Ermənistan ordusu yenidən toparlanacaq? - Hərbi ekspertlər bunu mümkünsüz sayır

5-08-2021, 08:44           
Ermənistan ordusu yenidən toparlanacaq? -
Son bir neçə həftədir ki, Ermənistan-Azərbaycan dövlət sərhədində erməni ordusu təxribatlar törədir.

Ermənistanın iyul ayı ərzində Azərbaycan silahlı qüvvələrinin mövqelərini Naxçıvan, Laçın, Kəlbəcər, Tovuz, Gədəbəy istiqamətlərində sistematik və intensiv atəşə tutub. 44 günlük müharibədən sonra ordusunun maddi-texniki təminatı məhv olan, ruh yüksəkliyi sıfıra eənən və “güclü ordu” mifi bir anda dağılan Ermənistan toparlana bilmir.

Baş nazir Nikol Paşinyan keçmiş nazir müavini Arşak Karapetyanı Ermənistanın müdafiə naziri təyin edib. "Sputnik Armeniya"nın verdiyi xəbərə görə, bu barədə Prezident Armen Sarkisyan avqustun 2-də Fərman imzalayıb. Arşak Karapetyan 1993-2018-ci illərdə Ermənistan Silahlı Qüvvələrində xidmət edib. Aprel döyüşləri zamanı Karapetyan Baş Qərargahın Kəşfiyyat İdarəsinin rəisi olub, müharibədən sonra Serj Sarkisyanın fərmanı ilə tutduğu vəzifədən qovulub.

Daha sonra o, Ermənistanın Rusiyadakı hərbi attaşesi kimi yenidən peyda olub. Paşinyanın hakimiyyətə gəlməsindən sonra Arşak Karapetyan əvvəlcə Baş nazirin müşaviri, daha sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini və 20 iyulda müdafiə nazirinin müavini olub. İndi isə ölkənin müdafiəsinə rəhbərlik edəcək.

İqtisadiyyat sıfıra bərabər olan, ordusu darmadağın edilən və kapitulasiya aktını imzalamağa vadar olan Ermənistan nə zaman yenidən güclənə bilər? Xüsusilə erməni ordusunun toparlanması üçün nə qədər zaman lazımdır?

Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa Cebhe.info-ya açıqlamasında Ermənistan ordusu maddi-texniki baxımdan darmadağın edildiyini deyib:

“Ermənistan ordusu maddi-texniki, şəxsi heyətin böyük hissəsi və ən önəmlisi ordu mənəvi- psixoloji baxımdan darmadağın edilib. Ermənistanın maddi potensialı nə qədərdir? İnsan resursları nə qədərdir ki, yenidən ordu formalaşdırsın? Ermənistan öz ordusunu yenidən formalaşdırıb Azərbaycana qarşı gələ bilməz. Ermənilərin sadəcə iddiaları həmişə böyük olub. Bu da onların xislətindən doğur. Bütün qonşu ölkələrə qarşı ərazi iddiası edən bir dövlətdən danışırıq. Ermənistanda hansı kadrın dəyişdirilməsindən aslı olmadan Azərbaycana qarşı münasibəti dəyişməzdir”.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, iqtisadiyyatı bərbad olan ölkə qısa müddətdə ordusunu bərpa etmək iqtidarında deyil:

“Hərb elmində belə bir anlayış var ki, əgər dövlətin ordusu müharibədən çıxıbsa, onun iqtisadi göstəriciləri və hərbi potensialı analiz edilir. Bundan sonra ordusunun hansı müddətdə minimal tələblərə cavab verə biləcək səviyyəyə gələcəyi hesablanır. Ermənistanın iqtisadiyyatı bəllidir ki, bərbad gündədir. Belə bir iqtisadiyyatı olan ölkə qısa müddətdə ordusunu bərpa etmək iqtidarında deyil. Onlar düşünürlər ki, Avropanın verəcəyi pulla müdafiə və təhlükəsizliklə bağlı işlər görə biləcəklər. Bundan başqa, erməni diasporunun maddi dəstəyinə ümid edirlər. Bunun üçün ən azından 3-5 il vaxt lazımdır. Sonuncu 44 günlük Vətən savaşında onların üzləşdiyi vəziyyəti diqqətə alsaq, ermənilər öz ordularını 5-10 ilə ancaq yenidən quralar. Öz ölkə sərhədlərini qorumaq üçün Rusiyadan kömək istəyirlər”.

Ü.Cəfərov bildirib ki, ermənilərin atəşkəsi pozması müvəqqəti xarakter daşıyır:

“Ermənilər əlacsızlıqdan bu addımları atırlar. Bunun Ermənistan üçün heç də yaxşı nəticələri olmayacaq. Nəzəri baxımdan bu dəfə baş verəcək müharibədə Azərbaycan ordusu onları yer üzündən siləcək. Bunu Ermənistan hakimiyyəti də yaxşı bilir. Normal ölkə, normal parlament, normal hakimiyyət qura biləməyən xalq necə ordu quracaq?”

Hərbi ekspert yeni nazir barədə də öz fikirlərini səsləndirib. Onun sözlərinə görə, Arşak Karapetyanın nazir təyin edilməsi Azərbaycana psixoloji üstünlük qazandırıb:

“Mən sevinirəm ki, Emənistanın müdafiə naziri odur. 2016-cı ildə onun hansı biabırçılıqla qovulduğunu bilirik. Azərbaycan üçün bu şəxsin nazir təyin edilməsinin psixoloji üstünlüyü var. Biz artıq bilirik ki, onların müdafiə naziri kim olub. Hesab edirəm ki, bizim üçün əlverişli namizəddir. Nə qədər belə kadr təyinatları olsa, bizim üçün yaxşı göstəricidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.