Burada ölmək qadağandır, yoxsa cəzalanacaqsınız - AXI NİYƏ?!

26-11-2020, 10:55           
Burada ölmək qadağandır, yoxsa cəzalanacaqsınız
“Demokratiya beşiyi” hesab olunan ölkə absurdistana çevrilir

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

Hələ 2017-ci ildə Fransada keçirilən prezident seçkilərinin nəticələrinə görə, Emmanuel Makronun 66,1% faizlə, qatı sağçıların lideri Marin Le Pen üzərində qələbə çalmasını eşidəndə çox sevinmişdim. Həra halda sosialistlərin lideri olan Makron müsəlmanlara, Türkiyə və türklərə, Qarabağ məsələsinə münasibətdə radikal millətçilərdən daha yaxşı mövqe tutar, deyə düşünürdüm. Amma sən saydığını say, gör fələk nə sayır.

İkinci Qarabağ müharibəsi Azərbaycana qlobal mənada dostunu və düşmənini tanıtdırmaqla yanaşı, bizi ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin – Fransanın aşırı dərəcədə ermənipərət olması faktı ilə üzbəüz qoydu bizi. Əslində, Fransada güclü erməni lobbisi olması barədə dəfələrlə yazmışıq, amma münaqişənin tənzimlənməsi ilə məşğul olan bir dövlətin belə açıq şəkildə konflikt iştirakçılarından birinin tərəfini tutuması yolverilməz idi.

Müharibə bitdi - bütün müsbət və mənfi nəticələri ilə birgə. Amma Fransa əl çəkmir ki, əl çəkmir. İndi də bir qrup deputat Fransa Senatına “Dağlıq Qarabağ”ın “müstəqilliyinin” tanınmasını ehtiva edən bir qanun layihəsi təqdim etdi və... qanun layihəsi qəbul olundu.

Belə halda, təbii ki, Azərbaycan, Prezident İlham Əliyevin dediyi kimi, onlarla bütün əlaqələri kəsəcək. Yəni, bu sənədin bizim üçün heç bir əsası olmayacaq. Maraqlı olan başqa şeydir: görəsən, Ermənistanın özünün belə, tanımağa cürət etmədiyi bir məsələdə Frnasa niyə bu qədər canfəşanlıq edir? Bunun səbəbi təkcə erməni lobbisidirmi?

Elə bu suala məntiqli cavab axtarışı zamanı Makronun təklif etdiyi və dəstəklədiyi daha bir layihə barədə məlumat yayıldı. Onunla tanış olandan sonra anladım ki, adamın ya psixi problemləri var, ya da o qədər müsəlmanlara və türklərə nifrət edir ki, bu kin siyasi fəaliyyətinin əsasını təşkil etmətə başlayır. Və bu addımlar Fransanın maraqlarına zidd olsa belə. Fransada qəbul olunan qanunlarla bağlı kiçik bir araşdırma onu sübut etdi ki, absurdluq təkcə Makronun deyil, ümumiyyətlə, bu ölkənin bütün dövrlərdə rəhbərliyinə xas olan bir bəladır.

Mən hesab edirəm ki, Fransa Avropada demokratiyanın beşiyi sayılsa belə, orada bəzən bu “demokratiya” o qədər artıq dozada olur ki, dünyanın ən absurd qanunları məhz Yelisey Sarayında qəbul edilir. Ölkə əməlli-başlı absurd qanunlar ölkəsinə çevirlib. Və belə bir ölkənin mənə “sivilizasiya” dərsi keçməyə haqqı yoxdur. Axı, niyə belə düşünürəm? Fransada qəbul edilən bir neçə qanunla dediklərimi sizə izah edim. Beləliklə Fransada qəbul edilən qanunlara görə:

- Saxladığınız donuza istənilən adamın adını verə bilərsiniz, Napoleondan başqa;

- Vağzal perronlarında yola salan şəxslər gedən adamla öpüşüb-görüşə bilməzlər;

- Cinayət Məcəlləsinin 132-175-ci maddəsinə görə, istənilən zibil qutusu və hətta külqabı döyüş silahlarına bərabər tutulur;

- “Châteauneuf-du-Pape” adlanan bölgənin səmasında uçan naməlum obyektlərin və digər kosmik obyektlərin görünməsi qadağandır. Bu absurd qanun 1954-cü ildə, şəhərin üzərində uçan boşqablar göründüyü və bunun bir çox sakinin çaxnaşmasına səbəb olması ilə izah edilir. O vaxtdan bəri, bələdiyyə uçan boşqabların şəhərə girişi və üzərindən keçməsini qadağan edib;

- Ölkənin hər sakini evdə bir miqdar saman saxlamağa borcludur, çünki yaxınlıqdan at üstündə bir kral keçə bilər. Krallar dövründə qəbul edilən bu qanun hələ də qüvvədədir. Yəqin ki, indi samanı bir “kanistr” benzin əvəz edər ki, Makron-filan keçəndə lazım olsun;
- At və ya velosiped sürmək istisna olmaqla, qadınlar heç bir halda şalvar geyə bilməzlər. Kişi geyimləri geyinmək üçün Prefekturadan rəsmi icazə almalıdırlar;

- Bankın nizamnaməsində başqa bir hal göstərilmədiyi təqdirdə, çek kitabçanız üstünüzdə yoxdursa, çeki istənilən kağızda, hətta tualet kağızında belə, yaza bilərsiniz. 1930-cu ildə Lionda belə bir presedent baş verdi və məhkəmə qərara gəldi ki, yazılanlar dəqiq oxunursa, imzası təsdiqlənirsə, o zaman mümkündür;

- Lerol qəsəbəsində nəzakətli olmadığınıza görə həbs oluna bilərsiniz. “Salam”, “təşəkkür edirəm” və “sağ ol” demədiyiniz təqdirdə, həbs oluna biləcəyiniz qanun kommunanın bələdiyyə başqanı Jerar Pley tərəfindən 2012-ci ildə qəbul edilib. Nəzakətli olun, ən azı bu şəhərdə;

- Fransada məhkəmə boşananların işini asanlaşdıran qanunlarla işləyir. Əgər siz həyat yoldaşınızın vərdişlərindən məmnun deyilsinizsə, tezbazar boşana bilərsiniz. Vərdiş deyəndə isə, məsələn, həyat yoldaşınızın fikrinizcə çox siqaret çəkdiyini, çox futbol və ya reqbi oynadığını və ya çox dindar olduğunu sübut etsəniz (!) – bu, artıq məhkəmənin sizin xeyrinizə qərar çıxarması üçün ciddi səbəb olacaq;

- Yuxarı Qaron əyalətinin Künyo şəhərində ölmək qadağandır! 2007-ci ildə kommunanın meri Filip Gerin yerli qəbiristanlıqda yer olmadığı üçün etiraz aksiyaları keçirən sakinlərin istəklərini yerinə yetirmək üçün maraqlı bir fərman verdi. Sözün həqiqi mənasında, fərmanda “Qəbiristanlıqda yeri olmayan hər kəsin kommunada ölməsi qadağandır. Qanunu pozanlar ciddi şəkildə cəzalandırılacaqlar” yazılıb.

Bütün bu sadalanan absurd qanunlara Makron da öz tövhəsini verir. Yox, söhbət təkcə Qarabağla bağlı baxılacaq məsələdən getmir. Ölkədəki “müsəlman separatizmi”, onların radikallaşması (əslində saylarının artması) ilə mübarizə aparan Makron görün nə təklif edir:

“Hər müsəlman uşağa onun məktəbdə oxuduğundan əmin olmaq üçün identifikasiya nömrəsi verilsin. Hazırda Fransada evdə təhsil almaq, gələn tədris ilindən etibarən qadağan ediləcək. Qanun pozuntusuna görə, valideynlər altı aya qədər həbs və ağır cərimələrlə cəzalandırılacaq”.


Bu sətirləri anlamayan oxculara belə bir analogiya verim. Yox, ondansa Makronun bu qanununa Pakistanın insaq haqları üzrə naziri Şirin Mazarinin dedikləri ilə tanış edim: “Makron nasistlərin yəhudilərə etdiklərini müsəlmanlara qarşı edir: müsəlman uşaqlara nömrələr veriləcək (digər uşaqlarda belə deyil), eynilə yəhudilər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün paltarlarına sarı ulduz taxmaq məcburiyyətində qaldıqları kimi...”

Bu qanunu qəbul edən ölkənin demokratiyanın təməl prinsiplərindən, xalqların öz müqəddəratını müəyyən etmə prinsipindən danışmaq haqqı varmı? Qarabağda ermənilərin haqqını müdafiə edənlər, artıq müsəlman uşaqlara identifikasiya nömrəsi verirlər...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.