Tovuz şəhərində 2 aydır binanın damı uçub, İcra başçısı isə deyir:"Vəsait ayrıldıqdan sonra təmir edəcəyik!"

22-08-2020, 09:53           
Tovuz şəhərində 2 aydır binanın damı uçub, İcra başçısı isə deyir:"Vəsait ayrıldıqdan sonra təmir edəcəyik!"
Əlacsız qalan sakinlər özləri problemi həll etmək istəyirlər, lakin görülən tədbirlər bir fayda vermir.

Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli binanın sakinləri iki aydır yağan yağışların evlərinə axdığını deyirlər. Belə ki, iyun ayının 20-də baş verən güclü külək 45 ailəlik yaşayış binasının damını uçurub. Üstündən 2 ay keçməsinə baxmayaraq, bina hələ də təmir olunmayıb. Sakinlər aidiyyatı qurumlara dəfələrlə müraciət etdiklərini, lakin heç bir nəticə olmadığını bildiriblər.

Bina sakini Solmaz Abdullayeva min bir əziyyətlə təmir etdirdikləri evlərinin yağış suyunun altda qaldığını söyləyib:

"İki aydır gəlib maraqlanan yoxdur. Bütün təşkilatlara müraciət etmişik. Bildiyimiz bütün qaynar xətlərə zəng vururuq. Hara deyirik, deyirlər qeydiyyata almışıq, gəlib baxılacaq. Amma heç bir nəticə yoxdur. Bizdən süzülən yağış 3-cü mərtəbəyədək axır. 15 ailənin evi suyun altındadır. Yağış yağanda altdan yuxarı əlacsız şəkildə baxırıq" - deyərək məlumat verib.

Bina sakini Solmaz Abdullayeva

Digər sakin Ceyran Məmmədova də aidiyyatı qurumlardan heç birinin onlarla maraqlanmadığından şikayət edir:

"İyun ayının 20-dən təbii fəlakət baş verib. Amma hələ bir nəfər gəlib maraqlanmıyıb ki, burda nə baş verib, niyə hər gün şikayət yazırsız. Heç kim sahib çıxmır. Evlər idarəsidir, şəhər sovetidir, İcra Hakimiyyətidir, hara deyirik müraciətimizə baxan yoxdur. Evimiz suyun içində qalır, övladlarımız rütubətdə yaşayır. İstəyimiz odur ki, gəlib təmir etsinlər" - deyərək aidiyyatı qurumlara müraciətindən danışıb.

Bina sakini Nazim Abbaszadə qonşuların köməyilə özlərinin bəzi tədbirlər almaq istədiklərini, lakin bunun da yağış suyu qarşısında köməksiz olduğunu deyib:



Tovuz şəhəri M.Ə.Sabir küçəsində yerləşən 5 mərtəbəli bina Sputnik / Ilham Mustafa
"Qonşularla birgə çıxıb uçan yerlərə köhnə şiferlər düzmüşük. Çadır çəkmişik. Amma xeyri yoxdur. Yağış yağan kimi yenə aralarından süzülüb evlərə tökülür. 45 ailəlik binadı. Sabah yüngül bir külək olsa hər yerini uçuracaq" - deyərək vəziyyəti izah edib.

Məsələ ilə bağlı Tovuz RİH-nin rəsmisi Mübariz Məmmədov təbii fəlakət yerinə artıq baxış keçirildiyini bildirib. Onun sözlərinə görə, yaxın günlərdə vəsait ayrıldıqdan sonra binanın dam örtüyünün bərpasına başlanacaq. sputnik.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.