MEDİA mətbuatı “reanimasiyadan" çıxara biləcək? - Problemlər çoxdur, gözləntilər isə...

16-01-2021, 06:02           
MEDİA mətbuatı “reanimasiyadan" çıxara biləcək? - Problemlər çoxdur, gözləntilər isə...
Mütəxəssislər jurnalistikanın dirçəldilməsini bu amillərdə görürlər: mütəqil yaradıcılıq imkanı, reklam bazarının bərpası və peşəkarlığın artırılması

Məlum olduğu kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.

Fərmana əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

Agentliyin nizamnaməsinə əsasən, qurumun fəaliyyət planı ümumilikdə 4 funksiyadan ibarətdir. Belə ki, 1-ci funksiya medianın inkişafına metodiki dəstək, media mənsublarına təlim- tədrisin təşkili, bu sahədə tədrisin formalaşması ilə bağlı köməkliyin göstərilməsi, 2-ci funksiya medianın inkişafına texniki dəstək, media subyektləri və media subyektlərində çalışan əməkdaşlar üçün təlimlər keçirərək onların peşə və ixtisalarını artırmaq, 3-cü funksiya normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdim olunması, 4-cü funksiya isə maddi dəstək, yəni, media subyektlərinin biznes modelinə keçid mərhələsində fəaliyyət istiqamətinə dəstək və bununla da medianın iqtisadi müstəqillik əldə etməsinə şərait yaratmaq.

Maraqlıdır, bəs, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonudunun (KİVDF) Medianın İnkişafı Agentliyinə (MEDİA) çevrilməsi, media üçün hansı üstünlüklər vəd edir və fəaliyyət planı ilə bağlı gözləntilər nədir? Həmçinin, agentliyin nizamnaməsində media subyektlərinin iqtisadi asılılığını azaltmaq nəzərdə tutulur. Belə olan halda, media orqanlarının biznes fəaliyyətinə bundan sonra necə imkan yaradılacaq və bununla bağlı hansı gözləntilər var?



AYNA suallara ekspertlərlə cavab tapmağa çalışıb.

Onlayn media ilə bağlı maraqlı layihələr düşünürük” - Əhməd İsmayılov

MEDİA İcraçı direkoru Əhməd İsmayılov: “Agentlik fond olaraq fəaliyyət göstərəndə, müəyyən çərçivələr müəyyən olunmuşdu. Bu təşkilati-hüquqi forma da əsasən maddi inkişafa dəstək və s. kimi fəaliyyət göstərmək məqsədi daşıyırdı. Hüquqi baxımdan, bu çərçivələr bizə daha geniş formada media subyektləri və jurnalistlərin problemləri ilə maraqlanmaq və ya keyfiyyət və məzmun baxımdan yeniliklərin gətirlməsinə geniş imkanlar açmırdı. Hazırki agentliyin isə publik hüquqi şəxs statusuna malik olması, bizə daha geniş istiqamətlər açacaq. Nizamnaməyə nəzər salanda da, artıq həm media subyektləri sahəsinin əhatə dairəsinin genişləndirilməsi, həm də agentlik tərəfindən nizamnamədə nəzərdə tutulmuş məqsəd və funksiyaların icrasının genişləndirilməsində bunu açıq şəkildə sezmək olar. Məqsədimiz, hər bir media subyekti ilə ayrı-ayrılıqda biznes fəaliyyətinin araşdırılması, oun təhlil olunması və beynəlxalq aləmdə olduğu kimi, qabaqcıl media biznesinin idarəedilməsi istiqamətindəki aparıcı təcrübənin bizim media subyektlərinə də tətbiq edilməsi imkanlarını araşdırmaq və bunun tətbiqi ilə bağlı layihələrlə dəstək göstərməkdir. Bu, bizə imkan verəcək ki, iqtisadi asılılıq baxımından bizim media subyektləri müstəqilliyini təmin etmiş olsunlar. Çünki media subyektinin birbaşa məqsədi məhz informasiyanın yaradılması, əldə edilməsi və ötürülməsindən mənfəət əldə etməkdir. Biz bu mexanizmin işə düşməsini təmin etməliyik ki, bu gəlirlər vasitəsi ilə media subyektləri özlərinin inkişafına, eyni zamanda mediada çalışan jurnalisltərin sosial təmiantının yaxşılaşmasına, onların peşə hazırlıqlarının artrılmasına yardım edilsin”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli AYNA-ya bildirib ki, son bir ildə media sahəsində belə bir islahatın olmasını zərurət hesab edirdik. O, hesab edir ki, Media İnkişaf Agentliyinin yaradılması həmin islahatların yaradılmasının ciddi başlanğıcıdır: “Son illərdə yaradılan həm ictimai təşkilatlar, həm də dövlət qurumları bu sahədə problemləri aradan qaldıra bilmədilər, əksinə bir çox sahələrdə demək olar ki, iflic vəziyyəti yaratdılar. Ona görə də KİVDF-nin bazasında yeni agentliyin yaradılması və ona ciddi səlahiyyətlərin verilməsi media sahəsində inkişaf üçün müəyyən ümidlər oyadır. Agentliyin nizamnaməsində də göstərilir ki, agentlik jurnalistikanın bütün sahələrini tənzimləməklə məşğul olacaq, hətta media təhsili ilə məşğul olaraq, media qurumlarının fəaliyyətində dünyada gedən trendlərin müasir informasiya-komunikasiya texnologiyaların tətbiqi və stimullaşdırmasını reallaşdıracaq. Hesab edirəm ki, bu, media sahəsində müasir meyillərin reallaşdırılması üçün çox ciddi addım olacaq”.



“Təbii ki, insanları həm də bu qurumun daha çox nə ilə məşğul olacağı maraqlandırır. Qurum əsasən üç istiqaməti əhatə edəcək: birincisi, mediada mövcud qanunvericilik bazasının möhkləndirilməsidir. Çünki bizdə KİV haqqında qanun təxminən 20 il bundan əvvəl qəbul olunub və o qədər dəyişikliklər aparılıb ki, qanun demək olar ki, tanınmaz hala düşüb. Ona görə də həmin qanunu yeniləməyə ehtiyac var. Jurnalistlərin sərbəst işləyə bilməsi, məmurlarla münasibətlərin bəlli hüquq çərçivəsində olması və məlumatları rahat istifadə edə bilmələri üçün qanunverici baza mötəbər və etibarlı olmalıdır. İkincisi, medianın maddi-texniki bazasında olan problemlərin həll olunmasıdır ki, bu da çox ciddi məsələdir. Amma bu, elə bir şəkildə aparılmaldır ki, jurnalistlər maddi-texniki bazanın təmin olunmasından asılı vəziyyətə düşməsinlər, əksinə öz fəaliyyətlərini genişləndirmək üçün müəyyən sərbəstlik və azadlıq əldə edə bilsinlər. Üçüncüsü isə ölkədə söz və fikir azadlığının təmin olunmasıdır”, - professor qeyd edib.



Q.Məhərrəmli önəmli məsələlərdən biri kimi, hazırda onlayn mediada mövcud olan nizamsızlığın aradan qaldırılmalı olduğunu deyib: “Bir tərəfdən mətbuat azadlığı var, digər tərəfdən isə mətbuat azadlığından sui-istifadə edilir. Bu paradoksun yaratdığı ciddi problemlərdən biri də odur ki, həmin media qurumları tamamilə başqa məqsədlərə xidmət edirlər. Yəni, cəmiyyəti məlumatlandırmağa yox, şəxsi problemləri həll etməyə, ədavət aparmağa, şəxsi həyata müdaxilə etməyə yönəlirlər. Təbii ki, bunları etmək olmaz. Bununla bağlı qanunvericilikdə də, jurnalistlərin etik davranış qaydalarında da müddəalar var. Ona görə də hesab edirəm ki, tədricən bu nöqsanlar da aradan qaldırılacaq və beləliklə cəmiyyətin də media qurumlarına etimadı artacaq. Çünki indiki informasiya müharibəsi şəraitində oxucuların media qurumlarına etimad göstərməməsi çox ciddi təhlükələrdən biridir”.



“Təbii ki, media qurumlarının fəaliyyətinin tənzimlənməsi o demək deyil ki, onları asılı vəziyyətə salmaq lazımdır. Çünki bizdə indi bir çox məmurlar tənzimləmə söhbəti ortaya çıxan kimi, medianın fəaliyyətini necə məhdulaşdırmaq haqqında düşünürlər. Əslində, biraz əvvəl də dediyim kimi, agentliyin əsas işlərindən biri ölkədə söz, mətbuat və məlumat azadlığının təmin olunması sahəsində tədbirlər həyata keçirməkdir. Bu isə çox ciddi bir xətdir. Çünki bütün dünyada medianın gələcəyi azad mətbuatla bağlıdır. Azad mətbuat olmasa, təbii ki, bu və ya digər məsələrlə bağlı ciddi problemlər ortaya çıxa bilər”, - mütəxəssis hesab edir.



Q.Məhərrəmli vurğulayıb ki, önəmli olan mətbuatın cəmiyyətə səmimi bir şəkildə xidmət etməsi, jurnalistlərin öz peşə borclarını dürüst bir şəkildə yerinə yetirməsi, media azadlığından sui-istifadə olunmaması, medianın azadlığının qorunmasıdır: “Bununla bağlı da, yeni yaradılan media agentliyinə çox böyük səlahiyyətlər verilib və ümid edirik ki, agentlik cəmiyyətin və media camiəsinin köməyi ilə öz vəzifəsini reallaşdıra biləcək ki, biz nəticədə peşəkar və keyfiyyətli şəkildə cəmiyyətə, Azərbaycanın tərəqqisinə, insanların şüur və düşüncəsninin inkişafına, vətənimizin təhlükəsizliyinə, abadlığına, dövlət intizamına xidmət edək və bütün sahələrdə əhalinin doğru-dürüst məlumatlandırılmasına xidmət edən bir mediaya yiyələnək. Bu, istənilən vətəndaş cəmiyyəti üçün ciddi bir dəyərdir və hesab edirəm ki, media agentliyinin əsas məqsədlərindən biri də bu olmalıdır”.

Mətbuat tarixi üzrə araşdırmaçı, tarix üzrə fəlsəfə doktoru, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı AYNA-ya deyib ki, media sferasında kifayət qədər problemlərin olduğunu məlumdur: “İstər çap mətbuatında, istər onlayn mediada, istərsə də yeni yaranan media strukturlarında bu problemlər var və bu problemlərin qaynağı ölkədə reklam mühitinin olmaması ilə bağlıdır. Məsələn, klassik mediada belədir ki, onların hüquqi statusları var və hüquqi müstəvidə hansısa məsələlərin çözümü mümkündür. Lakin jurnalistika peşəsindən doğan müəyyən məsuliyyət növləri var ki, bunlar sosial mediada ümumiyyətlə gözlənilmir. Bu problemlərin həlli prosesi həm də KİV haqqında qanunlara dəyişikliklərdən keçir. Çünki yeni media bu sistemə yeni problemlər gətirib. Bütün bunların da hüquqi tənzimlənmə prosesində Medianın İnkişafı Agentliyinin mühüm rolu olacaq. Yəni, nizamnamədə bu, nəzərə alınıb. Məsələ burasındadır ki, bu islahatları həyata keçirmək üçün birinci növbədə buna hazır olmaq lazımdır. Yəni, islahatlara start veriləcək dövrə qədər ciddi təhlillərin aparılmasına ehtiyac var. Təhlillər də bundan ibarət olmalıdır ki, medianın ictimai rəyə təsir imkanlarının zəifləməsi hansı faktorlardan asılıdır və bu faktorların aradan qaldırılmasında redaksiyalar nə qədər məsuliyyət daşıyır. Çünki elə məsələlər var ki, bu məsələləri redaksiyalar həll etmək iqtidarında deyillər. Bunlar sırf maddiyyatla bağlı məsələlər də deyil. Bu məsələləri də gündəmə gətirmək lazımdır.



“Təbii ki, islahatlar yeniliklər gətirməklə yanaşı, müəyyən çətinliklər də gətirəcək ki, buna da hazır olmalıyıq. Ona görə də hər bir redaksiya, hər bir media qurumunun bazarı öyrənilməli və dəqiq informasiyalar əldə edilməlidir ki, son nətiəcədə hər hansı yanlış addım islahatların həyata keçirilməsinə maneə törətməsin”, - deyə Aşırlı əlavə edib.



Baş redaktor düşünür ki, yeni agentlikdə yeni yanaşmalar da olacaq və əvvəlki dönəmlərdən fərqli olaraq ciddi monitorinqlər aparılacaq: “Bu da peşə və iqtisadi müstəqilliyin artırılmasına nail olmaq baxımından müəyyən üstünlüklər qazandıracaq”.



A.Aşırlının qənaətincə, bu islahatlar ənənələrdən qaynaqlanan və ənənlərin sıradan çıxarılmasına qarşı çıxaraq köklü şəkildə aparılmalıdır: “Yəni, qanunvericilik aktalarından tutmuş, peşə davranış qayadaları, peşə prinsipləri və jurnalistlərin çalışdığı kollektivlərin yaradıclıq atmofeslərinə qədər, hər nüans nəzərə alınaraq islahatlara gedilməlidir. Əks halda, müsbət nəticə əldə olunmayacaq. Agentliyin nizamnaməsində media subyektlərinin iqtisadi asılılığını azaltmaqla bağlı yer alan bəndə gəlincə, məsələ burasındadır ki, 2000-ci ilin ortalarına qədər müəyyən mənada media qurumlarının reklam bazarı var idi. Bəs, bu gün Azərbaycanda reklam bazarı nə qədərdir? Bunu hələ dəqiq müəyyən edən struktur olmayıb. Düzdür, bəzən bu rəqəmin 10-15 milyon manat civarında olduğu deyilir, amma bu məbləğin böyük hissəsi televiziyalara, müəyyən hissəsi isə sosial şəbəkələrə və saytlara gedir. Geriyə cüzi rəqəm qalır. Yəni, iqtisadi müstəqilliyin artırılması iqtisadi münasibətlərin fonunda baş verməlidir. Hər hansı inzibati yol və əmrlə bunu normallaşdırmaq mümkünsüzdür. Onun üçün də bazar elementləri işlək mexanizmə gətirilməli, qəzet, sayt və televiziyalarımız reklamdan gəlir əldə etməlidirlər. Təbii ki, qarşıya qoyulan məsələlərdən biri də budur”.


“Onu da qeyd edim ki, qəzetlər üçün də iqtisadi müstəqillik nəzərdə tutulmalıdır. Məlumdur ki, qəzetlərin iki qazanc mənbəsi var: satış və reklam. Reklam məsələsi indiki dönəmdə həllini tapmasa da, ən azından qəzetlərin yayım şəbəkəsinin dəyişdirilib, çevik yayım şəbəkələrinin yaradılmasına qərar verilməlidir. Yaxud da, redaksiyaların özlərinə fərdi şəkildə yayım üçün imkanlar yaradılsın. İqtisadi müstəqilliyin artrılması da bununla bağlıdır. Həmçinin, ən əsas məsələlərdən biri də yaradıcılığa münasibətdir. Çünki yaradıcılığa məhdudiyyətlərin tətbiqi qəzetlərin ictimai rəyə təsir imkanını və alıclıq faktorunu axsadan ən mühüm faktordur. Bu məsələlərə də hər bir redaksiya diqqət yönəltməlidir. Əgər, məsələlər bu şəkildə həllini tapsa, qəzetlərin müstəqillik əmsalı arta və qınaq obyektindən kənarda qala bilər”, - deyə, jurnalist vurğulayıb.



A.Aşırlı onu da əlavə edib ki, müxtəlif dildə fəaliyyət göstərən agentliklərin təhlili aparılmalıdır: “Çünki hansısa agentliyin yaydığı xəbərin müxtəlif variantlarını müxtəlif saytlarda görürük ki, bu da xarici auditoriyaya ünvanlansa belə, əslində onlara gedib çatmır. Sadəcə, müəyyən mərkəzlərin istifadə etdiyi rusdilli agentliklər istisnadır. Məsələn, bir neçə il bundan əvvəl belə bir təhlil aparıldı və məlum oldu ki, xaricdən ən çox istinad edilən agentlik “Ayna-Zerkalo” qəzet və saytlarıdır. Çünki Azərbaycanda rusdilli jurnalistika və jurnalistlərin oturuşmuş sistemi var. Bəs, ingilisdilli saytlarda oturuşmuş jurnalist heyətlərimiz varmı? Bu, sual altındadır. Hesab edirəm ki, bütövlükdə media sistemini dəyişmək istəyiriksə, obyektiv təhlil aparmalı və obyektiv təhlilə əsasən problemləri görməli və o problemlərə yönəlik hərəkət etməliyik”.


Media eksperti Ələsgər Əhmədoğlu isə MEDİA-nın yaradılmasına fərqli yanaşır: “Çünki KİVDF-nin yaranmasında da əsas məqsəd əslində, junalistləri və medianı bəlli bir çərçivədə hökumətə müəyyən məsafədə saxlamaq və nəzarətə almaq idi ki, bu da həmin prosesi davam etdirmək məqsədi daşıyır. Çünki mediaya müdaxilə və ya dəstəkləmək baxımından hökumətin heç bir funksiyası olmamalı, sadəcə tənzimləmə funksiyası həyata keçirməlidir. Bunun üçün azad mühit yaratmalı, məhkəmə təminatı verməli və azadlıq verilməlidir. Amma onun necə inkişaf edəcəyi öz daxili rəqabəti ilə mümkün olmalıdır. Bu da hökumətin işi deyil ki, medianı inkişaf etdirsin, yaxud inkişafdan saxlasın. Bu baxımdan, agentliyin yaranması əslində, KİVDF-nin başqa adla mövcud olmasının davamıdır. Bizdə bir ənənəvi yanaşma var ki, bir qurum yaranır, ora rəhbər təyin edilir, bir neçə il o rəhbər oranı idarə edir, sonra o rəhbərlə bərabər qurum da ləğv edilir və yeni qurum yardılıb, yeni rəhbər təyin edilir”.



Ekspertin fikrincə yeni yaradılan agentliyə keçmiş Mətbuat və İnformasiya Nazirliyinin səlahiyyətlərini də əlavə ediblər ki, bu da narahat edici məqamdır:



“Çünki hökumət yalnız çap mediasına maliyyə ayırır, digər elektron media özü-özünü tənzimləməli idi. İndiki halda isə bu quruma bütün KİV-i tənzimləmək səaliyyəti veriblər. Yəni, MEDİA-ya istər çap mediasına, istər onlayn mediaya nəzarət və xüsusən də inzibati məsuliyyətə cəlb olunmasını tələb etmə səlahiyyəti verilib. Bu da gələcəkdə daha böyük problemlər yaradacaq, nəinki, inkişafa təkan verəcək”.



“Burada qurumun özünün bizneslə məşğul olması da nəzərdə tutulub ki, bu da gülünc bir şeydir. Hökumət Azərbaycanda təəssüf ki, bir çox media orqanının təsisçisidir və bizneslə məşğuldur. İndi isə hökumət həm də tənzimləmə funksiyası verdiyi bir quruma, biznes etmək imkanı da verir ki, bu da ümumiyyətlə bazarda həm oyunçu, həm də tənizmləyici olma deməkdir ki, bu, azad rəqabət və ya mənafelərin toqquşması məsələsini gündəmə gətirir”, - deyə Ə.Əhmədoğlu fikrini yekunlaşdırıb.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.