"Ona nəinki belə yüksək ordenin verilməsi, hətta adının təltif olunanlar siyahısında olması İqtisad Universitetinə şöhrət deyil, utanc gətirir."- Qubad İbadoğlu
25-09-2020, 00:01
Mətbuatdan məlumat aldım ki, prezident İlham Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Onlar arasında “Şöhrət” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Tərəqqi” medalı ilə təltif olunanlar, “Əməkdar elm xadimi”, “Əməkdar müəllim” adına layiq görülənlər, fərdi təqaüd alan da vardır. Teref.az xəbər verir ki, bunu iqtisadçı alim, ADR hərəkatının sədri Qubad İbadoğlu yazıb. Daha sonra Qubad bəy yazır: 49 illik ömrümün 30 ilindən çoxu həmin Universitetlə bağlıdır. Odur ki, çoxlarını tanıyıram, əksəriyyətini layiq bilirəm, fürsətdən istifadə edib, 1 nəfər istisna olmaqla bütün həmkarlarımı təbrik edirəm. Onlar arasında Şəkərəliyev Arif Şəkərəli oğlunun adını görəndə çox məyus oldum. Təəssüflə qeyd etməliyəm ki, Universitetdə rüşvətxorluğuna, plagiatlığına, prorektor olduğu dövrdə elmə vurduğu zərbəyə görə mənfi ad çıxaran bu şəxsə də şöhrət ordeni verilib. Ona nəinki belə yüksək ordenin verilməsi, hətta adının təltif olunanlar siyahısında olması İqtisad Universitetinə şöhrət deyil, utanc gətirir. Teref.az