“İşğalçı ordu xaos içində” - əcnəbi terrorçulardan ibarət başıpozuq dəstələr qalıb
4-11-2020, 08:50

Ermənistanın siyasi arsenaldakı təşviş və çaşqınlığı hərbi poliqonda da özünü büruzə verir. Qarabağdakı cinayətkar silahlı rejimin aldığı sarsıdıcı zərbələr, qondarma “respublikanın” ordusundakı komandirlərin bir-bir cəhənnəmə vasil edilməsi düşməni dönüşü olmayan vəziyyətlə üzləşdirib.
“Yeni Müsavat” yazır ki, qondarma “müdafiə nazir”i Cəlal Arutyunyandan sonra onun müavini Artur Sərkisyanın da məhv edilməsi erməniləri ciddi şəkildə məğlub ovqata sürükləyib. Düşmən tərəfi A.Sərkisyanın məhv edildiyini rəsmi şəkildə təsdiqləyib və məlum olur ki, proses ordu rəhbərliyində başsızlıq, yiyəsizlik hökm sürməsinə doğru gedir. Çünki ordu rəhbərliyi cəhənnəmə getdikcə, komandanlıq dağılır, xaos və özbaşınalıq daha da artır. Qarabağda könüllü və əcnəbi terrorçulardan ibarət yalnız başıpozuq dəstələr qalır. Onlar isə meşələrdə gizlənirlər, canlarını qurtarmağa yer axtarırlar.
Müşahidəçilərin fikrincə, təxminən daha bir həftə kifayət edir ki, düşmən tam diz çöksün, pərən-pərən düşsün, rabitəni tam itirsin. Separatçı qüvvələrin ordu rəhbərliyindəki komandirlərinin bir-bir yox edilməsi həm də ordumuza əlavə stimul və üstünlük qazandırır. İşğalçı orduda döyüşənlər anlayır ki, komandirlər, “nazir” və “müavin” özünü qoruya bilmirsə, sıravi hərbçilərin sonu lap yaxınlaşmaqdadır.
Üstəlik, “Habertürk” saytının yazarı, professor Kürşad Zorlunun sözlərinə görə, Türkiyə nümayəndə heyətinin rəhbəri Binəli Yıldırımın ünvanladığı “Şuşada durum necədir” sualına Prezident İlham Əliyevin “Azərbaycan Ordusu Şuşaya bir nəfəs qədər yaxındır” cavabını verməsi döyüş meydanındakı reallığı tam çılpaqlığı ilə əks etdirir.
Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, düşmənin harada yerləşməsindən asılı olmayaraq Ordumuz onları məhv etməyə qadir olduğunu sübuta yetirir. Hərbi ekspertin fikrincə, hazırda ermənilər təkcə maddi zərbə almırlar, mənəvi cəhətdən də sıradan çıxarılırlar.
“Ordumuz qondarma qurumun müdafiə naziri Cəlal Aryutunyanın yerini ustalıqla müəyyənləşdirdi və onu sıradan çıxara bildi. Əvvəl deyilirdi ki, yaralanıb, indi Ermənistanın Müdafiə Nazirliyinin rəsmisi təsdiqləyir ki, ağır yaralanıb, yəni faktiki həyatda yoxdur. Onun müavini Sərkisyan da məhv edilib, bundan sonra Ermənistanın separatçı qurumundakı adamlarının hamısını bu aqibət gözləyir. Azərbaycanda olan hərbi-texniki imkanlar imkan verir ki, onların yerini müəyyənləşdirək və məhv edək. Ona görə təkcə şəxsi heyət deyil, komanda heyəti də tamamilə zərərsizləşdiriləcək”, - deyə Ü.Cəfərov qeyd etdi.
O, terrorçu qüvvələrin yaxın günlərdə daha ağır vəziyyətə düşəcəyini proqnozlaşdırır: “Onların oyuncaq rəhbəri Araik Aryutunyan qərargah yaratmalıydı. Amma gördüyünüz kimi, uşaq bağçasına yığışırlar. Hətta separatçı rejim olsa belə, müəyyən hazırlıq işləri görməliydilər. Amma məlum olur ki, onların döyüş meydanında perspektivi qalmayıb. Ona görə Ordumuz onların bir hissəsini cinayət məsuliyyətinə cəlb edəcək, ya da döyüş meydanında gəbərəcəklər. Onlar əsgərlərindən qondarma ”müdafiə nazirinin" vurulmasını gizlədirlər. Düzdür, əsgər üçün böyük rol oynamır. Arzumanyan adlı bir generalı nazir qoyublar. Ancaq düşmənin zərbələrdən ayaqüstə durmaq imkanı yoxdursa, tezliklə vəziyyəti daha da pisləşəcək. Ermənistan ordusu da, separatçılar da faktiki çətin durumdadırlar, yaxın günlərdə onların düşdüyü vəziyyəti daha yaxşı görəcəyik".
Hərbi ekspert əmin edir ki, Ermənistan bu müharibə cinayətlərinə görə cavab verməli olacaq: “Döyüş əməliyyatları bitəndən sonra Ermənistan Azərbaycana buna görə təzminat ödəməli olacaq. Əgər bu gün Azərbaycanın mülki vətəndaşı minaya düşürsə, buna görə Ermənistan cavab verməli olacaq. Artıq bu məsələ ilə bağlı Azərbaycanın Baş Prokurorluğu lazımi sənədlər toplayır. Ermənistanın məsuliyyətə cəlb olunacağına heç kimin şübhəsi olmasın”.
Ukraynalı hərbi ekspert Yuri Podolyaka deyib ki, Ermənistan uzunmüddətli müharibə aparmaq imkanında deyil. Ekspert bildirib ki, müharibənin uzanması Ermənistan üçün məhv olmaq deməkdir, çünki hər şeydən əvvəl böyük maliyyə tələb edir.
Bu arada Ermənistan Müdafiə Nazirliyi dörd gündür münaqişə zonasında həlak olan erməni hərbçilərinin sayını açıqlamaqdan çəkinir. Ermənistanın “Hraparak” qəzeti belə yazıb. Öldürülənlər barədə niyə məlumat verilməməsini aydınlaşdıran qəzet Müdafiə Nazirliyinə sorğu göndərib. Nazirliyin mətbuat katibi Şuşan Stepanyan sorğuya sadəcə belə cavab verib: “Cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsində problem var”. Qəzet isə yazır ki, həqiqət başqadır. Cəmiyyətin ümidsizlik vəziyyətinə düşməməsi üçün real siyahını açıqlamırlar.