Bu Milli Məclisə də bir “quş”... - biri polis döyür, biri yiyə axtarır, biri də...

5-08-2021, 11:43           
Bu Milli Məclisə də bir “quş”... -
Azərbaycanda Milli Məclisin iclasları musiqili komediya teatrının tamaşalarını xatırladır. Siz hər cildə girən, hər obrazda olan personajları izləyə bilərsiniz.
Rəhmətlik Məmməd Nazimoğlu sağ olsaydı, indiki parlamenti bəlkə də ən istedadsız adamların toplaşdığı gülüş səhnəsi adlandırardı.
Hətta əvvəlki məclis üzvləri indikilərə baxanda rəhmət oxudurlar. Məsələn, Hadı Rəcəbli sayıqlasa da, Hüseynbala Mirələmov katibəsinə sığal çəksə də, heç vaxt polisə əl uzatmazdılar, öz “məsuliyyətlərini” bilən adamlar idi. Ən azından “deputatın yiyəsi yoxdur” deyən unikal millət vəkili olmamışdı.
Açığı, adamın dili də gəlmir ki, onlara millətin vəkili deyəsən. Əgər millətin vəkili olsaydılar, millət də onlara yiyə çıxardı. Kəsəsi, bu parlamentə də bir “quş” deməklə mövzunun başına qıfıl vurmaq olardı.
Fəqət biz bu səhnədə böyük faciəyə tamaşa etdiyimizin fərqində deyilik. Axı qanunverici orqan bu dərəcədə məsxərə yuvasına çevrilə bilməz.
Sosial şəbəkənin Azərbaycan seqmentinə nəzər yetirin, deputatları “yaş yuyub, quru sərirlər”, elə etimadsız, gözdən düşmüş adamlara çevriliblər ki, bu, dövlətin mühüm sütunlarından birinin silkələnməsidir.
Anaxeber.info təhlil edərkən o qənaətdədir ki, dövlətin üç əsas strukturundan birini bu səviyyəyə endirmək olmaz. Deputat danışığını bilmirsə, özünə hörmət qoymursa, vətəndaşı saymırsa, biri polis döyürsə, o biri “müzəffər Milli Məclis” söyləyirsə, digəri “deputatın yiyəsi yoxdur” söyləyib absurd çıxışlar edirsə, o demək deyil ki, bu məsuliyyətsiz adamların ucbatından bütöv bir orqan gülüş predmetinə çevrilməlidir.
Bir zamanlar, yaxın 90-cı illərdə, 200-ci illərin əvvəllərində Milli Məclis siyasi polemikaların mərkəzi, gərgin mübahisələrin episentri, xalqın sözünü bağıraraq söyləyənlərin tribunası idi.
Milli Məclis xalqın pis-yaxşı təmsilçilik meydanıydı, burada ciddi dartışmalar, hakimiyyətə sərt çağırışlar, açıq fikirli mövqelər, hətta qarşıdurmalar yaşanırdı.
İndisə Milli Məclis xalqın gözündə bir teatr səhnəsinə oxşayan yerə çevrilib, deputatlar ya hökumətin ağzı ilə danışır, ya da bəziləri çərənləyib millətin qəzəbinə tuş gəlirlər, nifrət qazanırlar.
Budurmu, islahatçı parlament? Buna görəmi növbədənkənar seçkiyə gedildi? Gedildi ki, Moldovadan uşaq qaçırıb gələn biri deputat olsun, gedildi ki, polisi yuxudan oyadıb restorana çağıran və döyən sərxoş adama mandat verilsin?!
Bu parlamentdə sayılıb-seçilən ziyalılar, sözünün ağası olan partiya sədrləri, siyasətçilər, xalqın gözündə nüfuzu olan millət vəkilləri görmüşük. “Axırıncı aşırım”da Kərbəlayının təbirincə desək, bizə belə hərdəmxəyal parlament lazım deyil.
Yəni 700 min üzvü olan YAP içindən xalqın ürəyinə yatan namizədlər tapa bilmədi ki, Eldəniz Səlimovların ümidinə qaldı? Yəni doğrudanmı, 760 minlik bir hakim partiyanın normal, ali savadlı, dünyagörüşlü, siyasi bilikləri bir yana, heç olmasa adi etik qaydalar barədə məlumatı olan 125 nəfər seçmək imkanı yoxdur? Təbii ki, var!
Ancaq əsas məsələ seçimin kimlər tərəfindən və hansı kriteriyalar əsasında aparılmasıdır. Məhz bu seçim kriteriyaları YAP-ın rəhbərliyində uzun illər onun “sifətinə” çevrilmiş Siyavuş Novruzov kimi şəxslərin qərarlaşmasına səbəb olub.
Məhz bu kriteriyalar Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Siyavuş Novruzov və digər bu qəbildən olanları önə çəkib, deputat edib. Eynilə də Eldəniz Səlimov kimi tamamilə “piyada” birisi məhz bu anlaşılmaz seçim prinsipləri əsasında parlamentə düşüb. İndi biz həmin səhvlərin cəzasını çəkirik.
Və təkcə cəmiyyət yox, dövlət və onun rəhbərliyi də onların yersiz hərəkətlərinin qurbanına və hədəfinə çevrilir, günahlar hakimiyyətin boynuna biçilir. Çünki onların MM-də yerləşməsinə iqtidar siyasi razılıq verib. Nəticə isə göz qabağındadır: cəmiyyətlə Milli Məclis arasında uçurum yaranıb.
Siyasi hakimiyyət özü də onlardan cana doyub. Belə olmasaydı, heç düşünmədən Mirələməvun sığal çəkməsinə görə iti qovan kimi qovmazdılar, Səlimovun qoluna dərhal qandal taxıb içəri atmazdılar. Artıq siyasi rəhbərliyin nə səbri qalıb, nə də onlara dözmək limiti var.
Açıq şəkildə mesaj verilir ki, sizi ora göndərmişik, əliniz və dilinizə sahib çıxın, heç bir qarantiyanız yoxdur və ən kiçik səhvi belə bağışlamadan üstünüzdən xətt çəkməyə hazırıq.
Səlimov olayı son damlanı daşıran fakt oldu və deputatlara bir qulaqburması verildi ki, heç kəs toxunulmaz deyil, mandatınızın qədrini bilin!
Bununla boş qalan deputat yerlərinin sayı artdı və son dövrlər bəzi siyasətçilərin dilindən səslənən referendum çağırışları, təkrar seçki açıqlamaları göstərir ki, buna zərurət yarana bilər. İlk növbədə referendum, proporsional seçki sisteminin bərpası, ardınca növbəti seçki təyinatı...
Çünki bu heyətlə işləmək çətin olacaq. Üstəlik, parlamentdə Ramiz Mehdiyev komandasından yenə qalanlar var, ən azı 80 deputat təkrar mandata sahiblənib. Bu baxımdan hətta referedum olmasa belə, növbəti seçkidə - yəni 2025-ci ildə indiki deputatların bir çoxunu məclisdə görməyə bilərik...
Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.