Rusiyaya yaxınlaşaq, yoxsa Avropa və ABŞ-la münasibətləri möhkəmlədək? - NƏ ETMƏLİ?
10-06-2021, 16:26

Rusiya yaxın qonşudur, amma təhlükəlidir. Qərb uzaqdır, lakin vacibdir. Bir nüans da var: Azərbaycanda müxalif cameə hər zaman rəngli inqilabları, hakimiyyət dəyişikliyini nəzərdə tutan zorakı metodların tətbiqini Rusiya, İran kimi yaxın və avtoritar-teokratik dövlətlərdən yox, “demokratik Qərb”dən gözləyir. Çünki indiyədək dünyanın bir sıra ölkələrində bu tip iqtidar dəyişiklikləri, rəngli inqilabların şahidi olmuşuq. Hamısının da arxasında Qərb - Avropa və ABŞ dayanıb. Bu ziddiyyət necə izah oluna bilər? Bu mənada əslində ölkə olaraq çox çətin durumdayıq. Bu cür ziddiyyətli durumu öz xeyrimizə istifadə etmək heç də asan deyil.
Rusiya ilə dost-müttəfiq olaq, yoxsa Avropa və ABŞ-la münasibətləri möhkəmlədək? Hər ikisi ilə normal keçinmək mümkündürmü? Bu suallar indi daha da aktuallaşıb.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, biz uzun illərdir Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrini həyata keçiririk. Lakin strateji tərəfdaşlıq əlaqələrinin heç də bütün məqamları iki ölkə arasındakı münasibətlərin mühüm formalarında öz əyani təzahürünü tapmır. Bu, sadəcə olaraq, münasibətləri ifadə edən formal bir sözdür: “Rusiya son zamanlar SSRİ-nin yenidən bərpa edilməsini, postsovet məkanına daxil olan ölkələrin onun təsir dairəsinə mütləq daxil olmaları kimi istəyini ortaya qoymaqdan vaz keçmir. Hətta bu ifadələri, bu istəyi bəzən təhdid şəklində səsləndirir və postsovet məkanındakı bəzi ölkələrə qarşı ərazi iddialarını da dilə gətirir. Bax, buna görə də Rusiya ilə münasibətləri əlbəttə ki, qonşuluq münasibətləri kimi formalaşdırıb, indiki səviyyədə qorumağa çalışmaq lazımdır. Rusiya ilə düşmən olmaq bizə hazırda lazım deyil. Amma qərbyönümlü siyasət Azərbaycana müəyyən mənada, məncə, xeyir gətirə bilər. Çünki Qərbin öz dəyərlərini yaxın olmaq istədiyi ölkələrdə qurmaqdan başqa hər hansı bir zorakı metodlara əl atmaq fikri yoxdur. Qərb inandırma, özünün siyasi sisteminin dəyərlər sisteminin və bütövlükdə cəmiyyətdə hakim olan ictimai münasibətlər sisteminin üstünlüyünü sübut etməklə bunu dost olmaq istədiyi ölkələrdə görmək istəyir. Bəzən düzdür, Qərbin özünün demokratiyası da, demokratik dəyərləri də laxlama verir. Məsələn, Fransada olduğu kimi, xristian təəssübkeşliyinin, ikili standartların çox qaba formada özünü göstərməsi Qərb dəyərlərini gözdən salmaqda az rol oynamadı. Lakin belə görünür ki, bu münasibətlərin düzəlmək meyli var”.
Politoloq hesab edir ki, bir sözlə, Azərbaycanın nümunə götürə biləcəyi ölkələr Qərbin inkişaf etmiş siyasi sistemi, demokratik liberal dəyərlərə malik olan siyasi sistemi ola bilər: “Məncə, orada formalaşmış sosial cəmiyyət modeli bizə nümunə ola bilər. Biz nə Rusiyanın getdikcə avtoritarlaşan siyasi sistemindən, xüsusilə millitaristləməni ön planda tutan xarici siyasət xəttindən, nə də ki, teokratik rejimin siyasətindən nümunə götürə bilmərik. Bu gün dünyanın əsas magistral inkişaf meylləri Qərbin liberal dəyərlərində öz təcəssümün tapıb”.
Politoloq Əhəd Məmmədli isə bildirdi ki, “niyə ABŞ-da inqilab baş vermir” kimi bir deyim var: “Ona görə baş vermir ki, ABŞ-da Amerika səfirliyi yoxdur. Bütün inqilabların arxasında həmişə Amerika durub. Azərbaycan üzünü heç bir qütbə tutmalı deyil. Azərbaycanın öz milli, dövlət maraqları var və bu maraqlara uyğun da siyasətini qurmalıdır. Azərbaycanın bir ən yaxın müttəfiqi var, o da qardaş Türkiyədir. Əgər Azərbaycanın maraqlarına bu gün Rusiya və İran cavab versə, təbii ki, Azərbaycan bu dövlətlərlə dostluq etməlidir. Yox, əgər Azərbaycanın maraqlarına daha çox Qərb cavab verirsə, Qərblə dostluq eləməlidir. Ancaq bir məsələni unutmayaq ki, Amerika uzaqdadır. Rusiya və İran isə çox yaxınımızdadır. Biz xoşlasaq da, xoşlamasaq da bu reallığı nəzərə almalıyıq. Çünki Rusiya reallığı nəzərə alınmadan hələlik regionda siyasət yürütmək mümkün deyil. Nəzərə almalıyıq ki, qardaş Türkiyənin də Rusiya ilə müəyyən münasibətləri var. Rəsmi Bakı bu kimi məsələləri indiyə kimi nəzərə alıb. Bunun hesabına da ikinci Qarabağ müharibəsində biz işğaldakı torpaqlarımızın 80 faizini azad edə bildik. Amma təbii ki, kimliyindən asılı olmayaraq maraqlarımıza zidd hərəkət edən istənilən qüvvəyə sözümüzü deməliyik. Bunu da etmək üçün ordumuzu, iqtisadiyyatımız, daha da gücləndirməliyik, arxa cəbhədə çox möhkəm sosial mühit qurmalıyıq".