Facebookda BLOKLANDINIZ – “Nöqtə, vergül” kampaniyası işə yarayırmı?

6-08-2021, 11:51           
Facebookda BLOKLANDINIZ –
Demək olar ki, gün ərzində “Facebook” sosial şəbəkəsinə daxil olan hər birimiz “nöqtə, vergül” xahişli statuslara rast gəlirik. İnsanlar səhifələrinin bəzi səbəblərə görə qadağalara məruz qaldıqlarını bildirərək rəylərdə izləyicilərindən “nöqtə, vergül” sədəqə kampaniyası başladırlar.

Feysbukun alqoritmlərinə görə istifadəçi öz paylaşımının daha çox adam tərəfindən görüldüyünü istədiyi təqdirdə nöqtə, vergülə ehtiyac duya bilər. Bu da o zaman olur ki, istifadəçinin yazdığı statusa şərhlər az gəlir, reaksiya az olur.


Maraqlıdır, bəs bu problem “nöqtə, vergül”lə aradan qaldırıla bilərmi? Bu durğu işarələrinin istifadəçilərə hansı köməyi var?

“Yaxşı olardı ki, istifadəçi İlk olaraq səhifənin blok olunmasının səbəbini araşdırsın. Çünki mütəxəssislərin rəyinə görə, səhifə bir neçə xəbərdarlıqdan sonra blok olur. Bunun üçün sosial şəbəkə izləyiciləri daha diqqətli olub, gələn mesajlarında xəbərdalıq gördükdə, dərhal “nöqtə, vergül”lə deyil, problemin doğru həll yolunu tapsınlar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında sosial media mütəxəssisi Müzəffər Qaraxanlı bildirib.

O, əsas problem olan izləyici səhifələrinin qara siyahıya düşməsinin səbələrindən də danışıb.

Facebook niyə blok edir?

“İlk olaraq səhifəniz Facebook şirkətinin tərtib etdiyi müəyyən qaydalara uymadıqda qara siyahıya düşür. Bundan əlavə əgər siz şiddət, müharibə, içki və narkoti kimi qeyri leqal məsələləri təbliğ edirsizsə, yenə də Facebook sizi cəzalandıracaq. Eyni zamanda əgər siz kimisə təhqir edib, ona qarşı nalayiq, qeyri-etik sözlər işlətmisinizsə yenədə şirkətin məhkəməsindən qaça bilməyəcəksiniz. Səhifənizin bloklanmasına başqa səbəb isə müəllif hüquqlarını pozduğunuza görə ola bilər. Əgər siz başqasının əməyini ondan icazə almadan, müəllif hüququnu pozursunuzsa, bu da sizin əvvəl bir neçə xəbərdarlıq almağınıza və daha sonra qara siyahıya düşmənizə səbəb olacaq”.

“Nöqtə, vergül” kampaniyası...

Mütəxəssislərin fikrincə, əgər istifadəçi rahat şəkildə, heç bir problemsiz status yazıb “nöqtə, vergül qoyun” deyirsə, demək ki, onun hər hansısa problemi yoxdur.

Müzəffər Qaraxanlıda bu fikirdədir. Mütəxəssis bu istəyin heç kəsə fayda vermədiyini vurğulayıb:

“İstifadəçilərin “nöqtə, vergül qoyun” xahişinin yaranmış problemin aradan qaldırılması baxımından heç bir əhəmiyyəti yoxdur. Mən illərlədir ki, cəmiyyət arasında bu işin necə qabardıldığını çözmək istəyirəm. Buradan üzümü bütün sosial şəbəkə isləyicilərini tutub deyirəm ki, bu “nöqtə, vergül”lər sizə yardımçı olmur. Əgər səhifəniz bloklanırsa, sizə heç bir nöqtə kömək etməyəcək, ümumiyyətlə, əgər bir istifadəçnin profili qara siyahıya düşübsə o, “nöqtə, vergül qoyun” statusunu da yazıb paylaşa bilməz”.

Sonda mütəxəssis Facebook-un qara siyahısından çıxış yollarından da danışıb.

“Blokdan çıxış yolu ancaq Facebook şirkətinin texniki dəstək komandası ilə (support) təmasa keçərək, öz haqlı mövqeyini sübut etməkdir. Bunun üçün əlaqə bölümündən şirkətə sorğu göndərərək, bütün blok olma səbəblərini qeyd edirsən. Sözsüz ki, əgər şirkətin qoyduğu qaydaları pozmayıb, günahsız olaraq blok olunmusuzsa, onlar mütləq sizə yardımçı olacaqlar”.

Vüsalə Balayeva, Bizim.Media












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.