Onların mövqeyinə görə, Qarabağda atəşin dayandırılmasına dair üçtərəfli razılaşma Azərbaycan üçün “tələdir”.

12-11-2020, 07:20           
Onların mövqeyinə görə, Qarabağda atəşin dayandırılmasına dair üçtərəfli razılaşma Azərbaycan üçün “tələdir”.
Rusiya Federasiya Şurasının eks-senatoru, biznesmen-xeyriyyəçi Fərhad Əhmədovun məxsusi olaraq haqqin.az üçün yazdığı məqaləsinin tərcüməsi:

Teref.az xəbər verir ki, hərbi əməliyyatların dayandırılması haqda bəyanatın qüvvəyə minməsindən sonra Qarabağ cəbhəsində artıq ikinci gündür toplar susub. Lakin informasiya məkanında yaylım atəşləri əvvəlki gücü ilə davam edir. Və necə oldusa bu kanonadada yeni tonlar da səslənməyə başladı.

Əgər bizim şəksiz qələbəmizi bayram etdiyimiz bu günlərin əhvalını nəsə korlaya bilərsə o da ancaq öz hərbi borclarını taleyüklü bu altı həftə ərzində yerinə yetirərkən igidliklə şəhid olmuş hərbçilərimizə, yaxud düşmənin dinc şəhərləri və kəndləri atəşə tutması nəticəsində öz evlərində həlak olan mülki şəxslərlərə kədərlənməyimiz ola bilər.

Lakin məhz indi qaranlıq künclərdə öz evlərində, divanda oturub “ekspert” dəyərləndirmələri ilə internetdə çıxış edən “feysbuk müxalifətinin” çoxdandır unudulmuş səsləri eşidilməyə başladı.

Onların mövqeyinə görə, Qarabağda atəşin dayandırılmasına dair üçtərəfli razılaşma Azərbaycan üçün “tələdir”. Ölkənin hərbi-siyasi rəhbərliyinə iradlar irəli sürülür ki, onlar müharibəni “qalib sonluğa” qədər davam etdirmədilər (izah etmədən ki, bu nə deməkdir) və Rusiya sülhməramlılarının münaqişə zonasında yerləşdirilməsinə icazə verdilər.

Ədalət naminə qeyd edirəm ki, belə mövqeni cəmiyyətimizin müəyyən hissəsi, əsas hissəsi olmasa da hər halda nəzərəçarpan hissəsi də bölüşür, onların yanaşması hərbi uğurlarımızın fonunda formalaşmış yüksək gözləntilərindən irəli gəlir. Bununla əlaqədar aşağıdakıları bildirmək istərdim,

Gəlin xəyalən 2020-ci il sentyabrın 27-i, səhər erkənə geri qayıdaq. Hərbi dillə desək “D” gününə.

Həmin məqamda olan vəziyyət:

-Bizim ərazilərimizin beşdə biri, yüzlərlə yaşayış məntəqəmiz, müqəddəs abidələrimiz və təbii resurslarla zəngin torpaqlarımız düşmən işğalı altındadır.

-Məcburi köçkün statusu daşıyan 700 min həmvətənimiz var, onlar az qala 30 ildir doğma ocaqlarına və əcdadlarının məzarlarına baş çəkməyə həsrət qalıblar.

-Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimizin (bəli, məhz məğlubiyyətimizin!) psixoloji təsiri altındayıq.

-“Siyasi nizamlama” haqda Ermənistanın açıq-aşkar sabotajları və beynəlxalq vasitəçilərin laqeydliyi ilə müşaiyət olunan üzüzü, perspektivsiz danışıqlar aparırıq.

İndi isə gəlin baxaq, biz “D+44” vəziyyətində, yəni atəşin dayandırılması haqda razılaşmanın qüvvəyə mindiyi tarixdə-2020-ci il noyabrın 10-da nəyə nail ola bilmişik.

-Qısa müddət, cəmi 6 həftə ərzində Azərbaycan Silahlı Qüvvələri illərlə müharibəyə hazırlaşan düşməni məğlub edə bildi. İkinci Qarabağ müharibəsinin bir çox aspektləi müasir hərb sənətinin əsasını təşkil edəcək.

-Düşmən sülhə məcbur oldu, faktiki olaraq kapitulyasiyaya imza atdı. Erməni liderlərinin bəyanatlarına baxın, onları internetdə asanlıqla tapıb oxumaq olar.

-Biz güc yoluyla, döyüşlə qanuni torpaqlarımızı-Fizulini, Cəbrayılı, Zəngilanı, Qubadlı və Şuşanı azad etdik.

-Yaxın həftələrdə isə hərbi qələbənin siyasi mənfəətini qazanaraq bir dənə də atəş açmadan və bir damla da qan tökmədən Ağdamı, Laçını, Kəlbəcəri geri alacağıq.

-Birinci Qarabağ müharibəsindən bəri bizi təqib edən “məğlubiyyət sindromunu” birdəfəlik atdıq. İndi biz başımızı dik tutub gəzə və gələcəyə aydın baxa bilərik.

-Ermənistanın “məğlubedilməzliyi” haqda təkcə ermənilərin özlərinin deyil, onların xarici müttəfiqlərinin də aşıladığı mif darmadağın oldu,

-Azərbaycan özünün beynəlxalq avtoritetini daha da möhkəmləndirdi və elə regional gücə çevrildi ki, onunla hesablaşmalı olacaqlar.

-Azərbaycan bir sıra başqa digər üstünlüklər də əldə etdi ki, onların əhəmiyyətini biz daha sonra dərk edəcəyik-məsələn, “Böyük torpaq”la Naxçıvan arasında maneəsiz yerüstü əlaqənin yaradılması imkanı.

Hesab edirəm ki, bu aşkar nəticələri ən qərəzli tənqidçi də mübahisə altına ala bilməz. Amma! Müharibə müharibə olmazdı, əgər insan həyatından və pullaran özünə pay aparmasa. Və müharibə rinqdə, iki nəfər arasında getmir, onun çoxlu xarici iştirakçıları da var və hər biri öz maraqlarını təmin etmək üçün müdaxilə etməyə fürsət gözləyir.

Və burada əsl strateqin başlıca keyfiyyətinin-hərbi uğurlardan başgicəllənməyə düşmədən vaxtında dayanmaq, qarşıdurmanı diplomatik-siyasi müstəviyə keçirmək və öz şərtlərini danışıqlar masası arxasında diqtə etmək qabiliyyətinin böyük əhəmiyyəti var.

İkinci Qarabağ Müharibəsində bu həqiqət anı noyabrın 10-da yetişdi. Tarixçilər və gələcək nəsillər Ali Baş komandanın bu addımının müdrikliyinə və mükəmməlliyinə hələ qiymət verəcəklər. İndi isə divan tənqidçilərinə sadəlövh sual verək: siz real alternativ olaraq nə təklif edərdiniz? “Qələbəyə qədər döyüşək” konkret olaraq nə deməkdir?

Düşmənin müqavimətini dəf etməklə Ermənistanın dövlət sərhədinə qədər getmək, hansı ki, məğlubyyətə və itkilərinə baxmayaraq müqavimət göstərməkdə davam edəcəkdi? Hər alınan kvadratkilometr əraziyə görə qan axıtmaq? Özünüz buna hazır olardınız? Siz müharibənin bir gününün dollar ekvivalentində qiymətini bilirsiniz? Dərk edirsinizmi ki, daim artan xarici təzyiq şəraitində, xarici paytaxtlardan səslənən bəyanatlarda hərbi güc və sanksiyalar tətbiqi barədə hədələr eşidildiyi bir vaxtda müharibə aparmaq necə mürəkkəbdir?

Prinsipcə mən baş verənlərdən təəcüblənmirəm. Döyüş əməliyyatları aparılanda “feysbuk müxalifətinin” liderləri görünməmiş ictimai patriotizm şəraitində onlara meydan olmadığını başa düşərək hərbi-siyasi rəhbərliyi dəstəklədikləri haqda o qədər də aydın olmayan bəyanatla çıxış etdilər.

Lakin indi toplar susanda onlar qərara aldılar ki, cəmiyyətdə onlar üçün “imkan pəncərəsi” açıldı, axı cəmiyyətdə bir tərəfdən əldə edilmiş hərbi qələbələrin yaratdığı “qızğınlıq”, o biri tərəfdən insan itkilərindən sarsıntılar hökm sürür.

Onlar hesab edirlər ki, həmin altı həftə ərzində televizordan gündəlik hərbi xəbərləri həyacanla izləyən və belə xəbərlərə bir növ aludə olan həmin adamlar indi atəşkəs şəraitində onların Feysukdakı səhifələrini izləməyə başlayacaqlar. Ona görə də onlar “qələbənin oğurlanması” haqda həmin plastinkanı qoşublar, razılaşmanın mətnini o yan-bu yana çevirirlər, orada “sualtı daşlar” axtarmağa çalışırlar. Bunu aydın məqsədlə edirlər: “mayatnik effektini” işə salmaq, narazılığı fırlatmaq və kim bilir, ola bilsin “feysbuk” işini “maydan” işinə qədər aparıb çıxarmaq.

Mən sizə birbaşa deyirəm-cənablar, sizdə heç nə alınmayacaq. Cəmiyyətin böyük hissəsi sağlam düşünür və qarşısında tamam ayrı hədəflər, vəzifələr qoyur. Biz qələbəni bayram etməli və əbədiləşdirməliyik. Biz həlak olanlara ağlamalıyıq və onların yaxınları, qohumları qarşısında borcumuzu yerinə yetirməliyik.

Biz psixoloji olaraq müharibə vəziyyətindən sülh vəziyyətinə qayıtmalıyıq. Biz qaçqınları onların doğma ocaqlarına qaytarmalıyıq. Biz azad edilmiş ərazilərin bərpa edilməsinə və reinteqrasiyasına dair nəhəng işləri görməliyik. Bizə regionda xeyirxah qonşuluğu və əməkdaşlığı bərpa eləmək lazımdır. Biz yaşamağa davam etməli, işləməli, uşaqlar böyütməli və özümüzlə fəxr etməliyik. Bunun üçün bizə sülh lazımdır.

Və 10 noyabr razıaşması bu sülhə aparan ən qısa, effektiv və yeganə mümkün yoldur. Orada Azərbaycanın bütün uğurları, Ermənistanın isə bütün məğlubiyyəti və güzəştləri qeydə alınıb, möhkəmləndirilib. Bu razılaşmanın ən başlıca nəticəsi-Birinci və İkinci Qarabağ müharibəsi oldu, Üçüncü olmayacaq!

Mən bizləri sülh yaradan bu Qələbə münasibətilə təbrik etmək istəyirəm. Və təkcə sülh deyil, bizim şərtlərimizlə sülh.

Və İlham Əliyevə hazırda bizimlə olan bu bayrama görə təşəkkür etmək istəyirəm. Onun səbri, təmkini və dözümü, o cür böyük gərginliyə tab gətirməsi bizim uğurlarımızın həlledici amili oldu. Qələbəyə görə çox sağ ol, cənab Ali Baş komandan!

Öz növbəsində, əziz dostlar, sizi inandırıram ki, bir çox illər ərzində Göyçayda təşkil etdiyim ənənəvi Nar Bayramı 2021-ci ildən Qələbə Günündə keçiriləcək.

Sonda daha bir məqamı əlavə etməyi zəruri bildim. Əldə edilmiş razılaşmadan birbaşa olaraq daha bir mühüm məsələ ortaya çıxır-Dağlıq Qarabağın statusu Azərbaycanın qanunvericiliyinə əsasən müəyyən ediləcək. Digər variant sadəcə olaraq yoxdur.
Bunun məhz belə olacağının təminatı isə prezident Vladimir Putinin imzasıdır. virtualaz.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.