Xarı-bülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü görmək və onu dərmək üçün Şuşaya getmək lazımdır

1-11-2020, 16:51           
Xarı-bülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir,
Bugün yol saldığımız həftəmiz Azərbaycan üçün uğurlu olub, həftə ərzində Qubadlı şəhər mərkəzinin, Zəngilanın və Cəbrayılın kəndlərinin işğaldan azad olması xəbərini almışıq. Bununla da qarşıladığımız həftədən gözləntilərimiz də böyüyüb. Hər kəsin içərisində olan Şuşa, Laçın, Ağdam, Kəlbəcər və Qarabağın yağı tapdağı altında qalan digər yerlərin həsrəti və intizarı getdikcə artır. Şuşa intizarı bizi vüsala yaxınlaşdırır.
Teref.az xəbər verir ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu yazır. Daha sonra Qubad bəy yazır:
Elə bu səbəbdən də bundan əvvəl dəyərli dostlar və əziz izləyicilərdən Şuşa ilə bağlı rəy və xatirələrini yazmağı xahiş etdim. 6 saat ərzində 1200-dən çox şərh yazıldı. Əksəriyyəti tanış oldum, vaxt tapıb hamsını bir-bir oxuyacam. Sizləri də oxumağa dəvət edirəm, oxuduqca Şuşa həsrətinin hər kəs üçün dəyərini görür, ağrısını, acısını hiss edirsən. Şərhlərdə Şuşa ərazi kimi deyil, ruhların, xəyalların, arzuların, xatirələrin şəhəri kimin təsvir edilir. Şuşanı kimlərsə uşaqlıq, gənclik, kimlərsə nənəsinin, babasının yurdu kimi xatırlayır.
Bir çoxları üçün Şuşa candır, qürur mənbəyidir, qeyrət simvoludur, Azərbaycanın tacıdır, musiqi bulağıdır, mənədiyyət beşiyidir, incəsənət məkanıdır. Şərh yazanlar arasında Şuşanı Qalaya, Başkəndə, Məkkəyə, Məbədə bənzədənlər də vardır. Teymur Sarmuradi yazır ki, "Türkiyə üçün Çanakkale nədirsə, Şuşa da bizim üçün odur." Rahim Telman Sadigbayli qeyd edir ki, "Şuşa Qaladır. Qala qeyrətdir, Qala simgədir, Qala Vətəndir. Şuşa Qarabağın Ürəyidir. Qarabağ isə Azərbaycanın Ürəyidir. Yaralanmışdı indi isə sağalır. "
Hər kəsə rəyləri üçün təşəkkür edirəm, bu rəylər arasında ən çox bəyənilənlərdən ilk üçünü sizə təqdim edirəm.
1) Rüfət Səfərov: "açığı, bunadək alçaq olan Milli Qürurumuzu qaytaran Yüksəklik".
2) Sirus Ahmedtürk: " Məğlubiyyətimizin qisası..Qürurumuzun doğuşu."
3) Elvin Basqalli: "heç vaxt görmədiyim, hər işğal günündə kövrəldiyim, Basqala bənzətdiyim, kübarlar məskəni!"
Teref.az yazır ki, Qubad bəy İsveçdə yaşayan yazıçı-publisist Vahid Qazini yada salaraq yazır ki, eyni zamanda ruhunuzun dincəlməsi üçün İsveçdə yaşayan yazıçı-publisist dostumuz Vahid Qazinin içindən gələn səsi də eşitməyinizi
istərdim. "Qəribədi, Şuşa yadımda qar-qışı ilə yox, yayı ilə qalıb. Vətən həsrəti insanın tanıdığı ən ağır nisgildi. Birdən elə qapılıram bu duyğuya ki. Yurduna istədiyi vaxt gedə bilənlər bəlkə də duymazlar məni... Xəyalımdan kino lenti kimi keçir oralar. Döşəmə küçələr, əyri döngələr, enən, qalxan yollar, reşotkalı pəncərələr, şüşəbəndlər, balkonlar, zəhmli qədim evlər, dəmir toxmaqlı ağırtaxta darvazalar, məhləbaşı bulaqlar. Adamın siniri sıyrılır, elə bilirsən nəfəsin boğazında düyünlənir. Heç hava da düyün düşərmi!? Olur, inan mənə! Ürəyində qanın köpüklənib daşdığını, damarların qanı axıtmağa gücü çatmayanda çıxartdığı uğultunu eşitmisənmi? Bəs beyin qırışlarının xırçıltısını necə?! Sonra elə bil boşluğa düşürsən. Komanın vegetativ halı olur ey, bax, elə bir halı deyirəm. Gedə bilmədiyin vətən xəyal şüşəsindən görünən mənzərə kimidi. Görürsən, amma keçib gedə bilmirsən, eləcə..." ("Çöl Qala" romanından) - Mənim cavabım belədir, Qubad bəy: Şuşa mənim Çöl Qalamdır, İç dünyamı qoruyan Qala!" Təşəkkürlər Vahid bəy!
Yekun olaraq onu demək istərdim ki, bütün yazılanlar Şuşaya olan intizarın, həsrətin böyüklüyündən və Şuşaya son 28 ildə ilk dəfə yaxın olmağımızıdan irəli gəlir. Bu intizar, həsrət tezliklə vüsala çevriləcək.
Şuşa Xarı-bülbülün vətənidir. Xarı-bülbül adi çiçəkdən çox, bir möcüzəyə bənzəyir, bu gülü görmək və onu dərmək üçün Şuşaya getmək lazımdır. Şuşada görüşənədək!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.