HƏKİMLƏR VAKSİN OLUNMUŞ ŞƏXSLƏRİN SİYAHISINA NECƏ MÜDAXİLƏ EDİR? - "Məcburiyyətin artması neqativ halların yaranmasına gətirib çıxarır"

4-08-2021, 12:38           
HƏKİMLƏR VAKSİN OLUNMUŞ ŞƏXSLƏRİN SİYAHISINA NECƏ MÜDAXİLƏ EDİR? -
Pandemiya Azərbaycanda səhiyyə sistemində vəziyyəti daha da qəlizləşdirib. Bir neçə baş həkimin korrupsiya ittihamı ilə həbs edilməsinə baxmayaraq, yenə də bu sahədə nizam yaratmaq mümkün olmur. Rəsmi məlumatlara görə, bu vəziyyət hökuməti də ciddi narahat edir. Bu səbəbdən də Hesablama Palatası artıq TƏBİB-də maliyyə yoxlamalarına başlayıb. Operativ Qərargahın vaksinasiya ilə bağlı sərtləşmə qərarından sonra isə saxta vaksin pasportu verilməsinə görə həbslər də artıb. Son olaraq Sabunçu rayonunda yerləşən 11 saylı poliklinikanın qeydiyyatçısı Nəzrin Məmmədova, həmin tibb müəssisəsinin, eləcə də Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri Gülnarə Mədətzadə və Vaqif Mirzəyevlə əlbir olaraq vətəndaşlardan 150 manat məbləğində pul alıb onlara vaksinasiyadan keçmədən peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər. Bu şəxslərin eyni üsulla çoxsaylı vətəndaşlardan pul alaraq onları peyvənd olunmadıqları halda “e-TƏBİB” elektron qeydiyyat sistemində vaksin olunmuş şəxslərin siyahısına daxil etdikləri də məlum olub.

Bəs görəsən, səhiyyə sistemində neqativ hallar niyə bu şəkildə artır? Necə olur ki, 150 manat rüşvət alan adi həkimlər “e-TƏBİB” elektron qeydiyyat sisteminə daxil olub, vaksin olunmuş şəxslərin siyahısına müdaxilə edə biliblər?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, bu portala icazəsi olan şəxslərin yol verdiyi haldır: “Hər həkimin bu portala daxil olmaq imkanı yəqin ki, məhduddur. Ancaq bu informasiya sistemini hazırlayan insanların vaksinasiya gedən poliklinikalarda, xəstəxanalardakı nümayəndələrinin imkanları var ki, yeni peyvənd olunanları bazaya daxil etsinlər. Bu olmadan mümkün olmazdı.

Osman Gündüz

Yəqin ki, proqram təminatı internet üzərindəndir və yeni peyvənd olunanların məlumatlarını bazaya daxil edirlər. Çox güman ki, bazanın yenilənməsi üçün vaksinasiya gedən səhiyyə müəssisələrinə bu portala giriş üçün icazə verilib. Sadəcə olaraq, bu imkandan sui-istifadə etməklə dediyiniz neqativ hallara yol açırlar. Orada hansısa müdaxilədən, kodların sındırılmasından, kənar müdaxilədən söhbət gedə bilməz. Monitorinqlər keçirilərək neqativ hallar aşkara çıxarıla bilər. Bu, elektron sistemin günahı yox, insan amilidir”.

Zülfüqar Yusifov

Tanınmış həkim Zülfüqar Yusifov isə “Yeni Müsavat”a danışarkən bildirib ki, məcburiyyətin artması neqativ halların yaranmasına gətirib çıxarır: “Əlbəttə, vaskinasiya prosesinin sürətlənməsi və əhatə dairəsinin genişləndirilməsi olduqca vacibdir. Bu işə nəzarət də yüksək səviyyədə olmalıdır. Ancaq məsələnin kökündə dayanan səbəb odur ki, bu məhdudiyyətlər hərtərəfli qoyulanda vaksinasiya məcburi hala gəlib çıxır. Ancaq öncədən də deyildiyi kimi, proses könüllüdür. Görünür, “Delta” ştammının aktivləşməsi belə bir qərarın ortaya çıxmasına rəvac verdi. Neqativ hallara gəlincə, hüquq-mühafizə orqanları bununla məşğul olmalıdırlar. Vətəndaşlar da bu məsələyə məsuliyyətli yanaşmalıdırlar. Bu addımla nə virusdan, nə də digər məsələlərdən qaçmaq olmaz. Lakin məcburiyyət artdıqca həmin situasiyadan bir şəkildə çıxmaq istəyi olanlar da tapılacaq. Bu məsələ həm ictimai, həm də hüquqi nəzarət vasitəsilə həllini tapa bilər".

İnsanların vaksinlərə olan şübhə və qorxularına gəlincə, Z.Yusifov bunun bütün dünya səhiyyəsində bu istiqamətdəki qeyri-müəyyənliyin nəticəsi olduğunu vurğuladı: “Vaksinlərin də müəyyən yan təsiri ola bilər. Bizim istifadə etdiyimiz müxtəlif dərman vasitələrinin də yan təsirləri ola bilər. İstənilən dərmanın onlarla yan təsirləri qeyd olunur, bəzi preparatların şok verə biləcəyi yazılır. Yəqin ki, vaksinlərin də yan təsiri var. Vaksinlərin hazırda ciddi bir yan təsiri yoxdur və dünya hələ də bu prosesi öyrənməkdədir. ÜST bu peyvəndlərə icazə verib. Dünyada milyardlarla insan yaşayır, onların hamısı vaksinasiya olunur. O insanların içində minlərlə insan var ki, müxtəlif xroniki xəstəliklərdən əziyyət çəkirlər və onların heç də hamısını seçib kənarlaşdırmaq olmur. Bunu ancaq təcrübə ortaya qoya bilər ki, hansı qrup xəstələrə vurmaq olmaz. Bu təcrübə də yeni-yeni yaranmaqdadır, çünki vaksinasiya prosesi də bir neçə aydır başlayıb. Milyonlarla insanın arasından kimlərinsə vaksin vurdurduğu gün ölməsi də mümkündür. Milyonlarla insanın bir neçəsinin ölümü vaksinlə üst-üstə düşürsə, bu əhəmiyyət daşımır, ancaq əlbəttə, araşdırılmalıdr. Ola bilər, yan xəstəliyi, allergiyası və ya başqa məsələ var. Necə ki, bu xəstəliyin özünün də hər bir insan immunitet dərəcəsindən asılı olaraq fərqli keçirdi. Bu, təkcə bizim ölkəmizə aid məsələ deyil, dünyanın hər yerində insanlar bu sualla üz-üzədir. ÜST yeni ştammın ortaya çıxması ilə bağlı yeni addımlar haqqında düşünür. Artıq üçüncü doza vaksin məsələsi gündəmdədir, təklif var ki, hətta 4-cü dəfə də vurula bilər. Bir təklif isə ondan ibarətdir ki, iki dozadan sonra üçüncüdə fərqli bir vaksin vurularaq kombinasiya olunsun. Bütün bunlar hamısı həll yolunun tapılması istiqamətində olan faydalı təkliflərdir. Ancaq hər biri elmi şəkildə tədqiqatlarla ortaya qoyulmalıdır. O zaman insanlar daha dəqiq seçim edə biləcəklər. Ancaq hazırda vaksin yeganə çıxış yoludur və pandemiyanın həlli üçün də qəbul olunan qərarlara haqq qazandırmaq olar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.