Azərbaycan Prezidenti kasetli bombalar məsələsində iki ermənipərəst beynəlxalq təşkilatı ən həssas nöqtələrdən əsaslı vurdu…

6-11-2020, 19:52           
Azərbaycan Prezidenti kasetli bombalar məsələsində iki ermənipərəst beynəlxalq təşkilatı ən həssas nöqtələrdən əsaslı vurdu…
Kamal Cəfərov: “Bu cür yüksək dağıdıcı qüvvəyə malik silahlardan istifadə…”

“Ermənilərin kasetli bombalardan istifadə etmələri beynəlxalq media və QHT-lər tərəfindən təsdiq olunubdur. Əminəm ki, bu barədə ilk dəfə məlumat verən oranı ziyarət edən beynəlxalq media olubdur”. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.

Prezident qeyd edib ki, “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının bu halları təsdiq etməkdən savayı başqa bir seçimi yox idi: “Lakin sual orasındadır ki, nə üçün onlar birinci növbədə Azərbaycana gəlmədilər? Nə üçün onlar yalnız Ermənistan tərəfindən işləyirdilər? Yalnız beynəlxalq media, Qərb mediası ermənilərin istifadə etdiyi kasetli bombaları göstərdikdən sonra bu iki QHT bunu təsdiq etdi. Onların bunu təsdiq etməsi yaxşı haldır, lakin səmimi desəm, bunun açıq-aşkar olmasını nəzərə alaraq, onların bu məsələni necə təsdiq etməməsini də təsəvvürümə gətirə bilmirəm”, - deyə dövlət başçısı əlavə edib.

“Beynəlxalq təşkilatlar ermənilərin qadağan olunmuş və dağıdıcı gücə malik silahlardan istifadə etməsinə ya susurlar, ya da birtərəfli bəyanat verirlər”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Kamal Cəfərov mövzu ilə bağlı bildirdi ki, Ermənistan silahlı qüvvələri mülki və strateji obyektlər də daxil olmaqla, bütün hədəflərə qarşı beynəlxalq səviyyədə qadağan edilmiş, yüksək dağıdıcı qüvvəyə malik “claster” bombalarından və “Smerch” raketlərindən istifadə edir: “Bu cür yüksək dağıdıcı qüvvəyə malik silahlardan istifadə həm beynəlxalq, həm də milli səviyyədə qadağan edilib. Digər tərəfdən, beynəlxalq təşkilatlar ya susurlar, ya da birtərəfli bəyanat verirlər. “Amnesty International” təşkilatının bəyanatı birtərəflidir, qərəzlidir. Beynəlxalq təşkilatların, o cümlədən, “Amnesty International” təşkilatının qərəzli bəyanatları ilə bağlı yekun ictimai rəy var. Sosial şəbəkələrdə apardığım araşdırma göstərir ki, siyasi mövqeyindən asılı olmayaraq, hər bir şəxs, ictimai fəal bu cür bəyanatları pisləyir. Onu da qeyd etməliyəm ki, bu gün Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə tarixdə olmadığı qədər güclü, müstəqildir, xalq isə həmrəydir. Hər kəsi sosial şəbəkələrdə aktiv olmağa, obyektiv məlumatları “Twitter” üzərindən beynəlxalq təşkilatlara çatdırmağa çağırıram. Ermənilərin feyk nyuslarına qarşı mübarizəmiz artıq öz səmərəsini göstərir. Hər kəs çox aktivdir, daha da aktiv olmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.