Xərclənən 200 milyard neft gəliri Azərbaycana niyə firavanlıq gətirmədi? - Neftin lənəti…

5-08-2021, 08:58           
Xərclənən 200 milyard neft gəliri Azərbaycana niyə firavanlıq gətirmədi? - Neftin lənəti…
Azərbaycan hökuməti ölkənin neft gəlirlərindən asılılığını azaltmaqda o qədər gecikdi ki, hasilat pik dövrünü çoxdan başa vurub, tədricən azalmağa üz tutdu. 2014-cü ildən bəri qeyri-neft sektorunun inkişafından çox danışılsa da, bu yöndə ciddi bir niyyətin olub-olmadığı və buna uyğun siyasətin aparılıb-aparılmadığı ən azı mübahisəli mövzudur. Ötən müddətdə iqtisadiyyatın şaxələndirilməsi üçün sözdən real işə keçilməyibsə, deməli, əslində ortada ciddi niyyət də olmayıb. Bu gün Azərbaycanın ən böyük qeyri-neft ixracı ildə 200 milyon dollar valyuta gətirən pomidor məhsuludur, onun ixracına da son vaxtlar Rusiya ciddi əngəllər yaradır…

Neft gəlirlərinin hazırkı və 10 il əvvəlki səviyyəsini müqayisə etdikdə qəmli və narahaqlıq doğuran mənzərə ortaya çıxır. 2011-ci ildə Dövlət Neft Fonduna təkcə “Azəri-Çıraq-Günəşli” yatağından 19,7 milyard dollar vəsait daxil olmuşdusa, 2020-ci ildə gəlirlər cəmi 3,8 milyard təşkil edib. Bu il neftin qiyməti normal və stabildir (70-75 dollar), amma hasilatın azalması nikbin olmağa əsas vermir. İlin 6 ayının yekunlarına görə, “Azəri-Çıraq-Günəşli” strukturunda neft və kondensat hasilatından, həmçinin, “Şahdəniz” yatağndan hasil edilən qazın satışından ümumilkdə 2 milyard dollara yaxın gəlir əldə olunub. Əgər 10 il əvvəl ölkədə sutkada 840 min bareldən çox neft hasil olunurdusa, hazırda bu rəqəm 500 min barel civarındadır.

Məyusluq doğuran təkcə hasilatın sürətlə azalmasından dolayı gəlirlərin aşağı düşməsi deyil. 15 ildə əldə olunan nəhəng vəsaitlərə baxmayaraq, ölkənin sosial-iqtisadi problemləri köklü şəkildə həll olunmayıb, əksinə, bəzi sahələrdə vəziyyət daha kritik həddə çatıb. İqtisadçı Qubad İbadoğlu bildirir ki, 2001-ci ildən 2021-ci il 1 iylu tarixinə qədər yalnız “Azəri – Çıraq – Günəşli” yatağı üzrə əldə olunan ümumi gəlirlər 151 milyard 759 milyon ABŞ dolları, 2007-ci ildən 2021-ci il 1 iyul tarixinə qədər “Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 738 milyon ABŞ dolları, toplam neft və qaz gəlirləri 155 milyard 497 milyon dollar və ya hazırkı məzənnə ilə 264 milyard 345 milyon manat təşkil edib. “Bu, ölkədə hər adama 25 min manat və yaxud 4 nəfərdən ibarət hər ailəyə 100 min manat vəsait deməkdir“, – deyə Q.İbadoğlu qeyd edir.

Ekspert hazırda Dövlət Neft Fondunun aktivlərinin 44 milyard 104,9 milyon ABŞ dolları və ya 74 milyard 978,5 milyon manat olduğuna diqqət çəkib: “Bu, o deməkdir ki, bütün mənbələrdən əldə edilmiş neft-qaz və faiz-renta gəlirlərinin 28,3 faizi qalıb, 71,7 faizi xərclənib”.

Normal məntiqlə, təxminən 200 milyard manat xərclənmiş ölkədə əhalinin sosial rifahı yüksək olmalı, ölkə iqtisadiyyatının xammaldan asılılığı aradan qaldırılmalı, qeyri-neft sektoru ÜDM-in və büdcə gəlirlərinin əhəmiyyətli hissəsini təşkil etməli, hər il Neft Fondundan 11-12 milyard manat nəğd pulu dövlət büdcəsinə köçürməyə ehtiyac qalmamalı idi.

Hazırda Azərbaycanda Ümumi Daxili Məhsulun həcmi 48 milyard, valyuta ehtiyatları 44 milyard, xarici borclar isə dövlət şirkətlərinin dövlət zəmanəti ilə aldıqları borcla birlikdə təxminən 23 milyard dollardır. Məlum olur ki, xərclənmiş 200 milyard manat da hökumətə kifayət etməyib, üstəlik, dövlət 35 milyard manatdan artıq xarici borca girib. Bu vəsaitləri qaytarmağa hər il büdcədən 2 – 2,2 milyard manat vəsait xərclənir. Paralel olaraq, xarici maliyyə qurumlarından əlavə borclar alınır. Ötən ay Maliyyə Nazirliyi Asiya İnkişaf Bankından daha 100 milyon dollar aldı ki, hökumət COVİD-19-un nəticələri ilə mübarizə aparacaq…

Nəhəng neft gəlirlərinin qazanıldığı illərdə Azərbaycana həm də Rusiyadan böyük pullar daxil olurdu. Neft bumundan “aslan payı”nı alan qonşu ölkədə çalışıb, qazanan azərbaycanlılar hər il vətənə 1 milyard dollardan çox pul göndərirdilər. Bu vəsaitlər əsasən regionlarda xərclənirdi, nəticədə istehsal müəssisələrinin, sosial və əyləncə obyektlərinin çox məhdud olduğu kasıb rayonlarımızda iqtisadi aktivlik, məşğulluq müəyyən qədər təmin edilirdi, əhalinin sosial rifahı nisbətən stabil qalırdı. Amma “neft parıltsı” sönəndən sonra “makiyaj” axdı və “sifətimiz”in qüsurları daha aydın görünməyə başladı. Ölkədə 5 milyona yaxın əmək qabiliyyətli əhalinin təxminən 1,8 milyon nəfərinin rəsmi iş yeri var. Gizli iqtisadiyyatda çalışanların sayı 800 min-1 milyon, işsizlərin sayı isə 2 milyon nəfərdən artıqdır. İşsizliyin, yoxsulluğun gerçək həcmi ötən il pandemiya zamanı üzə çıxdı. Hökumətin verdiyi birdəflik 190 manatı almaq üçün sosial qurumlara 2,4 milyondan çox insan müraciət etmişdi, onlardan cəmi 600 min nəfərinə pul verib, müraciət qəbulunu sorğu-sualsız dayandırmışdılar…

Prezident İlham Əliyev bu günlərdə bildirib ki, daha əvvəlki kimi olmayacaq, dövlət vəsaitlərinin şəffaf, səmərəli xərclənməsinə ciddi nəzarət edilir. Bu, həm də etirafdır ki, neft gəlirlərinin fontan vurduğu illərdə xərclərə ciddi nəzarət olmayıb. Rəhmətlik Sabir demişkən,

Millətə çatdıqca qəm, əyyaş idik,

Hakimə yar, amirə qardaş idik,

Qibleyi-taətgəhi-ovbaş idik,

Harda aş olsaydı, ora baş idik,

Hər gecə, hər gün bizə bayram idi,

Ah!.. necə kef çəkməli əyyam idi! //PRESSKLUB.AZ//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.