Ermənistanın keçmiş baş naziri işğal altında olan torpaqlarımızı taladıqlarını etiraf etdi...
25-11-2020, 20:01

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan son açıqlamasında faktiki işğal altındakı Azərbaycan torpaqlarında bu illər ərzində yağmalama ilə məşğul olduqlarını etiraf edib. O deyib ki, müharibəyə qədər Qarabağda təxminən 100 min ton buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi, indi isə həm taxıl sahələrinin, həm də su elektrik stansiyalarının əhəmiyyətli hissəsi Azərbaycanın nəzarətinə keçib.
Teref.az xəbər verir ki,bunu politoloq Elxan Şahinoğlu deyir.
Daha sonra Elxan Şahinoğlu deyir ki, Hrant Baqratyan indiki hökuməti bu sözlərlə tənqid edib: “Mövcud hakimiyyətin yarıtmaz siyasətinə görə, Ermənistan Dağlıq Qarabağı buğda və elektrik enerjisi ilə təmin etməli olacaq. Halbuki, Dağlıq Qarabağın ildə yığılan 100 min ton buğda Ermənistanın buğdaya olan tələbatının 25 faizini ödəyirdi. Buğda tarlalarının əksəriyyəti Azərbaycanın nəzarətinə keçdi. İndi bu yüz min ton buğda Ermənistandan Qarabağa tədarük edilməli olacaq. Eyni problemlər elektrik enerjisi ilə də ortaya çıxacaq. Azərbaycan ordusu yalnız bir rayonda üç su elektrik stansiyasına sahib olub. Deməli, Qarabağın elektrik enerjisi təchizatını da Ermənistandan təmin etmək lazım gələcək. Bundan əlavə, bir neçə böyük müəssisə Azərbaycanın nəzarətinə keçib”.
Bu açıqlama Ermənistanın illərdir Azərbaycan ərazilərindəki zənginlikləri talamasının daha bir sübutudur. Hrant Baqratyan hələ onu deməyib ki, Ermənistan Kəlbəcərin və Zəngilanın yeraltı sərvətlərindən milyonlarla və bəlkə də milyardlarla dollar əldə edib. Məsələnin başqa tərəfi də var. Dağlıq Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına riayət etmələrini və Azərbaycan pasportlarını daşımalarını tələb ediriksə, bu bölgənin Ermənistan iqtisadiyyatı ilə bağlılığına da son qoymalıyıq. Dağlıq Qarabağda tədavüldə manat olmalı, büdcəsi, gəlirləri və xərcləri Bakı ilə razılaşdırılmalıdır.
Teref.az