifayət qədər imkanlı məmurlardan biri olub. Hazırda da kifayət qədər maliyyəyə malikdir. Odur ki, bu səbəb qətiyyən inandırıcı deyil. Eldar Həsənovun müdafiə məsələsinə gəldikdə isə deyə bilərəm ki, hələ məsələlər tam aydın deyil. Ortada nəsə faktlar, sübutlar yoxdur. Ancaq buna baxmayaraq, Ağ Partiya olaraq bizim Eldar Həsənovun müdafiəsinə qalxmaq kimi bir niyyətimiz yoxdur. Biz bunu hakimiyyətdaxili məsələ hesab edirik. Öz məsələlərini özləri həll etsin. Həmçinin, məndə olan məlumata görə Eldar Həsənovun özü apelyasiya şikayəti verməyib, özünün hüquqi müdafiəsindən imtina edib və vəkilinə də məsələləri ictimailəşdirməməyi tapşırıb. Belə olan halda ümumiyyətlə kiminsə onun müdafiəsinə qalxması yersiz görünərdi. Bizim Ağ Partiya olaraq hakimiyyətdən vurulanları müdafiə etmək kimi bir niyyətimiz olmayıb və bu gün də yoxdur”.

“Proses bitmədən günahkar elan etmək olmaz”

Milli Cəbhə Partiyasının Mətbuat Xidmətinin rəhbəri Vüsal Qarayev isə qeyd edib ki, hazırda istintaq, məhkəmə prosesi gedir və bu proses bitmədən onlar kimisə nə müdafiə, nə də günahkar elan edə bilməzlər:

“Proseslər yekunlaşsın, ondan sonra bununla bağlı nəsə demək olar. İndiki məqamda kimisə müdafiə etmək və ya əksinə nəsə demək doğru deyil. Bu, aidiyyati qurumların işidir. Bu gün bir çox həbslər həyata keçirilir, islahatlar aparılır. Bu həbslərin heç birinə münasibət birmənalı deyil. Maraqlı məqam ondadır ki, bəzi qruplar vəzifədə olanları tənqid-təhqir edir, işdən çıxarılan, həbs olunan kimi başlayırlar müdafiəsinə qalxmağa”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.