Məmurlarımız nəyə görə "qırmızı xətti" keçirlər?
2-02-2021, 22:33

Dünən ölkə başçısı məmurların “ərköyünlüklərindən” danışdı. Əslində məmurlarımızın qudurğanlığı çoxdan bəllidir. Amma bu faktın dövlət başçısı tərəfindən dilə gətirilməsi onu sübut edir ki, artıq bir çox məmurlar o qədər harınlaşıblar ki, kiminlə və nə danışdıqlarının belə fərqinə varmırlar. Bu olduqca dəhşətli mənzərədir. Ona görə ki, deməli, bəzi məmurlar üçün qırmızı xətt yoxdur. Və bu məmurlar o qədər “çaşıblar” ki, ölkənin başçısına korporativ maraqları üçün birbaşa “təklif” irəli sürürlər.
Ona görə mən tez-tez deyirəm ki, bizim cəmiyyətin dünyada anoloqu yoxdur. Dünyada baş verən proseslər bizim cəmiyyətə qətiyyən təsir edə bilmir. Azərbaycan tamamilə yad planetdir.
Birincisi, Azərbaycandakı məmurlar vəzifəyə məsuliyyət və xalqa xidmət kredosundan yox, biznes marağından baxırlar. Bizdə istənilən vəzifə son nəticədə həmin məmurun biznes fəaliyyəti sahəsinə çevrilir.
İkincisi, bizim hər birimiz ailəmizə dövlət, uşaqlarımıza xalq kimi baxırıq. Və vəzifədə olduğumuz müddətdə bütün qüvvəmizi səfərbər edib “dövlətin” dayaqlarını bərkidir, “xalqın” sosial problemlərini həll edirik.
Üçüncüsü, istənilən məmur özünü xalqın xidmətçisi və dövlətin əsgəri kimi yox, özünü dövlətin özü kimi təsəvvür edir. Bu gün istənilən məmuru tənqid edəndə, o, obyekt kimi özünü yox dövləti görür. Və dövləti tənqid etdiyinə görə qarşı tərəfi ən azı şantaj edir, qorxudur. Bəzi hallarda isə tənqidçini ən sərt şəkildə cəzalandırır.
Dördüncüsü, bizim cəmiyyətdə dövlətlə hakimiyyəti çox vaxt tərəzinin eyni gözünə qoyurlar. Amma normalda bunlar başqa-başqa şeylərdir. Yəni dövlət əbədidir, hökümət isə müvəqqətidir. Amma bizim məmurlar o qədər harınlayıb ki, onlar özlərini dövlət kimi əbədi görürlər.
Beşincisi, bizim cəmiyyətdə vətəndaşa savadına, qabiliyyətinə görə yox, puluna görə hörmət qoyurlar. Nə qədər gerizəkalı olsan belə vəzifən varsa, pulun varsa, nə qədər “qatıq” danışsan da, sənə qulaq asacaqlar. Vəzifəni itirdinsə qışqıracağıq: Kral öldü, yaşasın kral.
Altıncısı, ona görə ki, bizim cəmiyyətdə axmaq bir ənənə var. Hər şeyin yaxşısını rəhbər bilir. Və rəhbər təkcə öz kurasiyasını yox, digər sahələrin də peşəkarıdır. Məsələn, yaxşı mahnı bəstələyir, yaxşı şeyir yazır və ilaxır.
Yeddincisi, cəmiyyətimizdə rəhbər şəxsə ən yaxşı idarəçi kimi baxırıq. Və ona N qədər vəzifə və səlahiyyət veririk. Məsələn, ixtiyari naziri göz önünə gətirək. Onlar nazir olmaqdan başqa ən azı 2-3 federasiyanın və yaxud komissiyanın “başqan”ıdır. Ən balaca məmurumuz isə hansısa universitetin hansısa kafedrasının müdiridir. Amma bir dəfə soruşmuruq ki, “Ay qardaş, bu qədər işin öhdəsindən necə gəlirsən? Ümumiyyətlə, gələ bilirsənmi? Təbii ki, yox. Bütün bunlar bizim mental xüsusiyyətimizdən irəli gəlir. Necə deyərlər: “Bu da mənim, o da mənim, o birisinə məndən başqa əli dəyənin balası ölsün”. Və təbii ki, bir adama bu qədər “etimad” göstərəndə də o şəxs adamlıqdan çıxır, olur qudurğan məmur. Və o qədər qudurur ki, hansı ağacın kölgəsində yatdığını belə unudur.
Bu cür məmur özbaşınalığı isə dövlətimizin əsaslarını sarsıdır, ölkədə sosial narazılığı artırır və Azərbaycanın beynəlxalq imicinə zərbə vurur. Məsələn, bu günlərdə cəmiyyətimiz daha bir beynəlxalq hesabatın xəcalətini yaşamalı oldu. Belə ki, Azərbaycan 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində (Corruption Perceptions İndex) 180 ölkə arasında 129-cu yeri tutub. Beynəlxalq Şəffaflıq (Transparecy İnternational təşkilatının yanvarın 28-də yaydığı hesabatdan görünür ki, Azərbaycan 2019-cu illə müqayisədə 100 baldan 30 bal yığaraq, nəticəsini 3 pillə pisləşdirib. Azərbaycan öz biabırçı yerini Rusiya, Qabon, Malavi və Mali ilə bölüşür. 30 vahidlik indeks isə onu göstərir ki, “korrupsiyanın qavrayış səviyyəsi Azərbaycanda çox yüksəkdir”.
Hesabatda qeyd edilir ki, ölkədəki vəziyyətə COVID-19 pandemiyası güclü təsir göstərib, hökumət “korrupsiyaya qarşı effektiv mübarizə üçün kifayət qədər səy göstərməyib”.
İndi durub kimsə buna etiraz edə bilər. Deyə bilər ki, ölkəmizdə korrupsiya yoxdur. Deyə bilər, ancaq sübut edə bilməz. Çünki korrupsiyanı müəyyən etmək üçün sadə üsullar var. Məsələn, bunu ən xırda idarə müdirinin üzərində tətbiq etmək mümkündür. Bunun üçün əvvəlcə həmən balaca “məmurun” xidməti maşınına baxırıq. Görürük ki, müdirin maşını ən azı gün ərzində 50-60 manat yanacaq yandırır. Bu da edir, ayda ən azı 1500 manat. Amma məmurun aylıq əməkhaqqı 1000 manat deyil. Deməli, hörmətli balaca məmurumuz rüşvət alır. Eyni zamanda, rüşvət verir. Son vaxtlar təkcə 3 rayonun baş həkimi rüşvət üstündə saxlanılıb. Araşdırma zamanı onların otağından külli miqdarda pul, maaş kartları və digər cinayət tərkibli sənədlər çıxıb. Bu da onu göstərir ki, həmin baş həkimlər yuxarılara “dolya” verir. Belə olmasa, onlar 50-60 işçinin maaş kartını seyfində saxlamağa cürət edə bilməzlər. Xəstəxananı bazara çevirməzlər. Nə isə…
Cənab Prezident dünən ürəyimizdən “tikan çıxartdı”. İndi gözləyək görək bu məmurlar nə vaxt öz layiqli cəzasını alacaqlar. Belə bir vəziyyətdə isə bizim üzərimizə düşən vəzifə yuxarıda təsvir olunan məmurları ifşa etməkdir.
İnşallah, növbəti yazılarımızda məmurları daha konkret şəkildə təhlil və ifşa edəcəyik.\konkret.az