Ermənistanla Azərbaycan arasında vaxtaşırı baş verən toqquşmalar nə vəd edir?

28-07-2021, 07:44           
Ermənistanla Azərbaycan arasında vaxtaşırı baş verən toqquşmalar nə vəd edir?
TasnimNews, İran
Avropa İttifaqı və ATƏT-in Minsk qrupunun Bakı-Yerevan gərginliyinə siyasi və təhlükəsizlik prizmasından yanaşmasını bitərəf, qərəzsiz adlandırmaq çətindir.

Azərbaycanla Ermənistan son Qarabağ müharibəsindən sonra Rusiyanın vasitəçiliyi ilə əldə etdikləri razılaşmaya əməl etməyə çalışırlar. Ancaq iki ölkə sərhədində hələ də ara-sıra toqquşmalar vaş verir. Kəlbəcər rayonunun Ermənistanla dövlət sərhədində bir Azərbaycan hərbçisinin öldürülməsi belə halların son nümunəsidir.

Fərman Yaqublu erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin adıdır. Məlumata görə, Azərbaycan Ordusunun buna cavab olaraq açdığı atəş nəticəsində 3 erməni hərbçisi yaralanıb.

Ermənistan və Azərbaycan hərbçiləri arasında sərhəd toqquşmalarının davam etməsi fonunda, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu yaxında Ermənistan, Azərbaycan və Gürcüstana səfər edib. ATƏT-in Minsk qrupu isə vəziyyəti sabitləşdirmək üçün nəzərəçarpacaq addımlar atmır. Belə bir vəziyyətdə əsas problemlər hələ də qalmaqdadır.

Ermənistanla Azərbaycan arasındakı son qarşıdurmalar fonunda İlham Əliyev Silahlı qüvvələrin əsas komandirlərindən birini Baş qərargah rəisi təyin edib. Bu vəzifə bir müddət idi boş qalmışdı. 27 il bu vəzifədə işləmiş general Sadıqov işindən bir müddət əvvəl kənarlaşdırılıb. Bu müddətdə orduya müdafiə naziri özü rəhbərlik edib. Nəhayət, bir neçə gün əvvəl son Qarabağ müharibəsində əsas rol oynamış hərçilərdən biri, müdafiə nazirinin müavini Kərim Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, Azərbaycan Qarabağ müharibəsində qalib gəlsə də, savaşda general Polad Həşimov daxil olmaqla, bir neçə yüksək rütbəli komandirini itirib. Müharibə nəticəsində hər iki tərəfdən 5 minədək insan həlak olub.

Əliyev Avropadan şikayətçidir

Avropa İttifaqı və ATƏT-in Minsk qrupunun Bakı-Yerevan gərginliyinə siyasi və təhlükəsizlik prizmasından yanaşmasını bitərəf, qərəzsiz adlandırmaq çətindir. Son aylarda Azərbaycan rəsmiləri Aİ-nin Cənubi Qafqazda ayrı-seçkilik etdiyini deyir, bu siyasəti tənqid edirlər. Məsələn, prezident Əliyev Avropa İttifaqının Ermənistana 2,6 milyard avro yardım ayırmasına münasibət bildirərkən deyib ki, bu, ədalətsiz mövqe­dir. Jurnalistin “Avropa İttifaqı Ermənistana 2,6 milyard avro, Gürcüstana isə 2,3 milyard avro vəsait ayıracaq. Azərbaycana heç bir vəsait ayrılmır. Bu mövqe nə dərəcədə ədalətlidir?” sualına İlham Əliyev belə cavab verib: “Əlbəttə, bu mövqe ədalətsizdir. Azərbaycana gəldikdə, 150 milyon avro rəqəmi səsləndirilir, amma konkret bizə deyilmir bu, nə rəqəmdir və nə vaxt veriləcək, verilməyəcək, bunun şərtləri nədir?”.

İlham Əliyev xatırladıb ki, Aİ Ermənistana 2,6 milyard, Gürcüstana 2,3 milyard, Azərbaycana isə cəmi 150 milyon avro yardım ayırır. Halbuki, Azərbaycan Cənubi Qafqazın ən böyük ölkəsidir və müharibədən ən çox əziyyət çəkən də məhz Bakıdır. Bu mənada, Azərbaycana daha çox yardım ayrılmalı idi.

Lakin Əliyev və komandasının avropalılarla problemi təkcə pul-maliyyə məsələsi ilə bağlı deyil. Bu narazılığın mühüm siyasi aspektləri də var. Bakı Brüsseli Ermənistana açıq dəstək verməkdə günahlandırır. Bu yaxınlarda o, Avropa Parlamentinin Azırbaycanla bağlı qəbul etdiyi qətnaməni də tənqid edib. İlham Əliyev Ağdamın yenidən qurulması layihəsinə start verilməsi mərasimindəki çıxışı zamanı bildirib ki, sözügedən qurumun son qərarı saxta faktlara əsaslanır. Bununla yanaşı, o, deyib ki, Azərbaycana heç kim təzyiq göstərə bilməz və Bakı öz dövlət sərhədlərinin möhkəmləndirilməsini bundan sonra da davam etdirəcək.

Həqiqətən də, Aİ-nin Azərbaycana münasibətdə ayrı-seçkilik etdiyi ortadadır. Bu mənada, iki məqamı qeyd etmək vacibdir:

1. Aİ hər zaman demokratiya, ifadə azadlığı və ayrı-seçkiliyin aradan qaldırılması kimi dəyərlərə istinad edir. Əslində isə aydındır ki, Ermənistan və Gürcüstanın xristian, Azərbaycanın isə müsəlman ölkəsi olması Aİ, ABŞ Konqresi və Senatında Qərb siyasətçilərinin geniş spektri tərəfindən diqqətə alınır.

2. Daha bir önəmli nüans Əliyevin Putin və Ərdoğanla dostluğudur. Görünən odur ki, ABŞ və Avropa Putin-Əliyev-Ərdoğan “üçbucağ”ından məmnun deyil. Onlar hesab edirlər ki, bu dostluğun yalnız Qafqaz və Orta Asiyada deyil, həm də enerji bazarında, Rusiya və Xəzər qazının Avropaya ixracı məsələlərində Qərblilər üçün fəsadları ola bilər. Başqa sözlə, söhbət Azərbaycanın ABŞ və Aİ-nin əsas düşmənləri ilə dostluğundan gedir.

Minsk qrupunun fəaliyyətsizliyi

Şarl Mişel Yerevana son səfəri zamanı Ermənistanla Azərbaycan arasındakı mübahisələri azaltmaq üçün beynəlxalq vasitəçilərin fəaliyyətini dəstəklədiyini bildirib. Onun fikrincə, həll yolu beynəlxalq vasitəçilərin iştirakı ilə dialoqun davam etdirilməsidir. Şarl Mişelin sözlərinə görə, Aİ ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi Minsk qrupunu öz missiyasını yerinə yetirməsini də vacib sayır.

Aİ nümayəndəsi Bakı ilə Yerevanı sərt ritorikadan imtinaya, hərbi əsirlərin geri qaytarılması prosesini sadələşdirməyə də çağırıb.

ATƏT-in Minsk qrupu 1992-ci ildə yaradılıb. Onun məqsədi Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək idi. Lakin problem tərəflər arasında ötən ilin sonlarında baş vermiş müharibə ilə həll edilib. Bu, ABŞ-ın faktiki olaraq siyasi böhran içərisində olduğu, Aİ ilə münasibətlərdə problem yaşadığı bir vaxtda Rusiyanın öz gücünü göstərməsinə zəmin yaradıb və Minsk qrupu faktiki olaraq, Yerevanla Bakı arasındakı münaqişənin həllində təsirli rol oynaya bilməyib.

Beləliklə, ABŞ ilə Fransa faktiki olaraq, oyundankənar vəziyyətdə qalıblar. Üstəlik, onlar Rusiya ilə birbaşa əməkdaşlığa da can atmırlar. Üstəlik, həm ABŞ, həm də Fransada güclü erməni lobbisi var və onlar Vaşinqtonla Parisin Ermənistanı müdafiə etmələri üçün əllərindən gələni edirlər.

Belə bir vəziyyətdə Minsk qrupu faktiki olaraq, nə edəcəyini bilmir – Rusiyanın baş verənlərə təsir gücü ABŞ və Aİ ilə müqayisədə qat-qat çoxdur.

İstənilən halda, Azərbaycanla Ermənistan arasında sülh, atəşkəs rejimi çox kövrəkdir. Onlar hələ bir çox sərhəd problemini, hüquqi məsələləri və s. Həll etməlidirlər. Demək, onların davamlı məsləhətləşmələrə, dialoqa ehtiyacı var. Nəzərə alsaq ki, Qafqaz və Orta Asiya faktiki olaraq böyük güclərin rəqabət meydanlarından biridir, bu bölgədə sülh və sabitliyə nail olunması yalnız Yerevanla Bakının iradəsindən asılı deyil.

(Fars dilindən tərcümə - WorldMedia.Az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.