Supergüclər üz-üzə: Bölgəyə nə vəd edilir? - TƏHLİL

24-11-2020, 12:16           
 Supergüclər üz-üzə:
Rəsmi Moskva son zamanlar Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair noyabrın 10-da əldə olunmuş üçtərəfli razılaşmada maraqlı olmayan bəzi qüvvələrdən söz açır.

Konkret ad çəkilməsə də, ekspertlər bu ifadələrin səbəbsiz olmadığını bildirir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 21-də Bakıya səfəri zamanı bu fikri bir daha qeyd vurğulayıb:

“Bu razılaşmanı heç də hamı dərhal qəbul etmədi, onu nəticə baxımından qan tökülməsinə son qoyulması, dinc həyata, bərpa proseslərinin nizamlanmasına keçid, humanitar problemlərin həlli baxımından deyil, geosiyasi oyunlar prizmasından interpretasiya etməyə çalışdılar".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin də noyabrın 20-də Dağlıq Qarabağda humanitar missiya ilə bağlı keçirdiyi müşavirədə də analoji fikri səsləndirib.

“Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan dövlət başçılarının 10 noyabr tarixli üçtərəfli bəyanatının icrasını ləngitməyə, bu bəyanatın tam yerinə yetirilməsinə imkan verməməyə yönəlmiş bir tendensiya var. Hər kəs bunun uğurla həyata keçirildiyini etiraf etməyə məcbur olsa da, sülhməramlı əməliyyatın mahiyyətini dəyişdirmək cəhdlərini müşahidə edirik. Hələlik bu gizlidir, lakin ancaq bu mövcuddur”.

Politoloqlar hesab edir ki, Rusiyanın bu mesajı ATƏT-in Minsk Qrupunun digər həmsədr dövlətləri olan ABŞ-a və Fransaya yönəlib. Hazırda Rusiya hər iki ölkəni Dağlıq Qarabağ siyasətinə maneə kimi görür.

“The New-York Times” qəzetində dərc olunan məqalə ABŞ-ın Rusiyada noyabrın 9-da imzalanmış üçtərəfli bəyanatdan sonra münaqişə bölgəsində təsirinin artmasından ciddi narahat olduğunu xəbər verir. Vaşinqton son illər Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışmağa çalışsa da Moskva öz rəqibini üstələmək üçün siyasi boşluq tapa bilib. Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiyanın Türkiyə ilə anlaşmaya gedərək kompromis hesabına bölgədə mövqelərini gücləndirməsi ATƏT-in Minsk Qrupundakı digər həmsədrləri oyundan kənar vəziyyətdə qoyub.

Bu baxımdan, münaqişənin nizamlanması istiqamətində əldə olunan son diplomatik razılaşmalara yalnız Rusiya-Türkiyə-Azərbaycan-Ermənistan formatından deyil, eyni zamanda, Kremlin Qərblə münasibətləri nöqteyi-nəzərindən baxmaq lazımdır. ABŞ-da prezident seçkilərinin yaratdığı keçid dövrü, Tramp administrasiyasının Cənubi Qafqaza diqqətinin azalması, Fransanın ayrılıqda münaqişənin həllinə təsir göstərmək imkanlarının olmaması Rusiya üçün geniş siyasi manevr imkanları açırdı. Türkiyənin yeni oyunçu kimi regiona daxil olması Rusiyaya bu prosesdə kömək edən ciddi amil oldu. Ona görə də ABŞ-ın və Fransanın prosesi yenidən Minsk Qrupu çərçivəsinə qaytarmaq çağırışları hazırkı situasiyada regionda möhkəmlənməyə çalışan Rusiyanın maraqlarına cavab vermir. Vaşinqton isə yekun sülh müqaviləsinin hazırlanmasında əsas tərəflərdən biri kimi iştirak etməyə çalışır.

Co Bayden prezidentlik fəaliyyətinə başladıqdan sonra ABŞ-Rusiya münasibətlərində gərginliyin artacağı gözlənilir. Ona görə də Dağlıq Qarabağ məsələsinin həllinə dair sülh sazişinin hazırlanmasında diplomatik masada mühüm mövqe tutmağa çalışan ABŞ-ın Rusiyanın regionda təsirinin artmasına qarşı fəallığının artacağı proqnozlaşdırılır. Bunu “The New-York Times” qəzetindəki məqalədən də görmək olar. “Döyüşlərin əvvəlki mərhələsinin sonunda çoxsaylı və təsirli erməni əhalisinə malik ABŞ və Fransa Minsk Qrupu çərçivəsində uzunmüddətli həlli tapmaq üçün Rusiya ilə birləşmişdilər. Belə bir həll yolu tapa bilmədilər və mövcud münaqişə başlayanda ABŞ prezident seçkiləri ilə məşğul idi. Fransanın isə Amerikasız atəşi dayandırmaq üçün razılaşma əldə etməyə təsir imkanları çatmadı. Bunun əksinə olaraq, Rusiyanın silahlı qarşıdurmaya son qoyması üçün ciddi səbəbləri var idi.

O, hər iki tərəf üçün silah tədarükçüsüdür. Eyni zamanda Rusiyanı Ermənistanla müttəfiq münasibətləri bağlayır. Azərbaycana gəldikdə, hücum zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan maddi cəhətdən də daxil olmaqla, onu fəal şəkildə dəstəklədi. Cənab Putin isə Suriya gündəliyindəki toqquşmadan sonra Türkiyə ilə başqa bir qarşıdurmanın ortaya çıxmasında maraqlı deyildi. Əslində, Azərbaycanın qələbəsini tanıyan bu müqavilə Rusiyanın geniş parametrləri ilə sona çatdırmağı bacardığı mümkün olan yeganə sövdələşmədir. Eyni zamanda onun Dağlıq Qarabağı tamamilə tutmasına imkan vermədi. Rus hərbçiləri isə bu münaqişəyə cəlb olunmadı. Rusiya təhlükəli bir atəşi söndürsə və əvvəlki torpaqlarında təsir gücünü nümayiş etdirsə də, qeyd-şərtsiz qələbə qazana bilmədi. İndi Moskva beş illiyə özünün təxminən 2000 nəfərlik sülhməramlısını “yaxın xaric” adlandırdığı ərazinin narahat hissəsində saxlamağa dair öhdəlik götürüb.

O, həm də Azərbaycanda türk qardaşları adlandırılan və təsirini nümayiş etdirməyə getdikcə daha çox hazır olan Türkiyə ilə işləməlidir. ABŞ-ın burada xüsusi bayram edəcəyi heç nə yoxdur. Türkiyənin NATO üzvü olduğunu, həmçinin Azərbaycan neftinin əhəmiyyətini, münaqişə zonasının yanından keçən boru kəmərlərini, İrana yaxınlığını, Amerikadakı böyük erməni diasporasını, İsrailin pilotsuz təyyarələrinin bu münaqişədə istifadəsini və Rusiyanın sərhədlərindən kənarda təsir çəkisini azaltmağın vacibliyini nəzərə alsaq, ABŞ, Avropalı müttəfiqləri ilə birlikdə sülhməramlı səylərin önündə olmalıdır.

Dövlət katibi Mayk Pompeo hər iki tərəfin nümayəndələrini Vaşinqtona çağırdı. Ancaq Tramp administrasiyasının dünyadakı nüfuzunu itirməsi özünü həmin anda elan edilən atəşkəsin tez bir zamanda pozulmasında göstərdi.

Hərbi əməliyyatlar dayanıb. Bununla yanaşı, bölgədəki yeni coğrafi konfiqurasiya sülh razılaşmalarını daha da zəruri edir və Amerikanın iştirakını daha çox vacib edir. Bu, ABŞ-ın cənab Putinin və ya cənab Ərdoğanın öz çəkişmə aparmaq üçün diqqətdən kənarda saxlaya biləcəyi bölgə deyil. Minsk Qrupunun hələ də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından Dağlıq Qarabağdakı münaqişənin sülh yolu ilə həllinə dair mandatı var. Bu dəfə qarşıdurmanın növbəti mərhələsini gözləməmək ağıllı qərar olardı”,- deyə ABŞ mətbuatı yazır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.