Sovet dönəmində Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınıb.
3-11-2020, 08:13

Öncə gözəlim, həsrətim Şuşanın relyefini təsəvvür etmək və şəhər-qalanı daha yaxından tanımaq üçün sizə 2 xəritə təqdim edirəm.
Eyni zamanda bu səhər sizinlə Şuşaya dair əsas məlumatları da bölüşür və Azərbaycanımıza tezliklə Şuşalı-Laçınlı günlər arzulayıram.
Şuşa şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Pənahəli xan öz təhlükəsizliyini təmin etmək üçün güclü müdafiə imkanları olan qala tikdirməyə qərar verir. O, bu məqsədlə düşmən hücumu üçün əlçatmaz olan indiki Şuşanın ərazisini seçir: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə fəth edə bilməsin.”
Teref.az yazır ki, bunu ADR sədri, politoloq Qubad İbadoğlu deyir. Daha sonra Qubad bəy deyir:
Pənahəli xan 1748-ci ildə Kəbirli mahalında Bayat qalasını, 1751-ci ildə Ağdam yaxınlığında Şahbulaq yaylağında Şahbulaq qalasını tikdirdi, amma onları bəyənmədi.
Dəniz səviyyəsindən 1300-1600 metr hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylasında yerləşən Şuşa bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1755-56-cı illərdə təhlükəsiz yaşamaq üçün Qarabağ xanlığının paytaxtını Şuşaya köçürüb. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı.
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilib. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.
Sovet dönəmində Şuşa havasının təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəri kimi tanınıb.
1989-cu ilin rəsmi statistikasına görə, Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət olub.
Şuşa şəhəri 1992-ci il may ayının 8-də ermənilə tərəfindən işğal edilib. Şuşanın işğalı zamanı şəhərdə qalan 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 58 nəfər əsir və girov götürülüb, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Hazırda əsarətdə olan Şuşa rayonunun 34 747 nəfər əhalisinin 59,9%-i Bakı şəhəri, 4,7%-i Bərdə rayonu, 3,5%-i Ağcabədi rayonu, 3,1%-i Abşeron rayonu, 2,4% Ağdam rayonu və 26,4%-i respublikanın digər 41 şəhər və rayonunun ərazisində məskunlaşıb.
Xilaskar ordumuzun uğurları hər kəsdə, xüsusilə də məcburi köçkünlərdə tezliklə Şuşanın da azad olunacağına böyük inam yaradıb. Odur ki, Şuşa rayon əhalisi hamılıqla və səbirsizliklə yurdlarını qayıdacağı günü gözləyir.
Allahdan rəşadətli ordumuza güc və qüvvət arzulayaq ki, onlar Azərbaycan bayrağını tezliklə Şuşada da qaldırıb, hər kəsi sevindirsinlər.
Əsgər və zabitlərimizin Şuşaya istiqamətlənən yolları açıq, təhlkəsiz və rəvan olsun!
Teref.az

