Ərdoğan dünyanın taleyini DƏYİŞƏ BİLƏR: ABŞ və ya Çinin hegemonluq şansları onun QƏRARLARINDAN ASILIDIR
10-06-2021, 09:01

ABŞ prezidenti Türkiyəyə münasibətdə prinsipial və strateji seçim etmək məcburiyyətində qalıb; Yanlış seçim edərsə, Co Bayden Donald Trampın “O, ABŞ-ı məhv etmək istəyir” iddiasını reallığa çevirməyə başlamış olacaq…
ABŞ-ın xarici siyasət kursunda kifayət qədər ciddi problemlər mövcuddur. Ağ Ev əməkdaşlıq etdiyi ölkələrlə, hətta NATO üzrə strateji müttəfiqləri ilə belə, təlimat üslübunda davranmağa üstünlük verir. ABŞ-ın xarici siyasət kursunun bu dəyişməz üslubu isə istər-istəməz tərəfdaş ölkələrdə narazılıq doğurur.
Prezident Co Baydenin hakimiyyətə gəlişindən sonra ABŞ-ın bu vərdişləri daha da sərt məzmun almağa başlayıb. Əslində, bu, o qədər də gözlənilməz deyildi. Çünki prezident Co Bayden seçki qələbəsindən sonra “ABŞ beynəlxalq məkana geri dönür. Son illərdə itirdiyiniz mövqeləri geri qaytaracağıq” deməklə, bu barədə xəbərdarlıq da etmişdi.
Bayden administrasiyası Ağ Evin keçmiş sahibi Donald Trampın dövründə yürüdülən xarici siyasət kursundan narazı olduğunu gizlətmirdi. Belə hesab olunurdu ki, Tramp administrasiyası ABŞ-ın onilliklər boyu qazandığı beynəlxalq hegemonluğu artıq əldən verib. Bəzi regionlarda ABŞ-ın maraqları təmin edilmir və tərəfdaş dövlətlər Ağ Evin təsir dairəsindən çıxa biliblər. Və ona görə də, ABŞ-ın gələcəyini xilas etmək üçün mütləq son illərdə üzləşilən itkiləri mütləq qısa müddətdə bərpa etmək lazımdır.
Təbii ki, bu niyyət Bayden administrasiyasının fəaliyyətə başladığı andan yürütdüyü xarici siyasət kursunda özünü biruzə verdi. Rusiya və Çin ABŞ-ın beynəlxalq düşmənləri elan edildi. Rusiya ilə açıq qarşıdurma mərhələsinə start verildi. Üstəlik, ABŞ-ın NATO üzrə strateji müttəfiqi olan Türkiyəyə qarşı birbaşa təzyiq kompaniyası başladıldı, hətta “genosid avantürası”na belə, əl atıldı.
Ancaq ən qısa müddətdə anlaşıldı ki, bu yeni siyasi kurs ABŞ-a gözlənilən uğuru vəd etmir. Əksinə, ABŞ-a qarşı ciddi müqavimət dalğası baş qaldırır. Hətta Ağ Evdən narazı qalan bəzi dövlətlərin siyasi-strateji bloklaşmaya meyillənir. Və Ağ Evin bütün bunların qarşılığında ehtiyat variantı isə mövcud deyil.
Maraqldır ki, Bayden administrasiyasının bu aqressiv xarici siyasət kursunu keçmiş prezident D.Tramp tam dəqiqiliyi ilə şərh etməklə, Ağ Evin davranışlarını kəskin şəkildə tənqid etməyə başlayıb. Onun fikrincə, prezident Co Bayden ABŞ-ın dağıdılması prosesinə start verib: “Ancaq biz ona çox sevdiyimiz Amerikanı məhv etməyə imkan verməyəcəyik”.
Son müşahidələrə əsasən, Ağ Evdə də müəyyən addımların yanlış olduğunu anladıqlarını düşünmək olar. Ona görə də son vaxtlar ABŞ daha çox güzəştə meyilli geri çəkilmə taktikasına üstünlük verir. Hər halda, Ağ Ev Rusiya ilə silahlı toqquşma vəd edən qarşıdurmadan artıq geri çəkilib. Mövcud ziddiyyətlərin ABŞ və Rusiya prezidentlərinin birbaşa görüşü ilə həll etməyə hazırlaşır.
Eyni taktikanın Türkiyəyə münasibətdə də tətbiq olunacağı gözlənilir. Belə ki, prezident Co Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşmək qərarına gəlib. Və həmin görüşdə iki ölkə arasına yığılmış əsas problemlərin müzakirə ediləcəyi bildirilir.
Maraqlıdır ki, Ağ Ev sahibi prezident R.T.Ərdoğanla Liviya, Suriya, Şərqi Ağdənizdə yaranmış vəziyyəti müzakirə etmək niyyətindədir. Eyni zamanda, müzakirə mövzuları sırasına Cənubi Qafqazda əməkdaşlıq və ABŞ-Türkiyə strateji müttəfiqliyinin xilas edilməsinin də əlavə olunacağı vurğulanır. Və bu görüşdə rəsmi Ankaranı birbaşa narahat edən problemlərin də yer alacağı qətiyyən şübhə doğurmur.
Məsələ ondadır ki, rəsmi Ankara Ağ Evin Türkiyəyə qarşı Rusiyadan alınmış “S-400” raket sistemləri ilə bağlı sanksiya tətbiq etmək niyyətindən ciddi şəkildə narazıdır. Eyni zamanda, Türkiyə “F-35” strateji döyüş təyyarələrinin alınması üçün ABŞ-a ödənmiş milyardlarla dolların da geri qaytarılmasını istəyir. Və bu məsələlər rəsmi Ankaranın geri çəkilmək istəmədiyi “qırmızı cizgi”si hesab olunur.
Bəzi ehtimallara görə, prezident Co Bayden Türkiyə lideri R.T.Ərdoğan ilə görüşdə daha çox geri çəkilərək, güzəştə gedən tərəf rolunda qala bilər. Çünki sadaladığımız ümumi problemlərin mütləq əksəriyyəti ətrafında prinsipial anlaşma əldə olunmazsa, Türkiyənin cavab reaksiyası Ağ Ev üçün olduqca arzuolunmaz nəticələr vəd edir. Və bu görüş ərəfəsində Türkiyənin əlinin daha güclü olduğu şübhə doğurmur.
Hər halda, rəsmi Ankara bu görüşə artıq xeyli məsafə qət etdiyi alternativ variantlarla hazırlaşır. Türkiyənin Rusiya ilə bəzi geopolitik və geostrateji məsələlərdə maraqları uzlaşır. Düzdür, müəyyən ziddiyyətlər də olmamış deyil. Ancaq rəsmi Ankaranı Kremllə yaxınlaşdıra biləcək beynəlxalq faktorlar kifayət qədərdir. Ona görə də, Türkiyənin ABŞ-dan gələn təzyiqləri Rusiya ilə strateji tərəfdaşlığa üstünlük verməklə qarşılaya biləcəyi də qətiyyən istisna deyil.
Digər tərəfdən, Türkiyə Çinlə də münasibətlər sistemini dəyişməyə başlayıb. Son vaxtlar iki ölkə arasında iqtisadi-ticari əlaqələr kifayət qədər inkişaf edib. Üstəlik, bir müddət öncə Türkiyə və Çin yeni geoiqtisadi layihələrin icra olunması ilə bağlı önəmli anlaşmalara imza atıblar. Və bu, yeni Türkiyə-Çin tandeminin yaranmasına səbəb ola bilər.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla xüsusi münasibətlərə malik olan Türkiyə regionda artıq əsas siyasi iradə sahiblərindən birinə çevrilib. Eyni zamanda, ABŞ-ın da can atdığı Orta Asiya regionu da Türkiyə ilə dost dövlətlərin yerləşdiyi coğrafiyadır. Bu sıraya Türkiyə və Azərbaycanla dost olan Pakistan və Əfqanıstanı da əlavə etdikdə, rəsmi Ankaranın təsir dairəsini təsəvvür etmək qədər də çətinlik törətmir. Və Türkiyənin bu təsir dairəsi həm Rusiya, həm də Çin üçün olduqca cəlbedicidir.
Nəhayət, Türkiyənin Böyük Britaniya ilə münasibətləri də yəqin ki, Ağ Ev üçün elə də ciddi sirr deyil. Böyük Britaniya Türkiyə ilə ən geniş iqtisadi-ticari əlaqələri olan ölkələrin sırasındadır. Üstəlik, rəsmi London Böyük Britaniyadan başlayaraq, Türkiyə, Cənubi Qafqaz, Xəzəryanı region və Orta Asiyanı da içinə alan nəhəng coğrafiyada Çinə qədər uzanacaq iqtisadi-ticari zolağın qurulmasında birbaşa maraqlıdır. Və Böyük Britaniya Çinlə birlikdə bu zolağın qurulması üçün Türkiyəni dəstəkləyir.
Göründüyü kimi, NATO-nun yaxınlaşan sammitində prezident Co Bayden belə bir ciddi strateji əhəmiyyəti, manevr imkanları, geniş təsir dairəsi olan dövlətin – Türkiyənin lideri ilə görüşəcək. Ona görə də Ağ Ev sahibi Türkiyəni ABŞ-dan narazı salmamaq üçün əlindən gələn hər şeyi etmək məcburiyyətindədir. Əks halda, bundan yalnız ABŞ zərər görə bilər.
Türkiyəyə qarşı təzyiqlərdən imtina edilərək, anlaşma yolu tutulmazsa, rəsmi Ankara ümumiyyətlə, ABŞ-dan üz çevirə bilər. Bu halda, ABŞ-ın qapı ağzında qalacağı yeni və daha nəhəng siyasi-iqtisadi güc mərkəzinin formalaşacağı qətiyyən şübhə doğurmur. Bu baxımdan, Ağ Evin Türkiyəyə münasibətdə prinsipial və strateji seçim etmək məcburiyyətindədir.
Ağ Evin yanlış seçimi ABŞ-ı dünyanın siyasi-iqtisadi məkanında küncə sıxışdıra bilər. Bu halda, Ağ Ev sahibi Co Bayden keçmiş prezident D.Trampın “O, ABŞ-ı məhv etmək istəyir” iddiasını reallığa çevirməyə başlamış olacaq. Hər halda, indi ABŞ-ın gələcək taleyinin yalnız Ağ Ev sahibinin deyil, həm də Türkiyə prezidenti R.T.Ərdoğanın əlində olduğunu düşünmək mümkündür.
Prezident R.T.Ərdoğan Ağ Ev sahibinin seçiminə uyğun verəcəyi qərarla yalnız ABŞ-ın deyil, hətta dünyanın da taleyini dəyişə bilər. Çünki müəyyən mənada, ABŞ və ya Çinin hegemonluq şanslarını onun qərarından asılı vəziyyətə düşmüş kimi görünür.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert