Dövlətin iradəsi və Prezidentin qəti mövqeyi: Qazilər hər zaman diqqətdə olacaq

27-02-2021, 17:45           
Dövlətin iradəsi və Prezidentin qəti mövqeyi: Qazilər hər zaman diqqətdə olacaq
44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfərin böyük payı döyüş meydanında olanların üzərinə düşür.

Torpaqları azad etmək üçün şəhidlərlər verildi, döyüş meydanında yaralananlar - qazilər oldu. Bu gün Azərbaycan xalqı birmənalı olaraq vətən uğrunda canından, sağlamlığından keçənlərə borcludur. 10 noyabr bəyanatı ilə bərabər Azərbaycan böyük zəfərini elan etdi və hərbi əməliyyatlar dayandırıldı.

Post-müharibə dövründə əsas diqqət isə döyüş meydanında sağlamlığından keçən qazilərin üzərində idi. Bəzi hallarda qazilərlə bağlı məsələ ciddi müzakirə predmetinə çevrildi. Bu gün də ölkədə ən çox müzakirə olunan qazilərin sosial məsələləridir. Haqlı və haqsız olaraq, bu problemlər sosial şəbəkələri “bəzəməkdə” davam edir. Qeyd etmək lazımdır ki, bəzi hallarda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Döyüşdə iştirak edənlər, canını vətən uğrunda qurban verənlər, sağlamlığını itirənlər birmənalı şəkildə dövlətin diqqət və qayğısı ilə əhatələnib, bəzən bürokratik əngəllər buna mane olsa da, müdaxilələrdən sonra aradan qaldırılır. Çünki caabdeh qurumlar bilir ki, qazilərin sağlamlığı, onların problemlərinin həlli birbaşa Prezidentin nəzarətindədir.

Prezident İlham Əliyev birmənalı şəkildə vurğulayır: onlara hər bir qayğı ilə əhatə olunacaq və gərəkli dəstək veriləcək.

Prezidentin çıxışı bəzi hallarda qaziləri narazı salan, onlara laqeyd yanaşan qurum rəhbərlərinə də bir mesajdır. Çünki bəzən qazilərin hər hansı probleminə laqeyd yanaşan qurumlara da təsdüf edilir.

Döyüşlərdə ayağının birini itirən qazinin pensiyasının kəsilməsi, bir gözü və bir ayağını itirən şəxsə əllilik qrupunun verilməməsi kimi neqativ hallara da təsadüf edilir. Bu baxımdan Prezidentin dedikləri həmin qurum rəhbərləri tərəfindən birbaşa və son xəbərdarlıq kimi qəbul etməlidir.

Prezidentin çıxışı həm də o deməkdir ki, dövlət öz üzərinə düşəni yerinə yetirir və yetirəcək. Məlum olduğu kimi, Prezident İlham Əliyev 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində qazilərin sosial məsələlərinə tam şəkildə aydınlıq gətirdi.

"Ehtiyacı olan bütün qazilərə dövlət tərəfindən lazımi köməklik göstəriləcəkdir. Qazilərə tibbi yardım əsaslı təmirdən sonra açılmış Şağan qəsəbəsindəki reabilitasiya mərkəzində də göstəriləcəkdir. Orada minlərlə qazi hər il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz sağlamlığını bərpa edəcək. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün də ən müasir protezlər sifariş edilibdir. 300-dən çox qazimiz bu protezlərlə təmin ediləcək. Ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi bu protezlərlə təmin edilib və onlar normal həyata dönə biliblər"-deyə, Prezident belə deyib.

Bu, artıq hansısa dövlət qurumunun mövqeyi yox, birbaşa dövlətin iradəsi və Prezidentin qəti mövqeyidir.

Qarabağ Qaziləri Birliyininin mətbuat xidmətinin rəhbəri, Birinci Qarabağ Müharibəsinin qazisi Rey Kərimoğlu Cebhe.info-ya açıqlamasında deyib ki, qazilərimiz, şəhid ailələri, veteranlar hər zaman Prezidentin himayəsində olub:

“İlham Əliyev hakimiyyətə gələndən sonra hər zaman bu insanları diqqətdə saxlayıb. Əgər 10 il bundan qabaq ildə 70-80 mənzil, 50 avtomobil verilirdisə, keçən il 1500 mənzil, 500 avtomobil şəhid ailələrinə, Qarabağ əlillərinə verilib. Ondan əvvəlki il 860 mənzil verilib. Prezident onların pensiya və təqaüdlərinin daim artırılmasını diqqətdə saxlayıb. Dövlət müəyyən işlər var ki, görür. Amma bəzən elə hallar baş verir ki, məmurların ucbatından qazilərə ayrılan diqqət yetərincə olmur. Yəni məmurların əksəriyyəti bu işlərin icrasında böyük nöqsanlara yol verilər. Bu çıxışdan sonra həmin məmurlar başa düşəcəklər ki, Prezident, Birinci vitse-prezident qazilərə hansı ehtiramla yanaşır. Onlar da işlərini bu ehtirama və qayğıya uyğun quracaqlar”.

R.Kərimoğlu əlavə edib ki, əlillik qrupunun təyin edilməsi ilə bağlı Nazirlər Kabinetinin təlimatlarının dəyişdirilməsinə də ehtiyac var:

“Qazilərlə, müharibə veteranları ilə bağlı özəl yanaşma olmalıdır. Bu gün əlillik dərəcələrinin müəyyənləşdirilməsi avtomatlaşdırılıb. Bir qazi Müdafiə Nazirliyindən sənəd alandan sonra gəlib Səhiyyə Nazirliyinə məxsus polikilinakardakı komissiyalarda yoxlanır və səhhətindəki vəziyyət vurulur eloktron sistemə. O sistemdən də Səhiyyə Nazirliyinə, ordan isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkim-ekspert komissiyaları qazini görmədən rəy verir. Amma burada bir nüans var. Tutaq ki, bir qazinin bir əlinin bir barmağı yoxdur, onu yazıblar. Amma o barmaq o şəkildə yoxdur ki, onun əl pəncəsi tamamilə dağılıb. Bunu yazmaqla deyil, həkim görəndən sonra qərar verməlidir. Narazılığın biri də bu gün bununla bağlıdır. Ona görə də biz Qarabağ Qazilər Birliyi olaraq təklif edirik ki, müharibə əlillərini onlayn yox, real qəbul keçirərək müayinə edib qərar versinlər. Görmədən qərar verməsinlər”.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin sədri, tanınmış jurnalist Cavid Şahverdiyev də deyib ki, şəhid ailələrinə, müharibə veteranları, eləcə də Qarabağ qazilərinə diqqət, qayğı bütövlükdə sosial siyasətin prioritet istiqamətlərindən biridir:

“Prezidenti İlham Əliyev bu təbəqədən olan hər bir şəxsə diqqət və qayğısını heç zaman əsirgəməyib. Onlar mənzillə, avtomobillə təmin edilirlər, daxildə və xaricdə pulsuz müalicə alırlar, həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik sığorta ödənişi verilir, səfərbərlik tərəfindən yas mərasiminin təşkili üçün həlak olan şəxsin valideynlərinə 3 000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 300 manat Prezidentinin təqaüdü verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması və s. bu kimi şəhid ailəsinə, müharibə iştirakçılarına, qazilərə dövlət qayğısının bariz nümunəsidir. Bundan əlavə, ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar müxtəlif bədən həsarəti alan əlillərə də dövlət lazım olan hər bir qayğı və diqqəti göstərməkdədir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəli 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir, əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində Prezidentinin təqaüdü ödənilir, əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ olmadıqda II dərəcə əlilliyi olan 130, III dərəcə əlilliyi olan 110 manat məbləğində müavinət ayrılır, əlilliyi müəyyən edilmiş şəxslərə tibb müəssisələrinin göndərişi ilə ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilir, əlil arabası daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, yüksək texnologiyalı protezlər, bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursu keçirlər”.

QHT sədri qeyd edib ki, şəhid ailələri, müharibə əlilləri, qazilərə dövlət qayğısı bu günün reallığı deyil. Hələ 1997-ci ildən başlayaraq ölkənin şəhər və rayon mərkəzlərində çoxmərtəbəli yaşayış binaları, kənd yerlərində isə fərdi yaşayış evləri inşa olunaraq mənzil növbəsində dayanan Qarabağ müharibəsi əlilləri, həmçinin 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin istifadəsinə verilib:

“Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailələri, müharibədə əlil olanlar, qazilərimizə heç vaxt dövlətin qayğısından kənar qalmayıb. Dövlətimiz hər zaman şəhid ailələrinə, qazilər, müharibə veteranlarına qayğı göstərib, onların bütün sosial problemləri həll olunub. Hazırda şəhid ailələrinin sosial təminatının gücləndirilməsi ilə bağlı 20 proqram dövlət tərəfindən dəstəklənir və maliyyələşdirilir. Eləcə də Qarabağ qazilərinin sosial təminatının gücləndirilməsi ilə bağlı 12 proqram həyata keçirilir. İcra olunan layihələr nəticəsində, həmin kateqoriyadan olan minlərlə insanın sosial vəziyyəti ildən-ilə yaxşılaşır. Həmçinin Heydər Əliyev Fondu da hökumətin bu sahədə gördüyü işlərə mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Fond Qarabağ müharibəsi əlillərinə, sağlamlıq imkanları məhdud uşaqlara, məcburi köçkünlərə, aztəminatlı ailələrə və xüsusi qayğıya ehtiyacı olan kimsəsiz uşaqlara böyük köməklik göstərir. Həmçinin yanvarın 25-də Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb. Belə ki, Sərəncama əsasən, 2021-2025-ci illərdə həmin kateqoriyadan olan şəxslərin (ailələrin) mərhələli şəkildə mənzillə təminatı həyata keçiriləcək. Dövlət dəstəyi ilə yanaşı, artıq yeni formalaşan “YAŞAT” Fondu da şəhid ailələrinə, eləcə də Qarabağ qazilərinə xüsusi dəstək nümayiş etdirməkdədir”.

C.Şahverdiyev əlavə edib ki, məmur laqeydliyi, biganəliyi ilə üzləşən şəhid ailələrimiz, müharibə əlilləri, qazilərimizə də var:

“Amma bu məqamları dövlətin adı ilə bağlamaq düzgün deyil. Bundan başqa hökumətin bu istiqamətdə həyata keçirdiyi uğurlu siyasətə kölgə salan radikal qüvvələr, sosial şəbəkələrdə ictimaiyyəti çaşdırmaq üçün məlumatlar paylaşanlar da az deyil. Bunlara qarşı ictimai qınaq olmalıdır. Hər bir məntiqsiz arqumentləri ifşa edilməlidir. Bu davranış heç də təsadüfi xarakter daşımır. Müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa cəhd göstərənlər ancaq kənardan sifariş yerinə yetirirlər. Əminliklə deyə bilərik ki, şəhid ailələri, veteranlarımız, qazilərimiz, müharibə əlilləri hər zaman Ali Baş Komandanımızın ətrafında sıx birləşiblər, dövlət və milli maraqlarımızın müdafiəsindədirlər”.

Vilayət Muxtar
Cebhe.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.