Meşəyə insan gəlib: Qaçıb canınızı qurtarın

31-03-2021, 07:03           
Meşəyə insan gəlib:
Kimsə “ərəb insidenti”nə görə cavab vermədi
Qaxda ərəb turistlərin qanunsuz ov etməsi ictimaiyyətdə bir çox suallar yaratmağa davam edir. Bugünlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2017-ci ildə Qax rayonundakı Acınohur Yasaqlığının 372 hektarının yerli sakinə icarəyə verildiyini bildirdi: “Həmin vətəndaş da müqavilə əsasında xarici qonaqları dəvət edir və onlar orada istirahət edirlər. Bununla bağlı hər hansı məhdudiyyət yoxdur”.

Sosial şəbəkələrdə bu məlumatları şərh edən bir çox vətəndaşımız çaşqınlıqla dövlət qoruğunun bu qədər geniş bir ərazisinin icarəyə verilməsi mümkünlüyünü bilmədiklərini qeyd edirlər. AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, sözügedən ərazi ən aşağı qorunma kateqoriyasına aid ərazidir: “Acınohur çölünün ərazisi 40 min hektar təşkil edir ki, onlardan 26 mini açıq zona, 14 mini isə Qax qoruğunun ərazisidir. Açıq qoruq ərazisi, digər qoruqlardan və milli parklardan fərqli olaraq Nazirliyin deyil, icra hakimiyyətinin mülkiyyətindədir. Ərazidə bir sıra fəaliyyətlərə icazə verilir, xüsusən də otlaq sahələri kimi istifadə edilə bilər. Bu, qanunda da öz əksini tapıb”.

Ekoloq Fikrət Cəfərov də Acınohur Yasaqlığının çox məhdud mühafizə funksiyalarına malik olduğunu deyib: “Orada tez-tez iqtisadi fəaliyyət üçün şərait yaradılır. Torpaq sahibi belə, qoruqda nəzərdə tutulan bu və ya digər qorunan növlər statusuna riayət etməklə, fəaliyyətinə özü nəzarət edə bilər. Əlavə tədbirlərin görülməsinə ehtiyac görmürəm. Hər şey qanunvericilikdə yazılıb”.

Başqa bir sual, bunun necə həyata keçirilməsidir. Yəni qanunun icrasına necə nəzarət edilməlidir?

“Ruzgar” İctimai Birliyinin sədri İslam Mustafayev əmindir ki, qoruqların ya icarəyə verilməsinə ehtiyac yoxdur, ya da icarəyə götürülürsə, bu, 370 hektar kimi nəhəng ərazi bir olmalı deyil. Bundan əlavə, icarənin daha sərt şərtlərinə ehtiyac var: “Həyətinizdə nəsli kəsilməkdə olan bir ağacınız varsa, xüsusi mülkiyyətinizdə olsa belə, onu kəsməyə haqqınız yoxdur. Və icarəçilərin fəaliyyətlərinə daha çox nəzarət edilməli və pozuntular halında, ciddi şəkildə cəzalandırılmalıdır”.

“Hər şeyin öz axarı ilə getməsinə icazə vermək olmaz. Bəlkə, elə bu torpağı icarəyə götürən şəxs orada çətənə yetişdirəcək? Və niyə faunanın nadir növlərinin yaşadığı ərazidə ovçuluq faəliyyəti aparılmalıdır? Ərəblər oraya səyahət şirkətləri vasitəsi ilə gəlirlər, icarəçilərə pul ödəyirlər. Ancaq turistlərin dincəlməyə gəlməsi bir şeydir, nadir fauna növlərini ovlamaları başqa şey”, - deyə Mustafayev bildirib.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov, ümumiyyətlə qoruqların ərazisinin icarəyə verilməsinin əleyhinədir: “Çünki burada qorunan növlər var. Belə zonalar icarəyə veriləcəksə, yalnız icarəçinin bu zonanın ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün öhdəlik götürməsi şərti ilə ola bilər. İndi hər şey əksinə baş verir”.

“Belə ərazilər icarəyə verilməzdən əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi müqavilə ilə tanış olmalı və bunun nə dərəcədə məqbul olduğuna və icarəçinin bu əraziyə hansı zərəri vura biləcəyinə dair qərar verməlidir. Bundan əlavə, Nazirli yerli icra hakimiyyətləri ilə birlikdə icarəyə götürülmüş sahələrdə baş verənləri vaxtaşırı izləməli, ərazinin qanunların pozulmadan istifadə olunduğundan əmin olmalıdır ”, - deyə ekoloq vurğulayıb.

Azərbaycan Heyvanların Qorunması Cəmiyyətinin heyvan haqları üzrə inzibatçısı, ETSN yanında İctimai Şuranın üzvü Fərid Mansurov Acınahur Yasaqlığında beş gündür ekoloji cinayət törədildiyini qeyd edib: “Ovçuluq mövsümünün 26 fevralda başa çatmasına baxmayaraq, ov qoruğun ərazisində həyata keçirildi. Ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər məsul strukturlar buna göz yumdu. İndiyə qədər ərəblər üçün bir ov turu təşkil etdiyinə görə nə bir turizm şirkəti, nə onlara “krışalıq” edən məmurlar, nə də icarəçi cərimələndi”.

“Biz, İctimai Şura üzvləri, baş verənləri öyrənən kimi ilk gündən həyəcan təbili çalmağa başladıq. Ancaq hakimiyyətin yuxarı eşelonları müdaxilə edənə qədər bizə məhəl qoyulmadı”, - deyə o bildirib.

İcarə məsələsinə gəlincə, Mansurova görə, qanun fermerlərə icarə əsasında belə ərazilərdə məhdud miqyasda kənd təsərrüfatı fəaliyyətini həyata keçirməyə imkan verir: “Ancaq qanun fermerə icarəyə verdiyi torpağı başqasına vermək hüququ vermir. Qoruqların ərazisini icarəyə vermək səhv addımdır. Çünki bu, təbiət üçün mənfi nəticələrə səbəb ola bilər”.

Müəllif: Elya Belskaya












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.