Xarici universitetlərin diplomu hansı halda tanınmır? Araşdırma

8-04-2021, 00:06           
Xarici universitetlərin diplomu hansı halda tanınmır? Araşdırma
"Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir".
Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi ötən ay diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb. Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, 10 universitetin 851 halda diplomuna imtina verilib. Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir.

Qeyd edək ki, Təhsil Nazirliyi vaxtaşırı saxta diplomlarla bağlı məlumat yaysa da, bu universitetlərə Azərbaycandan tələbə qəbulu davam edir. Adları sadalanan universitetlərdə təhsilini başa vuran məzunlar isə diplomlarının saxta olduğunu ən sonda, ali təhsil haqqında sənədin tanınması üçün müraciət edib rədd cavabı aldıqda anlayırlar.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyi tərəfindən diplomları tanınmayan universitetlərin hər il siyahısı çıxsa da, bu ali təhsil müəssisələrinə qəbul davam edir: "Təhsil Nazirliyi cəmiyyəti bu barədə mütəmadi olaraq məlumatlandırır. Amma buna baxmayaraq Azərbaycandan hər il yüzlərlə gənc Ukrayna, Gürcüstan və Dağıstandakı ali təhsil müəssisələrinə müraciət edir. Belə demək olar ki, Azərbaycanda gənclər öz gəncliyini mənasız yerə sərf edirlər. Düşünürəm ki, diplomu tanınmayan xarici universitetlərlə bağlı xeyli maarifləndirmə işləri aparılmalıdır. Uşaqların çoxu təhsil şirkətlərinin qurbanına çevrilir".

İ.Orucov deyir ki, bəzən tələbələri diplomu tanınmayan xarici universitetlərlə əlaqələndirən təhsil şirkətləri televiziyalarda özlərini reklam edirlər: "Onlar hətta televiziyalarda ayrıca verilişlər açır, həmin universitetləri təbliğ edirlər. Televiziyalar belə təhsil şirkətləri ilə bağlı ehtiyatlı olmalıdırlar. Nəzərə almaq lazımdır ki, bu, xeyli sayda tələbənin həyatı ilə oynamaq deməkdir. Çünki həmin təhsil şirkətlərinin vasitəsilə Ukraynada, Gürcüstanda, Dağıstanda və digər xarici ölkələrdə təhsil alanlar sonda lazımsız sənədə sahib olurlar. Bu gün məhkəmələrdə nə qədər belə işlər var ki, həmin universitetlərin məzunları diplomlarının tanınması üçün çalışırlar".

Ekspert iddia edir ki, əvvəllər diplomların tanınması ilə bağlı müəyyən qanunpozuntuları olsa da, indi Təhsildə Keyfiyyət Təminatı Agentliyi şəffaf fəaliyyət göstərir:

"Necə olur ki, Ukraynada rus dilində təhsil alan məzunlar sonda rus dilində 5 cümlə belə danışa bilmirlər? Ona görə də saxta diplomlu şəxslərin ölkəmizə heç bir faydası yoxdur. Əmək bazarında bu gün diplomlu, amma ixtisası üzrə savadlı kadrlara ehtiyac var. Ona görə də gənclər də bu məqamı nəzərə almalı, savadsız diplomun əhəmiyyətsiz olduğunu anlamalıdırlar".
İ.Orucov bildirir ki, Təhsil Nazirliyi xaricə diplomu tanınmayan universitetlərə tələbə aparan təhsil şirkətləri ilə mübarizə apara bilmir: "Təhsil Nazirliyi çox maarifləndirmə işi aparsa da, belə şirkətlər fəaliyyətlərini davam etdirirlər. Onlar hüququ şəxs kimi qeydiyyata düşərək tələbə qəbulunda həmin universitetlərə köməklik göstərirlər. Nəticədə özləri də xidmət haqqı alırlar. Ona görə də bu cür şirkətlərlə hüquq mühafizə orqanları da işləməlidir".

Təhsil şirkətləri ilə əlaqə zamanı da onların adları sadalanan universitetlərə tələbə qəbulu apardıqlarını öyrəndik. Əlaqə saxladığımız bir neçə təhsil şirkətindən bildirildi ki, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, V.N.Karazin adına Xarkov Milli Universiteti dövlət ali təhsil müəssisələri olduğundan onların hər birinin diplomu Azərbaycanda tanınır. "İnterstudent" təhsil şirkətindən Sputnik Azərbaycan-a bildirdilər ki, onlar adları çəkilən universitetlərə tələbə qəbulunu davam etdirirlər: "Bu universitetlərin diplomlarının tanınmadığı barədə məlumatlar doğru deyil. Bizim vasitəmizlə təhsil alan məzunların diplomları tanınıb. Çünki Azərbaycan qanunvericiliyində də qeyd olunub ki, dövlət qeydiyyatına alınan ali təhsil müəssisələrinin verdiyi təhsil haqqında sənəd tanınır. Bu universitetlərin verdiyi diplom mavi diplomdur, tanınmama ehtimalı yoxdur".

Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı da məlum olub ki, diplomlarına imtina verilən xarici universitetlərin heç də bütün tələbələri eyni aqibətlə üzləşmir. Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Sputnik Azərbaycan-a bildirildi ki, xarici ali təhsilə aid kvalifikasiyaların tanınması üzrə müraciət edən ərizəçilər barədə mənfi qərarların verilməsinin səbəbləri var: "2017-ci ildən etibarən verilən imtinaların 25 faizi ümumilikdə 10 ali təhsil müəssisəsini əhatə edir. Ona görə də biz həmin universitetlərin adlarını açıqlamışıq. Amma adları sadalanan universitetləri bitirib diplomları Azərbaycanda tanınan məzunlar da var. Çünki həmin universitetlər dövlət universitetləridir, akkreditasiyaları var. Həmin ali təhsil müəssisələri tələbələrinə ali təhsil standartlarına cavab vermədiyi, təhsil müəssisəsində tələb olunan müddətdən dəfələrlə az iştirak etdiyi və təhsil aldığı dildə sadə ünsiyyət belə qura bilmədiyi hallarda da məzun olduqda diplom təqdim edir. Bu səbəbdən Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşları seçim edərkən daha da diqqətli olmağa çağırır".

Məlumat üçün qeyd edək ki, Azərbaycan ərazisində xarici dövlətlərin ali təhsil sahəsində ixtisalarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli qərarı ilə tənzimlənir. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən diplomu tanınmayan tələbələrin məhkəməyə müraciət etmək hüququ var.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.