Prezident yaralılarla görüşəndə dedi, siz mənim ən yaxınlarımsınız və bu, bütün orduya deyilib- Ali Baş Komandan sizinlədir
23-12-2020, 09:06

Müharibələr, bir qayda olaraq, hərbi sahədə çatışmazlıqları və nöqsanları üzə çıxardır, Adətən ilk döyüşlərin “silkələnməsi” dərhal bir sıra xırda, ancaq zəncirvari təsirinə görə ciddi çatışmazlıqları üzə çıxardır. Misal üçün, məlum olur ki, bəzi mövqelərimiz atəşkəs dövrü üçün pis deyildi, ancaq fəal döyüşlər üçün yaramırlar... müəyyən yerdəyişmələr və əlavə möhkəmləndirmə işləri aparıldı.
İlk hücumlarda obyektiv çətinliklərlə bərabər, çatışmazlıqlar Fizuli şəhərinin alınmasının yubanmasında özünü göstərdi. Fizulinin azad olunmasına həsr etdiyi çıxışında İ.Əliyev çatışmazlıqların olmasını, onların bəzilərinin operativ qaydada qaldırılmasını, bəzilərinin gələcəkdə ordu quruculuğunda nəzərə alınacağını söyləmişdi.
Baş Qərargah rəisi və bir neçə general vəzifələrindən kənarlaşdırılmışlar. Bundan sonra əməliyatlar ildrım sürəti ilə davam etdi. Demək, hərəkətin qarşısını alan əsas maneə qaldırıldı. N.Sadıkovun ordumuzun inkişafına əsas maneə olmasını 2019 il dekabrda yazıb, əsaslandırmışdım. O zaman müxtəlif yerlərdən çoxsaylı müraciətlərə baxmayaraq, statusu silmədim. Məni o zaman danışdıran da məhz müharibə hazırlığı idi, çünki baş verəcəyinə əmin idim və iki il əvvəl vaxtını proqnozlaşdırmışdım, düşünürdüm ki, bu mütləq olunmalıdır.
Ordumuzdakı digər nöqsan və çatışmazlıqların kökü N.Sadıkovun uzun illər ərzindəki idarəçilik fəlsəfəsində və üslubundadır.
Hazırda ordumuz dünyanın ən döyüşkən ordular sırasında yer tutur.
Cəbhədəki müşahidələrim əsasında qənaətimə görə noyabrda atəşkəs bağlanan anda ordumuz əhvalına və gücünə görə daha iki belə müharibə aparmağa qadir idi. Hələ sanki “ikinci nəfəsi” açılırdı...
Ancaq müharibədə çatışmazlıqlar əsgər və zabitlərin fədakarlığı, son dərəcə gərgin əməyi və qəhramanlığı ilə qaldırılırdı. İndi ordu qayıdır atəşkəs halına, eyni zamanda iri qoşun yerdəyişmələri aparılır. Söhbət 100 minlik canlı ordudan gedir. Obyektiv çətinliklər var.
Lakin anlaşılan çətinliklərə bərabər, yerlərdə “sadıkov ənənələrinin”- insanlara laqeydlik, ədalətsizlik, rüşvətxorluq, özbaşınalıq, hərbi hissələrin və obyektlərin komandirlərin hesabına tikdirilməsi, h/h ərazilərin mənimsənilməsi praktikası kimi neqativ halların atəşkəs dövründə yenidən qayıtması yolverilməzdir. Müzəffər ordumuzun müzəffər zabitləri belə halları şərəf və ləyaqətlərinə yaraşdırmamalı, belə hallara dözməməlidilər. Dövlət hərbçilərə kifayət qədər maaş verir, təmin edir, qayğı göstərir. Prezident yaralılarla görüşəndə dedi, siz mənim ən yaxınlarımsınız. Bu, bütün orduya deyilib. Ali Baş Komandan sizinlədir!
Ordu quruculuğunda bundan sonra müsbət dəyişikliklərin olacağına əminliyimin bir səbəbi də Türkiyə SK ilə daha sıx əlaqələrin qurulmasıdır.
Orduda mühitin və kadrların saflaşdırılması ilə rüşvət kimi ordunun ruhuna zidd hallar sıxışdırılıb, aradan qalxacaqlar.
Nazim Bayram
Hərbi ekspert
Teref.az