Sülhməramlı qüvvələrin parad keçirmək hüququ varmı? - ekspertlərin fərqli baxışı
22-04-2021, 10:43

Noyabrın 10-dan sonra Qarabağa yerləşən rus sülhməramlı qüvvələri ürək bulandırmaqla, Azərbaycan ictimaiyyətində qıcıq oyatmaqla məşğuldurlar. Sülhyaratma prosesini həyata keçirməli olan, missiyası sülhü təmin etmək olan rus qoşunları özlərini Qarabağda ev sahibi kimi aparırlar. Azərbaycan cəmiyyətinin səbr kasasını daşıran bu hərəkətlərin növbəti addımı 9 May paradına hazırlıqdır.
“Yeni Müsavat” bildirir ki, sülhməramlı qüvvələrin Azərbaycan şəhərində parad təşkil etmək niyyəti əsəbləri tarıma çəkmək deməkdir. Rəsmi Bakı münasibət bildirməsə də, ayrı-ayrı siyasətçilər etirazlarını ünvanlamaqdadırlar. Ümumiyyətlə, özlərini ermənilərin qahmarçısı kimi göstərən sülhməramlılar razılaşmanın bəndlərinə zidd fəaliyyət göstərirlər. Onların Dağlıq Qarabağ ərazisində evlər tikməsi, modul tipli məntəqələrin sayını artırması, Rusiya müdafiə nazirinin müavininin Bakı ilə razılaşdırmadan Xankəndinə səfər etməsi, indi də parad hazırlığı Azərbaycana qarşı hörmətsizikdir.
O baxımdan ekspertlər sülhməramlıların mandatının müəyyən edilməsinin vacibliyini vurğulayırlar. Əks halda, Qarabağdakı Rusiya sülhməramlıları 9 May qələbə paradını da keçirəcək, onların komandanı general Rüstəm Muradov Qarabağda erməni milyonçularla da görüşlərini davam etdirəcək, separatçı rejimin quldurbaşı Araik Arutyunyanla da öpüşüb-qucaqlaşacaq. Bu proses Azərbaycan ictimaiyyətində xoş qarşılanmır, dövləti də qıcıqlandırır və müxalifətin əlinə arqumentlər qazandırır.
Bəs Bakının bu hadisələrə, parada cavabı necə olmalıdır? Azərbaycanla Rusiya Qarabağda toqquşa bilərmi? Hələlik nəzəri cəhətdən belə bu perspektiv görünmür, ancaq hansı yol qalıb ki, biz sülhməramlıları neytrallaşdıraq?! Ən azından bu tədbir Azərbaycanla razılaşdırılmalıdır. Əlbəttə, 9 May qələbə günü Azərbaycanda da qeyd olunur. Çünki faşizmə qarşı mübarizədə 300 min azərbaycanlı ölüb. Odur ki, parad zərərli deyil. Sadəcə, Bakıdan soruşmamış Xankəndində özünü şəhərin ağası kimi aparmaq təbii olaraq etirazla qarşılanmalıdır.
Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın Azərbaycan ərazisində parad keçirmək ixtiyarı yoxdur. “Beynəlxalq hüquqa görə, başqa dövlətin ərazisində tədbir keçirilirsə, əvvəlcədən razılaşdırılmalıdır. Bu, Rusiyanın növbəti təxribatıdır. Əsasən də daxilə hesablanmış provokasiyadır. Xüsusən qarabağlıları qəzəbləndirməkdir ki, cəmiyyətlə dövlət arasında narazılıq yaransın”, - deyə analitik qeyd etdi.
Onun fikrincə, Putinin Xəzər dənizinə nümayəndə təyin etməsi də bu təxribatın tərkib hissəsidir: “Rusiya bu addımı o zaman ata bilərdi ki, xarici dənizə, sonra daxili dənizə nümayəndə təyin eləsin. Ümumiyyətlə, Rusiya provokasiyaları intensivləşdirib. Azərbaycan ”İsgəndər" raketləri məsələsini gündəmə gətirdi, Hərbi Qənimətlər Parkında həmin raket nümayiş olundu. İndi Moskvadan izahat istənilir ki, “M” modifikasiyalı raket yalnız sizdə ola bilər, necə ermənilərin əlinə keçib, buna cavab vermirlər. Mən sizə deyim ki, həmin silahlar baş nazir Mixail Mişustinin öz təyyarəsində gətirilib və tək Şuşaya yox, elə Bakıya da atıblar".
C.Nuriyev hesab edir ki, Rusiya Qafqazda məğlub olmasının acığını bu şəkildə çıxır: “Rusiya imperiya ambisiyalarından əl çəkməyib. Azərbaycan, onun mediası bu təxribatlara hazır olmalıdır. Təxribatların arxasında Putinin layihəsinə qoşulmaq dayanır. Onların parad keçirməsi ilə bağlı üçtərəfli bəyanatda heç bir bənd yoxdur. Nə hüququ, nə səlahiyyəti var ki, parad keçirsinlər? Ona görə tək Prezidentdən mövqe gözləməli deyilik, Milli Məclis toplanmalıdır, Xarici İşlər Nazirliyi Rusiyanın Bakıdakı səfirini çağırıb nota verməlidir, Müdafiə Nazirliyi mövqeyini bildirməlidir, siyasi partiyalar toplanıb birgə bəyanat qəbul etməlidir, 4000-dən çox QHT var, onlar beynəlxalq təşkilatlara müraciət etməlidir. İndiki şəraitdə Azərbaycan Prezidentinin ətrafında sıx toplaşmalıyıq, informasiya müharibəsini gücləndirməliyik”.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin bu məsələdə mövqeyi fərqlidir. Onun fikrincə, 9 May paradı qadağan olunmuş tədbir deyil: “Özümüzün etdiyini başqası edəndə niyə tənqid edirik? Bu hərəkət Azərbaycanın suveren hüquqlarına təhlükə törətmir. Rusiyanın milli bayramı olsa, sülhməramlılar onu da qeyd edə bilərlər. Bunun üçün üçtərəfli bəyanatda hansısa razılaşma bəndi göstərməyə ehtiyac yoxdur”.
F.Mehdiyevin sözlərinə görə, əgər paradı hərbi güc nümayişinə çevirirlərsə, rus hərbi texnikasını göstərirlərsə, bu, başqa məsələ olar: “Yəni biz də parad keçiririk. Bu fəaliyyətin özündə qanunsuzluq yoxdur. Postsovet ölkələrin hamısı 9 May paradı keçirir. Ona görə təkcə Qələbə gününü deyil, sülhməramlılar başqa bayramları da qeyd edə bilərlər. Mən təbii ki, onların fəaliyyətini tam bəyənmirəm, amma hər məsələdə də səhv axtarılmasının əleyhinəyəm”.
Siyasi şərhçi Ramiyə Məmmədova hesab edir ki, Xankəndi paradı simvolik ola bilər, amma Rusiya sülhməramlılarının davranışları bəyənilən deyil: “BMT-nin başqa ölkələrdə sülhməramlı mandatı olan qüvvələri var, hansı biri parad keçirir, yaxud komandanı tərəflərdən biri ilə öpüşüb-görüşür? Muradov Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmiş terrorçu Araiklə əl sıxır, ermənilərin Qarabağdakı milyonçuları ilə söhbətləşir, ermənilərə evlər tikirlər. Buna rəsmi səviyyədə cavab verilməlidir”.
Hərbi ekspert Ədalət Verdiyev bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, müqaviləyə əsasən Rusiya sülhməramlılarının Qarabaga girişi ilə paralel olaraq Ermənistanın qanunsuz birləşmələri çıxmalı idi. “O bəyanatda maraqlı olan, ora qol çəkən elə Rusiya idi. İndi nəinki o birləşmələri çıxardır, əksinə, Qarabağa yeni qüvvələr cəlb edir, Qarabağda qalmaqla yanaşı, həm də parad keçirir. Parad, təntənəli keçid və yürüş arasında fərqi bilməliyik. Onların Xankəndində öz qələbəsini yürüşlə (parad deyil) qeyd etməsi bizi qıcıqlandırır. Bəs bizim özümüzünkülər Bakıda bunu qeyd etsələr, nə deyəcəksiniz, necə etiraz edəcəksiniz? Etiraz aksiyası keçirsəniz, yerini mənə də yazın, gəlib baxmaq istəyirəm”. Ekspert qeyd edib ki, Suriyada da onların paradı yox, yürüşü olacaq.