Yeni HOQQA: Moskva Bakıdan Paşinyana möhlət verməyi xahiş edib - Rəsmən MƏZƏLƏNİRLƏR...

6-08-2021, 10:21           
Yeni HOQQA: Moskva Bakıdan Paşinyana möhlət verməyi xahiş edib
Sülh müqaviləsi haqda danışarkən ciddi bir məsələni gözardı etməmək lazım gəlir. “Yeni Müsavat” xəbər verir ki, rəsmi İrəvan Azərbaycanın haqlı şərtlərini qəbul edəcəyi və sərhəd, ardınca sülh müqaviləsi imzalayacağı halda, Ermənistan konstitusiyasını da, müstəqillik haqqında bəyannaməsini də dəyişdirməlidir. Ona görə ki, hər iki dövlət sənədində Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az-a açıqlamasında deyib ki, ola bilsin, bu səbəbdən Rusiya Bakıdan Ermənistana sərhədlərin müəyyənləşməsi məsələsində bir az vaxt verməyi xahiş edib. Sitat: “Ola bilsin, Putin İlham Əliyevin ”kompromislərə getməsi"ndən danışanda məhz bunu nəzərdə tutur. Yəni məqsəd Paşinyan hakimiyyətinə erməni ictimaiyyətini deyilənlərin icrası üçün hazırlamasından ötrü vaxt qazandırmaqdan ibarətdir".

Bəs erməni ictimai rəyini buna hazırlamaq nə qədər vaxt alacaq? Biz daha neçə il gözləməliyik ki, Paşinyan xalqını ram etsin və razı salsın?! Ermənistan yüz illik boş xəyallarını konstitusiyasından və müstəqillik bəyannaməsindən nə vaxtsa çıxararmı? Ümumiyyətlə, Azərbaycan Ermənistana kifayət qədər möhlət verib. Eyni zamanda dəfələrlə sülh müqaviləsinə hazır olduğumuzu, danışıqlara başlamaq üçün qarşı tərəfdən addım atılmasını gözlədiyimizi bəyan etmişik. Amma erməni tərəfi cığallıq edir, sərhədlərdə atəşkəsi pozmaqla gərginlik yaradır, qeyri-konstruktiv mövqe sərgiləyir, hələ də Dağlıq Qarabağın “statusu”ndan və Minsk Qrupunun reabilitasiyasından dəm vurur.

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, üstəlik, onların hərbi doktrinasında da eyni ərazi iddiaları var: “Bu da dəyişməlidir. Üstəgəl, bu doktrina Paşinyanın dövründə qəbul olunub. Ona görə konstitusiya və müstəqillik bəyannaməsi ilə yanaşı hərbi doktrina da dəyişməlidir. Ermənistan və əhalisini qəyyumları arxayın etmişdilər ki, bu torpaqlar əbədidir. Ona görə həmin yerləri əkin sahələrinə çevirmişdilər. İndi sülh müqaviləsi üçün ”status" məsələsini qaldırırlar, sərhədlərin dəqiqləşdirilməsində tələblər irəli sürürlər. Eyni zamanda son vaxtlar Paşinyanın ritorikası dəyişib və radikal qüvvələrin də əhali içində apardığı təbliğat təsir edir. Bu da onu radikal tələblər irəli sürməyə vadar edir".

Q.Hüseynlinin fikrincə, əgər Rusiya təzyiq etməsə, Türkiyənin başı açılıb bu hadisələrə müdaxiləsi olmasa, erməniləri sülhə məcbur etmək çətin olacaq: “Sanki müharibə şokundan çıxıblar və yenidən başqa torpaqlara iddialarını davam etdirirlər. Azərbaycanda erməni silahlıları qalır, ”artsax özünümüdafiə qüvvələri" adlandırırlar, Rusiya əvvəlki tələbkarlıqla kommunikasiyalarn açılmasına yanaşmır. Odur ki, sülh danışıqları başlamayıb. Paşinyan ümumi şəkildə “biz də hazırıq” deyir, lakin məsələlərin yerindən tərpənməsi üçün bir addım atmır".

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, sülh müqaviləsinin imzalanması rus sülhməramlılarının bölgədən getməsini diktə edir: “Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın dağlıq hissəsində olan erməni silahlı dəstələri çıxmalıdır, ərazi iddialarından imtina etməlidirlər. Əslində üçtərəfli bəyanatda erməni silahlılarının ərazilərimizdən çıxması göstərilir. Amma buna əməl olunmur. Sülh müqaviləsi bağlanarsa, tamamilə getməlidirlər. Bu da Rusiyaya sərf etmir. O zaman Moskvanın Cənubi Qafqazda maraqları təmin edilməyəcək, sülhməramlılar getməli olacaqlar. Axı onların qalmasının bir mənası olmur”.

R.Məmmədova hesab edir ki, indiki halda sülh sazişi nə Rusiyanın, nə Ermənistanın ürəyincədir: “Bunu uzatmağa çalışacaqlar. Ən azı yaxın 4 ildə sərhədlərin delimitasiyası yekunlaşmalıdır. Yəni praktik məsələlər həllini tapmırsa, Ermənistanın konstitutsiyaya dəyişiklik etməsi nəzəri məsələ olaraq qalır. Biz gözləməliyik ki, hökumət tam formalaşandan sonra Paşinyan hansı bəyanatlarla çıxış edəcək. Üstəlik, Rusiyadan ona ciddi təzyiq olmasa, Qərbdəki himayəçilərinin hesabına sülh prosesini yubadacaq”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.