Postpandemiya dövrünə diqqət: Bizi daha nələr gözləyir?

22-01-2021, 07:26           
Postpandemiya dövrünə diqqət:
Sosioloq: “Yaşanan travmaların mənfi nəticələri yaxın 3 il ərzində aradan qalxmayacaq”
Psixoloq: “Mövcud vəziyyət gələcəkdə sosial ünsiyyətsizlik və münasibətlər baxımından baryerlər yaradacaq”
Ağır sınaqlarla tarixə düşən 2020-ci ili geridə qoymuşuq. Keçən il bir çox problemlərlə yanaşı, daha çox koronavirus pandemiyası ilə yadda qaldı və insanların standart həyat tərzi iflic oldu. Artıq dünyanın bir çox ölkələrində, həmçinin Azərbaycanda virus əleyhinə vaksinasiya prosesinə başlanılıb və zamanla pandemiyanın sovuşacağı və insanların normal həyata qayıdacağı ehtimal edilir.

Bəs, dünya koronavirusdan sonra necə dəyişəcək? Postpandemiya dövründə bizi nələr gözləyir?

Sosioloq Sahib Altay AYNA-ya açıqlamasında deyib ki, pandemiyadan əvvəlki və sonrakı dövrü dəyərləndirmək üçün əvvəlcə sosial, mədəni, iqtisadi və siyasi vəziyyəti dəyərləndirmək lazımdır: “Ona görə də gələcək üçün yalnız ehtimallarla danışmaq olar. Ümumiyyətlə, COVID-19-un ortaya çıxması və bütün dünyada təşkil olunan karantin rejimi ilk hadisə deyil və bu günə qədər dünyada müxtəlif epidemiyalarla bağlı bir neçə dəfə karantin elan edilib. Hətta, biz karantin rejimini, təxminən 1 il yaşasaq da, dünyada bir neçə illik karantin rejimləri olub. 18-ci əsrdən bu yana isə hansısa qitədə, materikdə, yaxud bir ölkədə epidemiya baş verərsə, “hüquq çərçivəsində hansı tədbirlər görmək lazımdır” kimi suallarla qarşı-qarşıya qalan hüquqşünaslar, müəyyən hüquq çərçivəsində karantin tədbirlərinin görülməsi üçün layihələr hazırlayıb və bu, beynəlxalq hüquqa əks olunub”.

“Həmçinin, bu tədbirlər və qanun layihələri elmi araşdırmaların əsasında ona əsasən hazırlanıb ki, bioloji olmaqla yanaşı, həm də sosial canlı olan insan hər hansı bir epidemiya ilə üz-üzə qalarsa, bu tədbirlər insanların psixologiyasına, sosial durumuna, iqtisadi vəziyyətinə hansı dərəcədə mənfi və ya müsbət təsirlər göstərə bilər. Elmi araşdırmaların fonunda bu məsələlər nəzərə alınıb və qanun layihələri tərtib olunub. Yəni, karantinin beynəlxalq hüquq üzrə qəbul edilmiş protokolu var. Lakin ölkələrin bu hüquqa nə qədər əməl edib-etmədiyi həmin ölkələrin siyasi, iqtisadi və sosial quruluşuna bağlıdır”, - həmsöhbətimiz bildirib.

“Məsələn, Azərbaycan ötən 1 il ərzində istər dövlət tərəfindən verilən qərarların tətbiq edilməsi, istərsə də həmin qərarların hüquq çərçivəsində həyata keçirilməsi baxımından həmin protokola ölkə olaraq əməl etmədi. Çünki həmin protokola əsasən, karantin 15 gün və ya 1 ay ərzində ola bilər. Amma Azərbaycanda bu karantin dövrü davamlı olaraq 7 aya çatdı. Halbuki, həmin protokola əsasən, davamlı olaraq karantin elan etmək olmaz. Düzdür, insanların təhlükəsizliyini qorumaq üçün bir ölkə 5 il də karantin elan edə bilər. Amma həmin karantin rejimi davamlı olmamalıdır. Məsələn, 1 ay karantin elan edilir, daha sonra müəyyən yumşalmalar olur, ondan sonra yenə də karantin tədbirlərinə keçid edilir, daha bir neçə ay davamlı karantin elan edilmir. Ona görə də iqtisadi, siyasi və sosial vəziyyətin bütün hadisələrdə üçlü analiz edildiyini nəzərə alsaq və psixologiyadan yanaşsaq, düşünürəm ki, karantindən sonra əsas meyillər turizm sahəsinə olacaq. Çünki psixologiyaya əsasən, qadağalar tələbləri artırır. İnsanlar da bir ildir ki, təcrid olunub deyə, daha çox gəzməyə və səyahət etməyə meyilli olacaqlar”, - deyə sosioloq vurğulayıb.

O, post-pandemiya dövründə bütün dünyada 3 illik iqtisadi böhran yaranması ilə bağlı ehtimallara da toxunub: “Ola bilər ki, iqtisadi bazası və ehtiyyat fondları yüksək olan bəzi ölkələrdə bu böhran baş verməsin, yaxud da istehsalçı-sənayeçi ölkələrdə böhran təhlükəsi özünü göstərməsin. Amma istehlakçılığın fonunda öz iqtisadiyyatını yürüdən ölkələrin bu böhranla üz-üzə qalması gözlənilir. Təbii ki, bu da sosial vəziyyət və sosial münasibətlərə mənfi təsir göstərəcək. Həmçinin, karantin dövrü insanlara travma yaşatdığı üçün, yaxın 5 il ərzində insanlarda ürək-damar xəstəlikləri çoxalacaq, orqanizmdə immunitet formalaşsa da, genetik olan viruslar aktivləşəcək. Bununla yanaşı, 1 illik karantin dövrü insanlarda asosiallaşmağa meyli artırdığı üçün, bu asosiallıq travma olaraq qalacaq və yaxın 3 il ərzində mənfi nəticələri aradan qalxmayacaq”.

Altayın sözlərinə görə, karantin dövrünün başqa bir tərəfi isə insanların çarəsiz həyat tərzinə məcbur edilməsi oldu: “Və bu çarəsiz həyat tərzində insanlar inandılar ki, onların inandığı heç bir şey onlara kömək etmədi. Buna baxmayaraq, insanlar inandıqları müəyyən müqəddəs inanclara daha çox sarıldılar. Ona görə də pandemiyadan sonra bəzi inanclı toplumlarda sırf ümidsizlikdən doğan inancsızlıq artacaq, bəzi toplumlarda isə inanclara meyil daha da artacaq. Bu isə toplumların təfəkküründən və dünya görüşündən daha çox asılı olacaq”.

“Bununla yanaşı, pandemiyadan sonra həm insanların təhlükəsizliyi, həm dövlətlərin öz varlığını qoruması baxımından totalitarizm özünü daha çox göstərəcək. Çünki karantin tədbirləri zamanı da gördük ki, dövətlər ayrı-ayrı fərdlərin təhlükəsizliyindən daha çox, öz varlıqlarını qormağa çalışır. Təbii ki, dövlətin əsas xammalı insandır və insan olmasa, dövlət də olmaz. Ona görə də həm insanların təhlükəsizliyini qorumaq, həm iqtisadiyyatın qorunması, həm də siyasi quruluşların-ölkələrin ayaqda qalması üçün yaxın 5 il ərzində totalitarizm özünü daha qabarıq şəkildə göstərəcək. Sadəcə, qadağalar özündən sonrakı inkişafı daha da artırdığı üçün, pandemiya da psixoloji travması və sosial münasibətlərdə yaratdığı soyuqluqla bərabər, müəyyən toplumlarda daha sürətli inkişafa səbəb olacaq”, - müsahibimiz əlavə edib.

Sosioloq istisna etmir ki, pandemiyadan sonra ənənəvi düşüncə sayəsində öz həyatını formalaşdırmış toplumlarda müəyyən ənənələr ixtisara düşəcək: “Əgər, müsbətə doğru addım atmaq istəyiriksə, bunu öncə dövlət həyata keçirməldir. Məsələn, Azərbaycanda ixtisar edilməli olan əsas ənənələr toy və yas mərasimlərindəki israfçılıqdır ki, dövlət bununla bağlı qanun qəbul edib insanların durumuna uyğun formaya gətirə bilər və s. Yəni, sosial münasibətlərlə iqtisadi quruluşlar düz mütənasibdir. Əxlaqdan tutmuş mədəniyyətə qədər bizim sosial fəaliyyətimizi əks etdirən bütün xüsuslar iqtisadi quruluşların əsasında tənzimlənir, yaxud da ki, iqtisadi quruluşlar o dəyərlərin əsasında formalaşır. Dünya iqtisadiyyatında da mənfi və ya müsbət - nə kimi yenilik olsa, sosial münasibətlərimizə də o cür təsir edəcək”.

Yeniyetmeler

Psixoloq Murad İsayev də AYNA-ya açıqlamasında deyib ki, COVID-19 bütün dünyada sosial sükuta səbəb olub və bu da psixoloji problemlərə yol açıb: “Təbii ki, insan səhhətinin əhəmiyyəti birinci yerdə dayandığı üçün, pandemiya yayılmağa başlayanda dövlət səviyyəsində evdə qalmaq məcburiyyəti yarandı. Pandemiyanın yayılması, karantin tədbirləri və bununla da sosial sükutun yaranması insanların biri-biri ilə münasibətlərindəki aktivliyi demək olar ki, sürətli şəkildə aşağı saldı. Ki, bu da insan psixologiyası üçün həddindən artıq mənfi atomosferin yaranmasına zəmin yaratdı”.

“Özünütəcrid prosesi başlayanda, psixoloji baxımdan müşahidələr aparmağa başladıq və insanların cəmi 5 faizinin evdə qaldığı müddətdən aktiv istifadə etdiyini gördük. Baxmayaraq ki, bununla bağlı tövsiyələr, məsləhətlər olurdu ki, insanlar evdə qalsalar da, aktivliyi dayandırmasın, özlərini inkişaf etdirsin, sosiallaşmaq və sosial ünsiyyətdən uzaq qalmasınlar və s. Amma çox təəssüf ki, bu, cəmi 5 faizdən çox olmadı və əksinə, ailələrdə, hətta biri-biri ilə ünsiyyət nəticəsində belə, fəsadların ortaya çıxması müşahidə edildi”, - ekspert bildirib.

“Həmçinin, insanlar evdə qaldıqları müddət ərzində virtual aləmin içinə daha çox daxil oldular və demək olar ki, əsasən də gənclər hər şeyi internet üzərindən həyata keçirməyə başladılar. Artıq valideynlər kompüter limitini idarə edə bilmədilər və gənclər də bundan istifadə edib internetdə daha çox vaxt keçirməyə və virtuallaşmağa başladılar. Bu da sosial passivlik baxımından nəinki Azərbaycanda, bütün dünya miqyasında böyük problemlər yaratdı”, - deyə psixoloq bildirib.

İsayev hesab edir ki, pandemiya və karantin tədbirlərinin yaratdığı passivliyi aradan qaldırmaq üçün uzun zamana ehtiyac olacaq: “Çünki bu passivlik insanlarda sosial ünsiyyətsizlik və münasibətlər baxımından baryerlər yaradacaq. Düzdür, onsuz da virtual aləmdən həddindən artıq istifadə etmək bizim üçün ünsiyyət yaratmaq və münasibət qurmaq baxımından müəyyən əngəllər yaratmşdı, lakin pandemiya və evə qapanmaq bu kimi probemləri daha da artırdı və bu cür problemlərə gələcəkdə də rast gələcəyik. Həmçinin, insanların sosial aktivliyi yenidən artırması baxımından da narahatlıq hiss edirik ki, bunları da aradan qaldırmaq üçün sosial layihələr və psixoloji təlimlərin təşkil edilməsinə böyük ehtiyac olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.