Sahibkarları hər addımda təqib edən monopoliya... - AKTUAL
10-02-2021, 09:03

Son 11 ayda pandemiya bütövlükdə dünya iqtisadiyyatını iflic etdiyindən hazırda dünyanın əksər dövlətləri, beyin mərkəzləri, beynəlxalq iqtisadi institutlar yaranmış böhrandan sürətli geri dönüş yolları axtarırlar. Əsas hədəf iqtisadiyyatın 2019-cu il səviyyəsinə qaytarılmasıdır. İqtisadiyyatın çarxlarının sürətlə döndüyü, istehsal və gəlirlilik səviyyəsinin yüksək olduğu biznes mühitinin geri qaytarılması üçün əksər dövlətlər plan-proqramların tətbiqinə başlayıblar.
Azərbaycanda isə hələ ki bu istiqamətdə yardımlar edilsə də, bir mexanizm işlənib hazırlanmayıb. Digər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatının problemləri təkcə pandemiya ilə başlamadı, ondan öncə də problemlər var idi ki, onların da başında monopoliya gəlir.
Əslində hökumət 2020-ci ilə məhz iqtisadi islahatların davam etdirilməsi, rəqabətin təmin olunması, məmur-oliqarx biznesinin aradan qaldırılması kimi önəmli mesajlarla başlamışdı, lakin pandemiya bunları ertələdi. İndi postpandemiya dövrü üçün hazırlanan iqtisadi islahat paketlərində bu məqamların da ilk sırada dayanması önəmlidir. Çünki inhisarçılıq və məmur biznesi kimi amillər ölkənin iqtisadi mühitinin əlverişliyini şübhə altına alır və investisiya qoyuluşlarına mənfi təsir göstərir. Son illər vəzifədən çıxarılan, həbs edilən oliqarxların biznes hakimiyyətinə də son qoyuldu, lakin bu da ölkədə inhisarçılığın kökünü kəsməyə yetərli olmadı.
Həm də burada söhbət təkcə qeyri-leqal inhisarçılıqdan yox, həm də dövlətin təbii inhisarlarından gedir. Bir çox sahələr var ki, onların inkişafının qarşısında duran əsas problem dövlət şirkətlərinin monopoliyasında olmasıdır. Məsələn, nəqliyyat sektoru, kommunal sektor, rabitə sektoru və sair. Son nəticədə bu sahələrdə bir neçə dəfə xidmət haqqı və tariflər artsa belə, əhali keyfiyyət dəyişikliyinin şahidi olmur. Bunun da səbəbi məhz təbii monopoliyadır. Bütün bunlar öz yerində. Lakin biz daha çox inhisarçılığın əhaliyə deyil, kiçik və orta sahibkarlığa vurduğu zərbənin üzərində dayanmağa çalışacağıq. Xüsusən də yüksək rütbəli məmurların və ya onların yaxınlarının bizneslə məşğul olması, həmin şəxslərin öz inzibati güclərindən, məhkəmə hakimiyyəti üzərindəki təsir qabiliyyətindən istifadə edərək kiçik və orta sahibkarlığı sıxışdırması həm sonuncuları sıradan çıxarır, həm də bu günə qədər dövlətin həyata keçirdiyi sahibkarlığa yardım proqramlarının nəticələrinə mənfi təsir göstərir.
Monopolistlər arasındakı karter sövdələşmələri, onların dövlət satınalmalarındakı haqsız rəqabət də sıradan sahibkarların qarşısında keçilməz sədd yaradır.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Natiq Cəfərli də vurğuladı ki, monopoliya aradan qalxmadan, ölkədə Rəqabət Məcəlləsi qəbul edilmədən iqtisadi inkişafdan, biznesin inkişafından danışmaq çətin olacaq: “Azərbaycanda inhisarçılıqla bağlı ən böyük problem məmur biznesidir. Burada qanunvericilikdəki boşluqların da rolu var. Bizdə inhisarçılığın əsas formalarından biri məmurların müxtəlif biznes qurumlarına himayəçilik etməsidir. İstənilər iri çaplı məmurun holdinqləri var, biznes maraqları var. Ölkədə inhisarçılığın yaranmasında bu amil ciddi rol oynayır. Amma qanunvericilikdə də boşluqlar var. Məsələn, Rəqabət Məcəlləsi 2008-ci ildə ikinci oxunuşdan keçsə də, hələ də parlamentdə qəbul edilməyib. Məlum olub ki, müxtəlif qruplar bu qanun layihəsinin qəbul edilməsində maraqlı deyillər. İkinci institutsional olaraq, yəni qanunvericilik səviyyəsində ən ciddi problemlərdən biri Azərbaycanın müxtəlif beynəlxalq öhdəliklərdə yer almaq istəməməsidir. Məsələn, Ümumdünya Ticarət Təşkilatı Azərbaycanda ümumi oyun qaydalarının tətbiq olunmasında ciddi rol oynaya bilər. Ancaq 1997-ci ildən başlanan danışıqlar bu günədək yekunlaşmayıb və bilərəkdən Azərbaycan ÜTT-yə üzvlüyü ertələyir, bununla bağlı qərarın verilməsi gecikdirilir. Bundan başqa, Avropa Birliyi ilə ticarət müqaviləsinin, o cümlədən qlobal əməkdaşlıq müqaviləsinin bağlanması da gecikir. Uzun müddətdir danışıqlar gedir və ümid var ki, heç olmasa bu il həmin danışıqlarda bir nəticə olsun. Bu danışıqlardakı tərəddüdlər də, qanunvericilikdəki boşluqlar da Azərbaycandakı inhisarçılığın təşəkkül tapmasında, dərinləşməsində mühüm rol oynayır”.
İqtisadçının sözlərinə görə, bu, ölkəyə mal idxalında və topdansatışda özünü göstərir və bu da son nəticədə qiymətlərə təsir edən mühüm amildir: “Ölkəmizdə monopoliya əsasən İnhisarçılığın əsas forması gömrüklə bağlıdır. Burada isə söhbət dövlət inhisarlarından getmir. Məsələn, benzin, təbii qaz, işıq, su və sair dövlətin təbii inhisarındadır. Pərakəndə satışda isə ölkəmizdə inhisar yoxdur, istənilən şəxs dükan aça bilər, satışla məşğul ola bilər. Ancaq ölkəyə mal gətirilməsində və topdansatış bazarında inhisarçılıq üzə çıxır. Bu uzun illərdir davam edən xəstəlikdir. Söhbət təkcə görünən məqamlardan getmir”.
N.Cəfərli onu da qeyd etdi ki, inhisarçılığın Azərbaycanda ən geniş yayılmış və iqtisadiyyatın inkişafına mane olan formalarından biri də tenderlər, dövlət satınalmalarıdır: “Dünyanın hər yerində dövlət satınalmaları kiçik və orta sahibkarlığın inkişafına töhfə verir, rol oynayır, onlara institutsional dəstək, maliyyə dəstəyi göstərirlər. Bizdə isə tenderlər və dövlət satınalmaları çox dar çərçivədə, bir neçə məmura bağlı şirkətlərlə məhdudlaşır. Nəticə etibarilə kiçik və orta sahibkarlığın bu bazara daxil olması, dövlətin satınalmalarında iştirak etməsinin qarşısı kəsilir. Eyni şəxslərə və ya eyni quruma aid olan şirkətlər müxtəlif adlarla tenderlərdə, dövlət satınalmalarında önə çıxır. Bu da inhisarçılığın diqqətə alınmalı ən vacib məqamlarından biridir. Ona görə də bununla bağlı həm institutsional dəyişikliklərə ehtiyac var, həm də azad rəqabət şəraitinin genişləndirilməsi üçün ölkə daxilində qanunun aliliyinə riayət etmək, məhkəmə hakimiyyətinin müstəqilliyini təmin etmək və sair kimi məsələlərdə ciddi irəliləyişlərə nail olmaq lazımdır ki, bu fundamental səbəblər aradan qalxsın”.
İqtisadçı ekspert Samir Əliyev də məsələ ilə bağlı “Yeni Müsavat”a danışarkən vurğuladı ki, ilk növbədə məmurların bizneslə məşğul olmasına imkan verməyən bir mexanizm yaradılmalıdır: “Monopoliya aradan qaldırılmalıdır, iqtisadiyyatın inkişafı üçün bu çox vacibdir. İnhisarçılığın aradan qaldırılmamasının hazırda əsas səbəblərindən biri Rəqabət Məcəlləsinin uzun illərdir parlamentdə qalmasıdır. Bu qanun monopoliyaya qarşı mübarizə üçün bir hüquqi baza yarada bilər. Ancaq sonradan qanunun işləyib-işləməyəcəyi artıq ikinci məsələdir. O baxımdan mütləq Rəqabət Məcəlləsi qəbul edilməlidir. Digər tərəfdən, məmur sahibkarlığı aradan qalxmalıdır. Məmur nəyə görə sahibkarlıqla məşğul olur? Məmurların dəyişməsi inhisarçılığı aradan qaldırmayacaq. Elə bir mexanizm işlənməlidir ki, yüksəl vəzifələrdə kadrlar dəyişəndə biz narahat olmayaq ki, yeni gələnlər də sahibkarlıqla məşğul olacaq”.
S.Əliyevin sözlərinə görə, Azərbaycanda əsas məqamlardan biri də dövlətin, dövlətə məxsus şirkətlərin xidmət sektorunda fəaliyyətidir: “Məsələn, nəqliyyat sektoru, rabitə sektoru, kommunal sektor və digərləri dövlətin əlindədir. Dövlət şirkətləri bizneslə məşğul olur. Dövlət geri çəkilməlidir və şərait yaratmalıdır ki, sahibkarlar bizneslə məşğul olsunlar. Nə qədər ki, müxtəlif biznes sahələrində dövlət var, orada monopoliya da mövcud olacaq. Bu dəyişməlidir, ya dövlət şirkətləri özəlləşdirilməlidir, ya da uzunmüddətli idarəetməyə verilməlidir. Yəni hər bir halda məmur biznesinin iqtisadiyyata təsirləri aradan qalxmalıdır ki, kiçik və orta sahibkarlar təzyiq hiss etməsinlər.
Bundan başqa, dövlət satınalmalarında sui-istifadə halları var, məmurların şirkətləri bu satınalmalardan istifadə edir. Şərait yaratmaq lazımdır ki, kiçik və orta sahibkarlar bu satınalmalarda iştirak etsinlər. Bu amillər nəzərə alınarsa, yəqin ki, biz nəticəyə nail ola bilərik".
İqtisadçı onu da diqqətə çatdırdı ki, istənilən inhisar son nəticədə qiymət artımına gətirib çıxarır: “Rəqabət həm də ona görə lazımdır ki, qiymətlər düşsün, xidmət və malın keyfiyyəti artsın. Rəqabət olmadıqda qiymətlər də yüksək olur. Çünki bir monopolist şirkətin hansısa zərəri olursa, o zərəri örtmək üçün təklif etdiyi mal və ya xidmətin qiymətini qaldırır və nəticədə bazara təsir göstərir. Nəticədə hamı ondan mal alır, rəqibi yoxdur. Azərbaycanda monopoliya qiymətlərə də birmənalı olaraq təsir göstərir”.
Qeyd edək ki, son günlər ölkədə sürətli bahalaşma gedir və bu xüsusən də ərzaq, gündəlik tələbat mallarında özünü göstərir. Qiymət artımının bu qədər yüksək həddə olmasının səbəbləri arasında monopoliya və rəqabətin zəif olması da var. Ölkəmizdə əksər mal və məhsullar idxal edildiyindən, idxaldakı monopoliya, idxalçı şirkətlər arasındakı karter sövdələşmələri bazarlara, son nəticədə əhalinin sosial durumuna da təsir edir. Bu isə hökumətin əhalinin sosial rifahının yaxşılaşdırılması, pandemiyanın vətəndaşlara vurduğu zərərlərin kompensasiya edilməsi üçün həyata keçirdiyi proqramların effektivliyini azaldır. Bu mənada hökumət həm əhalinin gəlirlərini süni qiymət artımından qorumaq, həm də kiçik və orta sahibkarlığın inkişafı qarşısındakı əngəlləri aradan qaldırmaq üçün monopoliyaya qarşı mübarizəni real mexanizmlər üzərindən aparmalıdır.