Tarixçilərin etirazına deputatdan dəstək

21-08-2020, 08:48           
Tarixçilərin etirazına deputatdan dəstək
Bəs, Təhsil Nazirliyi nə deyir?

Ali məktəblərdə “Azərbaycan tarixi” fənninin saatının azaldılması tarixçi alimlərin etirazına səbəb olub. Belə ki, bir qrup tarixçisi Təhsil Nazirliyinə müraciət ünvanlayaraq, bu idarənin ali məktəblərdə “Azərbaycan tarixi” dərslərinin ixtisar edilməsinə yönəlmiş siyasətini yenidən nəzərdən keçirməsini tələb edib.

Tarixçilər hesab edirlər ki, “Azərbaycan tarixi”nin “Müasir Azərbaycan dövlətçiliyi tarixi” kursu ilə əvəz edilməsi və fənnin dərs saatlarının azaldılması cəmiyyətdə ciddi narahatlıq doğurur. Qeyd edək ki, 2020-2021-ci illər üçün tədris planında Azərbaycan tarixinin dərs saatlarının tarix fakültələrində 315 saatdan 210 saata, qeyri-tarix fakültələrində 120 saatdan 60 saata qədər azaldılması nəzərdə tutulur.

Firdovsiyyə Əhmədova “Yeni Müsavat”a deyib ki, avqustun 18-də Təhsil Nazirliyi bir qrup tarixçini görüşə dəvət edib: “Təhsil Nazirliyində aparılan müzakirənin nəticəsi olaraq qeyri-tarix ixtisaslarında ”Azərbaycan tarixi" fənninin saatı keçən ilki səviyyədə 75 saat həcmində saxlanıldı, “Azərbaycan tarixi” fənninin ən qədim dövrlərdən başlayaraq günümüzədək tədris edilməsi qərarlaşdırıldı. Azərbaycanın “müasir dövlətçilik ənənələri” ifadəsinin məhz qədim dövrdən başlayaraq dövlətçilik ənənələrimizi ehtiva etdiyi bildirildi, mədəniyyət, iqtisadiyyat və d. məsələlərin də tədrisini nəzərdə tutduğu açıqlandı. Nazirlik Tarix ixtisası üzrə “Azərbaycan tarixi” fənninin saatının ali məktəb daxilində seçmə fənn blokuna əlavə olaraq ayrılmış kredit hesabına tənzimlənməsinin mümkünlüyünü bildirdi və bu imkanın bütün ixtisas və fənlərə aid olduğunu qeyd etdi. Ali məktəblərə kredit sayının, kredit saatlarının artırılması, yeni fənlər əlavə edilməsi ilə bağlı hüquq verildiyi əsas göstərildi.

Firdovsiyyə Əhmədova: “Azərbaycanın ərazi bütövlüyü üçün bu lazım idi”

Hazırda ali təhsil müəssisələrində yeni təhsil proqramlarının tətbiqi üzərində işlər gedir, ümidvarıq ki, təhsil proqramları ilə bağlı muxtar hüquq çərçivəsində Vətən tarixi üçün ayrılacaq saatlar tarixçilərin gözləntilərini doğruldacaqdır".

Məsələ ilə bağlı Təhsil Nazirliyi də “Yeni Müsavat”a açıqlama göndərib. Həmin açıqlamanın əsas hissəsini təqdim edirik: “Bir qrup tarixçinin ali təhsil müəssisələrində ”Azərbaycan tarixi" fənninin tədrisi ilə bağlı Təhsil Nazirliyinə ünvanlamış müraciətinə və bununla bağlı mətbuatda yazılan fikirlərə cavab olaraq bildiririk ki, bakalavriat səviyyəsinin (əsas baza tibb təhsilinin) ixtisas üzrə təhsil proqramının yeni çərçivə sənədi hazırlanmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 13.05.2020-ci il tarixli F-226 nömrəli əmri ilə təsdiq edilmişdir. Həmin çərçivə sənədinin ümumi fənlər blokunda (bütün ixtisaslarda) 5 kredit həcmində “Azərbaycan tarixi” fənni məcburi fənn kimi nəzərdə tutulmuşdur. Qeyd edirik ki, ixtisaslar üzrə təhsil proqramlarında fənnin saatları deyil, kreditləri qeyd olunur və həmin kreditə ayrılmış saatların həcminin müəyyən edilməsi müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisələri tərəfindən aparılır. Vurğulamaq istəyirik ki, 5 kredit həcmində müəyyən olunmuş “Azərbaycan tarixi” fənni müvafiq qaydalara uyğun olaraq ali təhsil müəssisəsi tərəfindən 75 saat həcmində tədris oluna bilər. Beləliklə, Təhsil Nazirliyinin təsdiq etdiyi təhsil proqramlarında fənlər üzrə yalnız minimum kreditlər müəyyən edilir və həmin fənlərin tədrisi üçün ayrılan saatlarının yekun olaraq müəyyən edilməsi ali təhsil müəssisələrinin səlahiyyətinə buraxılır".

Fəzail Ağamalı: “Fövqəladə rejim elan olunmalı, komendant saatı ...

Ana Vətən Partiyasının sədri, deputat, tarix elmləri doktoru, professor Fəzail Ağamalı həmkarlarının müdafiəsinə qalxdı: “Tarixçilərin Təhsil Nazirliyinə göndərmiş olduqları etiraz məktublarının qısa məzmununu oxudum. Əlbəttə, mən birmənalı şəkildə Azərbaycan tarixinin dərs saatlarının tarix fakültələrində yüz saata qədər azaldılmasını, eyni zamanda, qeyri-tarix fakültələrində iki dəfədən az tədris olunmasının tamamilə əleyhinəyəm. Deyildiyi kimi, əgər doğrudan da tarix dərsinin ancaq son yüz ildə öyrənilməsi əsas götürüləcəksə, bu Azərbaycan tarixinin inkarı deməkdir. Tariximizin öyrənilməsinin ölkə prezidenti tərəfindən dəfələrlə ciddi şəkildə önə çəkilməsi nəzərə alınmalıdır. Unutmaq olmaz ki, ermənilər uzun illərdən bəri, üç yüz ilə yaxındır ki, bizim torpaqları ələ keçirmək uğrunda dünya miqyasında mübarizə aparmış və indiki Ermənistan dövləti yaratmağa nail olublar. Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Onlar bu torpaqları qaytarmaq istəmirlər. Hətta yeni-yeni torpaqları tutmaq istəklərini ortalığa qoyurlar. Belə bir zaman kəsiyində insanlarımızı, xüsusi olaraq, körpə balalarımızı, yeniyetmələrimizi, gənclərimizi vətənpərvərlik ruhunda böyütməyin ən mühüm şərtlərindən biri onların öz tarixini öyrənməsi, qəhrəmanlıq tarixini dərindən bilməsi və ondan örnək götürməsidir. Azərbaycan vətəndaşının vətənpərvər bir övlad kimi yetişməsini, formalaşması üçün tariximiz ibtidai icma dövründən başlayaraq müasir dövrümüzə qədər öyrənilməlidir. Bununla bərabər Azərbaycan dili də heç şübhəsiz ki, tədris olunmalıdır. Öz dilini, tarixini mükəmməl bilməyən vətəndaşdan vətənin daşı və vətəndaşı ola bilməz. Ona görə də, Azərbaycan tarixçilərinin bu baxımdan etirazını başa düşürəm, qəbul edirəm və dəstəkləyirəm. Nəinki Azərbaycan tarixinin tədris olunduğu fakültələrdə saatları azaldılmalıdır, əksinə düşünürəm ki, bu artırılmalıdır. Bütün ixtisasından, sahəsindən, istiqamətindən asılı olmayaraq bütün ali məktəblərdə Azərbaycan tarixi, dili kurs, fakültətiv fənn kimi deyil, həqiqi bir fənn kimi tədris planına salınıb, tədris olunmalıdır. Bu tariximizə təkcə diqqət, qayğı, yüksək münasibət deyil, həm də Azərbaycanın gələcəyinə yönəlmiş, hədəflənmiş, olduqca siyasi xarakter daşıyan bir yanaşma olardı”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.