Qarabağda qələbə çalmışıq, yoxsa Azərbaycan da əldən gedib?

31-01-2021, 04:49           
Qarabağda qələbə çalmışıq,
Maraqlı vəziyyət yaranıb. Qarabağ dərdimizdən söhbət açanlar bir birinə daban-dabana zidd olan mövqe sərgiləyirlər. Şərti olaraq belə deyək: Birincilər iddia edir ki, Qarabağ savaşında böyük qələbə qazanmışıq. Xırda-para problemlərə baxmayaraq bütün proseslər Azərbaycanın maraqların təmin olunmasına hesablanıb. İkincilər deyir ki, yalan deyirsiz, qələbə-zad boş söhbətdir. Biz əvvəl Azərbaycanın 20 faizin itirmişdik, indi isə bütün ölkə əldən çıxıb. Azərbaycan Rusiyanın işğalı altındadır. İqtidar Azərbaycanı Rusiyaya satıb...
Başqa fikirlər də var. Ancaq o fikirlər də bu mövqelərin arasında var-gəl edir...
O da maraqlıdır ki, hər bir tərəfin öz arqumenti var və müəyyən faktlara söykənir...
Məsələn, video-görüntülər yayırlar. Məlum olur ki, Rusiya sülhməramlıları Azərbaycan maşınlarının Kəlbəcərə keçməsinə imkan vermirlər. Təbii ki, bu, bizim xoşumuza gəlmir. Bu kimi kadrlardan istifadə edənlərin iddiasına görə, iqtidar xalqı aldadır, Qarabağ ermənilərlə rusların birgə istısmarına verilib və.s. Hətta bir ara deyirdilər ki, Şuaşanı və Hadrutu ermənilərə qaytaracaqlar. İlham Əliyev Şuşanı ziyarət edəndən sonra bu kimi iddialar ortadan yığışıb. Ancaq bu cəbhədə yer alanlar əsasən Qarabağla bağlı neqativ xəbərləri qabartmaqla özlərinin haqlı olduqlarını sübut etməyə çalışırlar...
Mən erməni mətbuatını izləyirəm. Yazırlar ki, üç tərəfli anlaşma Ermənistana qarşı çıxarılmış ölüm hökmüdür. Və o hökmün altında Nikol Paşinyanın imzası var. Təbii ki, Qarabağın iqtidar tərəfindən satıldığını iddia edənlər bu kimi fikirlərin üstündən sükutla keçirlər. Çünki bu kimi fikirlər onların arqumentini alt-üst edir. Bu isə onlara lazım deyil.
Başqa bir misal: ABŞ-ın Azərbaycandakı səfiri Earle Litzenberger Azərbaycanı “ərazi bütövlüyünü bərpa etdiyi” üçün təbrik edib və ABŞ-ın müharibədən sonra Bakının nəzarəti altına keçən ərazilərdə bərpa işlərində iştirak etməyə hazır olduğunu bildirib. Amerika səfirinin "Azərbaycanın işğalçılıq siyasətini toy-bayram etməsi Amerika Erməni Milli Komitəsi tərəfindən şiddətli qınaqla üzləşib". Amerika erməniləri məsələ ilə bağlı izahat tələb edirlər. Bu xəbər isə onu deməyə əsas verir ki, Amerikada iqtidara gələn yeni administrasiya da Azərbaycana xüsusi önəm verir. Yəni, ermənilərin Co Baydenə olan ümidləri cücərməyə macal tapmamış dəfn olundu...
Təbi ki, “iqtidar Qarabağı satıb” deyənlər bu olayı da görməzdən gəlirlər...
Məncə, Qarabağ məsələsində hər kəs öz mövqeyinə uyğun faktları qabartmağa çalışır. Bu isə o deməkdir ki, bizim Qarabağ məsələsinə yanaşmamızda da təmənna var. Biz öz siyasi ambisiyalarımızı da bu müstəviyə daşıyırıq. Bu isə doğru yol deyil...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.