“Dəmir yumruğu” unutdularmı... - GƏLİŞMƏ

20-01-2021, 20:10           
“Dəmir yumruğu” unutdularmı... - GƏLİŞMƏ
44 günlük II Qarabağ savaşında Ermənistan kapitulyasiyaya məcbur edildi, erməni ordusu darmadağın edildi. Hazırda Qarabağda bərpa işlərinə başlanılıb. Ancaq Ermənistanda yenə də revanşistlər qalmaqdadır.

Düşmən ölkədəki bəzi qüvvələr Azərbaycanın öz tarixi torpaqlarını “dəmir yumruqla” geri qaytarması ilə barışa bilmir. Heç şübhəsiz ki, Ermənistanda hansısa qüvvələr revanşa başlasa, Ali Baş Komandanımız İlham Əliyevin dili ilə desək, “dəmir yumruq” işə salınacaq. O zaman şimal qonşumuz Rusiyanın mövqeyinin necə olacağı da suallar yaradır. Doğrudur, sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən Müharibəsində neytral mövqe sərgilədi, amma bunun stabil olmayacağını da unutmaq olmaz...

Baş verənlərin fonunda belə sual da yaranır ki, erməniləri revanşa həvəsləndirən Moskvadakı güclərdir, yoxsa Qərbdəki havadarları?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli dedi ki, mövcud durumdan müəyyən narahatlıqlar var: “Revanşla bağlı Qərbdəki erməni lobbisinin mövqeyi xüsusilə güclüdür. Bu da Paşinyan hakimiyyətinin mənşəyi ilə daha çox əlaqədardır. Həmin qütb II Qarabağ savaşından sonra Rusiyanın və Türkiyənin mövqeyinin regionda güclənməsindən çox narahatdır. Bu məsələdən istifadə edib, ATƏT Minsk qrupu formatını saxlamaq və Qərbin hansısa bir gücünün regiona daxil olmasına çalışırlar. İstəyirlər ki, toqquşmalar təkrar yaşansın. Rusiya isə düşünür ki, beş ildən sonra Qarabağla bağlı məsələlər yenidən aktuallaşacaq. Amma onu aktual edən çoxlu sayda səbəblər var.

Rusiya çalışır ki, Azərbaycan-Türkiyə-Rusiya formatı reallaşsın və bununla beş ildən sonra, yəni rus sülhməramlılarının Qarabağda qalma müddəti bitəndən sonra da regionda mənzillənsin. Bunun da bəzi işartıları görünür. Məsələn, qondarma rejim Qarabağda hələ də qalır, hətta deyərdim ki, yenidən qurulması prosesi gedir. Sonuncu Qarabağ savaşı göstərdi ki, müharibə PUA-lar vasitəsilə aparılır. Rus ordusunun sahib olduğu PUA-lar türk ordusunun sahib olduğu qədər müasir, güclü deyil. S-70 "Oxotnik"lərin istehsalının genişləndirilməsi və modernləşdirilməsi proqramı artıq başlayıb. SU-30 təyyarələrinin beş il sonra ermənilərə verilməsi və PUA-larla erməni ordusunun təmin edilməsi prosesinə də başlanılıb. Hətta özləri inanırlar ki, beş ildən sonra rus sülhməramlıları çıxacaqsa, savaş yenidən başlayacaqsa, bu bərabər imkanlar çərçivəsində olacaq. Ermənistanın müasir PUA-larının o zaman olacağına ümid edirlər. Ona görə də revanş çağırışları kifayət qədər realdır və özü də təhlükəli çağırışlardır”.

Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Ermənistanın Qarabağ müharibəsində məğlubiyyəti, baş nazir Nikol Paşinyanın kapitulyasiya sənədinə imza atması erməni siyasi çevrələrinin, xüsusilə müxalifətin geniş etirazına səbəb oldu: “17 partiyadan ibarət olan “Vətənin Xilası” naminə birlik və onların baş nazirliyə vahid namizədi Vazgen Manukyanın Azərbaycana qarşı revanş çağırışları bu ölkənin növbəti məğlubiyyətinə gətirib çıxarar. Həmçinin, bu ölkə ilə sülh müqaviləsinin bağlanmasının qarşısını alır. Baş nazir Nikol Paşinyan reallıqları nəzərə alıb, hazırda revanş açıqlamalara getmir. Amma Ermənistanın ayrı-ayrı dairələrinin verdiyi bu bəyanat uzun illər formalaşmış anti-türk fobiyasının təzahürüdür. Və bu ölkə ilə normal əlaqələrin gələcək inkişafda qurulmasını təhlükə altına alır. Ermənistan siyasilərinin revanşa hazırlaşmaları və nəyisə dəyişəcəyi mümkün deyil. Bundan sonra onların özlərinə gəlməsinə 30 il var. Ordu məhv edilib və ölkənin siyasi-iqtisadiyyatı dağılıb. Hazırkı prosesdə erməni müxalifətinin bu bəyanatlarının arxasında öz avantüraları durur.

Uzun illərdir ki, ermənilər Rusiyanın regionda maşası olub. Daim Türkiyə və Azərbaycana qarşı düşmənçilik və planın bir hissəsi olublar. Erməni müxalifətinin də bu açıqlaması məhz onların ənənəvi planın bir hissəsidir. Rusiya və digər dairələr daim onların bu niyyətlərindən istifadə edib. Əgər Ermənistanda dairələr xarici qüvvələrin təhriki, xüsusilə Moskvada bəzi dairələrin planı ilə Azərbaycana qarşı təxribata getsələr, əlbəttə ki, Azərbaycan onlara böyük zərbə vuracaq. Prezident İlham Əliyev onlara revanş açıqlamalarına görə “dəmir yumruğun yerində olmasının” mesajını verdi. Bundan sonra Azərbaycan daha da güclənəcək. Türkiyə ilə birgə hərbi koordinasiyalı çalışırıq. Birgə hərbi təlimlər keçirilir. Pakistanla hərbi əməkdaşlıq genişləndirilir. Bu ölkəmizə qarşı ermənilərdən istifadəyə cəhd edənləri neytrallaşdırır. Əgər Azərbaycana qarşı hər hansı bir Ermənistandan silahlı bir cəhd olarsa, Azərbaycan tarixi ədaləti bərpa edib, Zəngəzuru öz ərazisinə qata bilər”.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.