“Demokratiyanı beşikdə boğmaq lazımdır” demişdi - təqaüdə göndərilən hakim haqda xatırlamalar
3-02-2021, 10:51

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsinin 74 yaşlı hakimi Südabə Həsənova təqaüdə göndərilib. Baş nazirin sabiq müavini Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva artıq onun yerinə hakim vəzifəsinə təyin edilib.
Ədliyyə sistemində tanınmış simalardan biri olan S. Həsənova 1971-1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləyib. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) Rayon Məhkəməsinin hakimi seçilib və 1979-cu ilə qədər həmin vəzifədə işləyib. 1979-cu ildə xanım Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilib. 1987-ci ilin aprel ayında ədliyyə nazirinin 1-ci müavini kimi nazir vəzifəsini icra edib. 1998-ci ilin dekabr ayından Məhkəmə-Hüquq Şurasının sədri olub. 2000-ci ilin aprelində Ali Məhkəmənin sədri təyin edilib. 2005-ci ilin dekabrından Milli Məclisin qərarı ilə Konustitusiya Məhkəməsinin hakimi idi.
S.Həsənova vəzifədə olarkən zaman-zaman verdiyi açıqlamalar və yaxınlarının adı ətrafında qalmaqallarla mətbuatın diqqət mərkəzində olub.
Nazir olarkən “demokratiyanı beşikdə boğmaq lazımdır” sözləri ilə diqqət mərkəzinə gələn S.Həsənova qardaşı oğlunun əməlləri ilə də diqqət çəkib. Qeyd edək ki, S.Həsənovanın qardaşı Rəşid Həsənov da vaxtilə ölkədə tanınmış simalardan olub. R.Həsənov uzun müddət Əzizbəyov rayonunda (indiki Xəzər) prokuror işləyib. Sonradan əfv fərmanı ilə azad edilmiş qardaş oğlunun adı Bakıda dələduzluq işinə də qarışmışdı.
S.Həsənovanın 2015-ci ildə devalivasiya ilə bağlı qərar verilərkən dilə gətirdiyi tarixi sayıla biləcək sözlər də unudulmayıb. Konstitusiya Məhkəməsinin Plenumu xarici valyutada götürülən kreditlərlə bağlı bankların xeyrinə qərar verərkən S.Həsənovanın reaksiyası belə olmuşdu: “Biz bu il Konstitusiyanın 20 illiyini qeyd edəcəyik. Belə çıxır ki, banklar 20 il ərzində konstitusiyanı pozub?!”
Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, S.Həsənovanın vəzifədə olduğu illəri onun aktiv fəaliyyəti ilə yadda qalıb: “Ədliyyə Nazirliyində, Ali Məhkəmədə olarkən daha çox aktiv fəaliyyətdə idi. Konstitusiya Məhkəməsinin hakimi kimi isə fəaliyyəti o qədər də hiss edilmirdi. Konstitusiya Məhkəməsinin fəaliyyət dairəsi də dardır. Ədliyyə naziri kimi fəaliyyəti haqda müsbət fikirlər də olub, Ali Məhkəmənin sədri kimi mənfi fikirlər də eşitmişik. Hüquq-mühafizə orqanlarında qadınların işləməsi müsbət haldır. Amma bu, ağır sahədir və bu sahədə işləyən hamıya yaxşı ola bilməzlər. Südabə Həsənova da istisna deyildi, o hər kəs üçün yaxşı ola bilməzdi. Bu qanunauyğunluğu qəbul etmək lazımdır. Bu Təhsil və ya Mədəniyyət nazirlikləri deyil ki, fəaliyyəti birmənalı müsbət qiymətləndirilsin. Südabə Həsənovanın fəaliyyəti göz qabağında olub. O, daha çox hakimiyyətin keşiyində dayanan vəzifə sahibi kimi yaddaşlarda qalıb. Ömrünün 50 ilini hüquq-mühafizə orqanına həsr etmiş bu qadına uzun ömür arzulayıram”.
Musavat.com