Hökumət hələ də etiraf etmək istəmir ki, problem şəxslərdə yox, sistemdədir, hələ də insanları dəyişməklə problemləri həll edə biləcəyini düşünür

21-08-2020, 15:16           
Hökumət hələ də etiraf etmək istəmir ki, problem şəxslərdə yox, sistemdədir, hələ də insanları dəyişməklə problemləri həll edə biləcəyini düşünür
Kürdəmir icra başçısının həbsi elə də ciddi müzakirə yaratmadı – təbiidir, artıq neçənci dəfədir ki, belə həbslər olur, amma dəyişən heç nə yoxdur. Hökumət hələ də etiraf etmək istəmir ki, problem şəxslərdə yox, sistemdədir, hələ də insanları dəyişməklə problemləri həll edə biləcəyini düşünür. Əgər söhbət korrupsiyadan gedirsə, bu mərəzə bulaşmayan icra başçısı yoxdur, ola da bilməz. Nədənini deyim də, məsələn, Kürdəmir icra başçısının bütün vergiləri çıxandan sonra maaşı 860 manat civarındadı – Dövlət ona belə maaş verirsə, sanki mesaj verir ki, get dolan, get nə istəyirsən elə, çünki istənilən rayonun icra başçısının ayda, azı, 5-6 qonağı olur, hərəsinə bir quzu, heç olmasa hind toyuğu kəssə, bu təqribən, 1000-1500 manat edəcək, maaşı qonaq-qaraya belə çatmaz. Hələ bunun AzTv-si var, “paykovoy jurnalistləri” var, yuxarıya ötürülən pay var, var da var...

Qalstuklu müəllimlər, nəhayət etiraf etməlidirlər ki, bu sistem zaydı, çalışmır, İcra Hakimiyyəti struktur olaraq ləğv edilməli, yerli özünüidarəçilik artmalıdır. Rayonları təyin edilmişlər deyil də, seçilmişlər idarə etməli, onların qazancları uğurlu fəaliyyətilərinə bağlı olmalıdır. Prezident isə bir neçə rayonu özündə birləşdirən iqtisadi bölgələrə öz nümayəndəsini təyin edib qanunların və konstitusiyanın qorunmasını təmin etməli, fövqaladə hadisələr zamanı həmin təyin edilmişlər bölgədə müvəqqəti idarəetməni öz əlinə ala bilməlidir. Bu modeldə ölkədə 80 İcra Başçısı yox, 12-15 arası təyin edilmiş yerli nümayəndə olacaq – adını nə istəsəniz qoya bilərik, Vali, Elbəy və s., əsas odur ki, sistem normal çalışmağa başlayacaq.

Ölkədi bütün problemlərin (iqtisadi, sosial, korrupsiya və s.) həlli artıq siyasidir – bunun üçün ilk növbədə yeni ictimai saziş, yeni Konstitusiya yazılmalı və qəbul edilməlidir. Bu işdə əlimizi daşın altına qoya, yeni ictimai sazişin konturlarını hazırlaya bilərik, yetərki hakimiyyət səmimi şəkildə problemlərin həll olunmasına çalışsın, bunu istəsin, daha hər gün bir məmur tutub hər addımı bəsit şouya çevirməsin...
Natig Jafarli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.