Rusun “Vaqner”ini, PKK terrorçularını “ölümsüz” saymayaq. Suriyada, Donbasda milçək kimi məhv edilən də onlardır.

21-09-2020, 00:43           
Rusun “Vaqner”ini, PKK terrorçularını “ölümsüz” saymayaq. Suriyada, Donbasda milçək kimi məhv edilən də onlardır.
Qarabağda başlanacaq ikinci müharibədə ermənilərin tərəfində PKK terrorçularının, Suriyadan və Livandan gətirilmiş ermənilərin və digər millətlərin nümayəndələrinin, habelə “Vaqner” "ordusunun" iştirakı mümkündür. Hərbçilərimizlə 2016-cı ildə və sonrakı dövrlərdə olan söhbətlərimizdə onlar Talış kəndi istiqamətində PKK terrorçularının geyimində döyüşçüləri müşahidə etdiklərini, 2016-cı ilin aprel döyüşləri zamanı meyitlərin dəyişdirilməsi prosesində qarşı tərəfdə PKK-nın geyimində silahlıların iştirak etdiyini bildirirdilər.

Son illərdə xaricdən muzdluların Qarabağa transferi ilə bağlı müxtəlif məlumatlar dolaşır.

Bir neçə il əvvəl İraqda İŞİD-lə müharibə zamanı yüzlərlə yezdi kürd ailəsinin Ermənistana (oxu Qarabağa) köçürülməsi baş tutub.

Xatırladaq ki, bir neçə gün öncə İranın keçmiş səfiri də PKK terrorçularının Qarabağ ərazisinə köçürüldüyünü bildirmişdi.

Minatəmizləmə adıyla Qarabağda “kök atmış” “Halo Trust” təşkilatının münaqişə bölgələrindəki fəaliyyətini də diqqətdən qaçırmamalıyıq. “Halo Trust” işlədiyi konflikt zonalarındakı qeyri-qanuni silahlı birləşmələrə minatəmizləmə ilə yanaşı minaların basdırılması, əldəqayırma partlayıcı qurğuların hazırlanması və tətbiqi və s. bu kimi diversiya metodları ilə bağlı təlimlər verir.

2000-ci illərin əvvəllərində işğal altındakı Azərbaycan ərazilərinə erməni diasporunun maliyyəsi ilə göndərilən xarici muzdlu döyüşçülərin sayının 2500-2700 arasında olduğu bildirilirdi. Sonrakı illərdə onların sayı barədə hər hansı bir məlumatlara rast gəlməmişəm.

Son illərdə cəbhə xəttində hərbçilərimiz tərəfindən məhv edildiyi görüntülərlə təsdiqini tapan onlarla düşmən hərbi qulluqçusu barədə hər hansı bir ölüm faktının qarşı tərəfdə açıqlanmaması onların xarici muzdlular olduğu ehtimalını formalaşdırır.

Hələ 1991-1994-cü illərdə Qarabağda ermənilərin tərəfində xaricdən– Livandan və Suriyadan, o cümlədən keçmiş Sovet respublikalarından (əsasən Rusiya və Belarus), həmçinin Afrika ölkələrindən pulla cəlb olunmuş muzdluların döyüşdüyünü hamımız bilirik. Yaxşı xatirimdədir ki, döyüşlər zamanı və atəşkəsdən sonra bizim kənddə yerləşən hərbi hissəyə də əsgərlərimiz tərəfindən öldürülmüş bir neçə zəncinin cəsədi gətirilmişdi.

Qarabağda Azərbaycana qarşı soyqırımların törədilməsində, torpaqlarımızın işğalında Livan və Suriya vətəndaşları ilə yanaşı Rusiyadan olan muzdlular da xüsusi rol oynayıblar. Bu dəstələr arasında Mirzə Abayevin rəhbərliyi altında osetin və ruslardan ibarət qrup fərqlənib. 1992-ci ildə Qarabağa ermənilərin köməyinə gələn 36 nəfərlik qrupda 30 osetin, 3 erməni, 1 kabardin, 1 rus və 1 tatar olub. Dəstə komandiri Abayev 1994-cü ildə Kənd Horadiz istiqamətində öldürülüb. Döyüşlər zamanı dəstənin digər üzvləri - Nurmaqomed Budayev, Boris Əliyev və Əlixan Şamxiyev də məhv edilib. Dəstənin üzvlərindən Zaurmaq Barayev daha sonra Yuqoslaviyaya gedərək serblərin tərkibində bosnaklara qarşı vuruşub.

Əsas heyəti Livan ermənilərindən ibarət olan “Xaçlılar” dəstəsinin tərkibində də Rusiya və Belarus vətəndaşları da yer alıb. Hazırda “Xaçlılar”ın tərkibində döyüşmüş Sergey Sirov adlı Belarus vətəndaşı tez-tez işğal altındakı Azərbaycan ərazilərinə İrəvan üzərindən səfər edir və hərbi geyimdə ön xətdə döyüş mövqelərinə çıxır. Aprel döyüşləri zamanı Sirovun rəhbərliyi altında Rusiyadan və Belarusdan olan ehtiyatda olan zabit Qarabağa səfər edib. Sirovun fəaliyyətini izlədikdə onun Qarabağa adıçəkilən ölkələrdən muzdluların cəlbində koordinator rolunu oynadığını görmək mümkündür. Sosial şəbəkədəki paylaşımlarından göründüyü qədər Sergey Sirov bu gün də Qarabağdadır.

Hazırda “Vaqner”in "ordusunun" tərkibində Donbasda və Suriyada çox sayda erməninin döyüşdüyü məlumdur.

Bu günlərdə söhbət etdiyim yüksək rütbəli hərbçilərimiz də hesab edirlər ki, başlanacaq müharibədə Rusiyanın “Vaqner”, Donbasda döyüşlərdə təcrübə qazanmış dəstələri göndərməklə bilavasitə iştirakı mümkündür. Artıq iyul ayından Rusiya üzərindən Ermənistana və oradan da Qarabağa həm silah-sursatın, həm də “canlı qüvvə”nin transferi də müşahidə olunur. Bununla yanaşı, Ermənistandakı Rusiya hərbi kontingentinin zabitlərinin döyüş əməliyyatlarının idarə edilməsi, Ermənistan Ordusunun kəşfiyyat məlumatları ilə təmin olunması, dəqiq silahların idarə edilməsində iştirakı baş verəcək.

Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfdə rusiyalı zabitlərin peyda olması müəyyən ehtimallar formalaşdırır. Mümkün ssenariyə görə, Ermənistan Azərbaycanla dövlət sərhədinin– Qazax, Tovuz, Gədəbəy və ya Naxçıvan istiqamətində bir neçə yüz kilometr hissəsini ruslara verməklə ən azı üç motoatıcı alayını Qarabağ cəbhəsində Azərbaycan Ordusunun qarşısına atacaq.

Yekunda onu vurğulamaq istəyirəm ki, erməninin tərəfində kim döyüşür döyüşsün, kim dəstək olur olsun, fərq etməz. Onları basdırmağa yerimiz çoxdur!

Biz topyekun olub öz torpağımız uğrunda müqəddəs savaşımızı başlamalı və qələbəmizi qazanmalıyıq. Rusun “Vaqner”ini, PKK terrorçularını “ölümsüz” saymayaq. Suriyada, Donbasda milçək kimi məhv edilən də onlardır.
Rəşad Süleymanov
azeridefence.com saytının baş redaktoru
Teref.az














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.