Azərbaycana böyük təhlükə: Rusiya iki istiqmətdə sərhədə gəlir - NƏ BAŞ VERİR?

7-08-2021, 09:28           
Azərbaycana böyük təhlükə:
Ermənistanın Müdafiə Nazirliyi bu gün Azərbaycanla sərhəd (Qazax rayonu istiqaməti) Voskepar kəndində Rusiya sərhədçilərinin yerləşdirildiyini açıqlayıb.

Məlumatda deyilir ki, hazırda kənddə Rusiya sərhədçilərinin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür.

Erməni KİV-lərinin məlumatlarına görə, Rusiya sərhədçiləri kənddəki evlərdən birində yerləşiblər, söhbət çox güman ki, bir taqım əsgərdən gedir.

Yəni Rusiyanın Voskepar kəndində hərbi iştirakı əsasən simvolik xarakter daşıyır.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəd boyu Rusiya sərhəd qoşunlarının postlarının yerləşdirilməsini təklif edib və bu məsələni rusiyalı tərəfdaşlarla müzakirə edəcəyini bildirib.

Paşinyan əsasən dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətindən keçən, tez-tez atışmalar baş verən hissəsini nəzərdə tuturdu.

Rusiyada Paşinyanın bu təklifinə ya sükutla reaksiya verdilər, ya da ayrı-ayrı siyasətçilər və ekspertlər səviyyəsində əsasən müsbət yanaşmadılar.

Ekspertlər qeyd etdilər ki, sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsini Azərbaycanla da müzakirə etmək lazımdır, ancaq Bakı buna heç cür razılıq verməz.

İndi isə Rusiya sərhədçiləri bilavasitə Azərbaycanla sərhəddə olmasa da, Ermənistanın Qazax istiqamətindəki sərhəd kəndində yerləşiblər.

Xüsusən də Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunmuş, anklav vəziyyətində olan kəndlərinin qaytarılacağı haqda vaxtaşırı olaraq şayiələrin (əsasən erməni KİV-lərində) yayıldığı bir vaxtda bu nədən xəbər verir?

Erməni hərbi ekspert Karen Ovanesyan hesab edir ki, Rusiya sərhədçilərinin Voskepar kəndində iştirakı anklav ərazilərin geri qaytarılmasına hazırlıqdır.

Belə ki, Rusiya sərhədçiləri Azərbaycanın əsas əraziləri ilə Qazaxın həmin anklav kəndləri arasında gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün ora yerləşdirilə bilərdi. “Əks halda, Rusiya sərhədçilərinin orada yerləşdirilməsi üçün heç bir tutarlı səbəb yoxdur. Bu, həmin kəndlərin qaytarılmasına hazırlıq və onların təhlükəsizliyini təmin etmək üçün edilir”,-o deyib.

Ovanesyan təxmin edir ki, Ermənistan həmin kəndləri qaytarmaqla bağlı güzəştə gedib və məsələ yaxın 1-2 ildə həll oluna bilər.

Qeyd edək ki, Paşinyan hökuməti dəfələrlə Qazaxın kəndlərinin qaytarılmasına dair gizli öhdəlik götürməkdə günahlandırılıb.

Lakin indiki halda ola bilsin Rusiya sərhədçilərinin Voskeparda yerləşdirilməsi sərhəd boyu eskalasiyanın bu istiqamətə də yayılmasını önləmək məqsədi daşıyır.

Bu barədə Cebhe.info-ya danışan politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın sərhəd məsələsində iştirakı Azərbaycan üçün məqbuldur: “Bir şeyi diqqətdən qaçırmayaq. Sərhədlərin müəyyənləşmə prosesi Rusiyanın varisi olduğu keçmiş SSRİ-də mövcud olan xəritələr çərçivəsində müəyyən olunur. Bu məsələdə də Rusiyanın vasitəçiliyi normal qarşılanmalıdır.

Bu məsələyə Ermənistan hüquqi tərəfdən yanaşmış olsaydı, Rusiya kimi imperya siyasəti güdən ölkənin vasitəçiliyinə də ehtiyac qalmazdı. Ermənistan xəstə təfəkkürlü ölkədir və onun cəmiyyəti də xəstədir. Ona görə də ilkin vəziyyətdə delimitasiya və demarkasiya prosesində Rusiyanın vasitəçiliyi Azərbaycan tərəfindən qəbulolunandır. Başqa 4-5-ci tərəflərin prosesə müdaxiləsi vəziyyəti çox pisləşdirə bilər. Buna görə də Rusiyanın vasitəçiliyi məqbuldur. Bu məsələnin birinci tərəfidir”.

Politoloq məsələnin digər tərəfi kimi Rusiyanın imperiyapərəst addımlar atacağı təqdirdə Azərbaycanın onlara cavab verməli olduğunu vurğulayıb: “Məsələnin digər tərəfi odur ki, həqiqətənmi Rusiya sərhədlərin müəyyənləşməsi prosesində Qazaxın 7 kəndini Azərbaycana qaytarılması məsələsində səmimi olaraq iştirak edir? Hələlik bu sual açıqdır. Həqiqətən bu yöndə razılaşma varsa, rus sərhəd qoşunları sərhəddə anklav kəndlərdə yerləşdirilməsi ilə bu ərazilərin tədricən Azərbaycana təhvil verməyi düşünürsə, bu, Azərbaycanın xeyrinədir.

Bu, növbəti dəfə rusların geosiyasi hiyləsidirsə, Azərbaycan-Rusiya arasında münasibətlərin daha da gərginləşməsinə gətirib çıxaracaq. Rusiya kimi imperiyapərəst, işğalçı bir ölkənin iki istiqamətdə Azərbaycanla həmsərhəd olması bizim üçün təhlükə yaradır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.