Məmur həbsləri: Azərbaycan öz daxilində də yeni realıq yaradır
27-04-2021, 11:22

2019-cu ilin dekabrından etibarən Prezident İlham Əliyevin kadr islahatları daha qətiyyətlə davam etdirilməyə başladı. Pandemiya ilə əlaqədar diqqətlərin başqa istiqamətə yönələcəyini düşünənlər yanıldılar. Regional səviyyədə, icra hakimiyyəti başçılarından başlayan nəzarət və yoxlamalar Mədəniyyət Nazirliyində, Dövlət Sərhəd Qoşunları Xidmətində, Xarici İşlər Nazirliyində davam etdirildi.
Ötən il may ayının əvvəlində yeni Baş prokurorla görüşdə dövlət başçısı rayon icra hakimiyyəti başçılarının həbsindən danışarkən o, korrupsiyaya qarşı mübarizənin vacibliyini və "heç kəsin məsuliyyətdən qaça bilməyəcəyini" vurğulayıb, daha sonra isə bəyan edib ki, "heç kəs qanundan üstün ola bilməz və Azərbaycan cəmiyyəti korrupsiyadan, rüşvətxorluqdan azad olmalıdır” demişdi. Bir neçə gün öncə koronavirus xəstələrindən rüşvət faktlarına görə həbs olunan 2 xəstəxana rəhbəri, daha sonra Səhiyyə Nazirinin işdən azad edilməsi, dünən Şəmkir rayon İcra başçısının saxlanılaraq Bakıya gətirilməsi xəbərləri Qarabağ müharibəsindən sonra dünyada yeni geosiyasi reallıqlar yaratmış Azərbaycanın öz daxilində də başqa realllıqlarla yaşayacağını deməyə əsas verir. Azərbaycan ictimai-siyasi kataklizmlərlə deyil, təkamül yolu ilə inkişaf edir.
“Hər bir dövlətin milli gücünü müəyyən edən mühüm amillərdən biri milli maraqlara və müasir çağırışlara müvafiq strateji kursun həyata keçirilməsidir. Təbii ki, burada çevik və səmərəli idarəetmə sisteminin formalaşdırılması xüsusi yer tutur. Çünki həm islahatların davamlılığının təmin olunması, həm də neqativ hallara qarşı təsirli mübarizə mexanizminin yaradılması üçün idarəetmənin effektivliyinə nail olmaq gərəkdir. Bu kontekstdə Azərbaycan təcrübəsi mütərəqqi nümunə kimi dəyərləndirilə bilər. O mənada ki, ölkədə həm müxtəlif sahələri əhatə edən kompleks reformalar həyata keçirilir, həm də korrupsiya, rüşvətxorluq kimi ictimai sistemi zədələyən sosial bəlaya qarşı ciddi mübarizə aparılır”. Bu fikirləri “Bizim yol”a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Nurlan Qələndərli
Politoloq bildirib ki, korrupsiyaya qarşı mübarizə dövlətin ictimai-sosial və mənəvi-siyasi dayaqlarının möhkəmləndirilməsi baxımından böyük önəm daşıyır:
“İnsan faktoru ilə əlaqədar olan rüşvətxorluq, korrupsiya kimi mənfi hallar bütün cəmiyyətlərdə hökm sürür. Burada vacib strateji nüans bu problemə qarşı mübarizədə siyasi iradənin sərgilənməsidir. Azərbaycanda korrupsiyaya qarşı mübarizə sistemli islahatlar strategiyasının tərkib hissəsidir və davamlı xarakter daşıyır. Təsadüfi deyil ki, bu proses ictimai rəydə də öz müsbət qiymətini alıb, yəni korrupsiya ilə mübarizə istiqamətində atılan addımlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlətin bu strateji kursuna ictimai dəstəyin göstərilməsi, bəhs olunan prosesdə dövlət-vətəndaş birliyinin təmin olunması təqdirəlayiq haldır və mühüm nəticələr əldə etməyə imkan verir”.