"Rus NATOsu"na "HƏ" deyəriksə... - GƏLİŞMƏ

7-08-2021, 09:36           
"Rus NATOsu"na "HƏ" deyəriksə... - GƏLİŞMƏ
Bunu avqustun 5-də keçirilən brifinqdə Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Aleksandr Bikantov deyib. Bu açıqlama bir daha təsdiq edir ki, rəsmi Moskvanın Bakıdan hələ də KTMT gözləntisi var. Bu da odur ki, Azərbaycan heç olmasa, müşahidəçi kimi bloka qoşulsun.

Bu status bizə nə verəcək? Qarşılığında Rusiyanın bizə konkret hansı köməyi dəyə bilər? “Rus NATO-su”nda müşahidəçi olacağıqmı?

Siyasi şərhçi Asif Nərimanlı verilən mesajlardan söz açdı: “Bundan öncə Rusiya xarici işlər nazirinin müavini Rudenko bu məsələni gündəmə gətirmişdi və bildirmişdi ki, Azərbaycanın KTMT-yə qoşulmasına mane ola biləcək yeganə məqam təşkilatın Nizamnaməsinin bəzi bəndləridir. Həmin bəndlər təşkilat üzvü olan ölkələr arasında diplomatik münasibətləri ehtiva edir. Azərbaycanla Ermənistan arasında isə hazırda belə münasibətlər yoxdur. Həmin münasibətlər yaranan kimi - bunun gec və ya tez baş verəcəyinə ümid edirik - məsələni praktiki səviyyəyə qaldırmaq olar. Bikantovun məsələyə münasibəti əslində Rusiyanın məsələni gündəmdə saxlamasıdır və fikrimcə, burada İrəvana və Bakıya mesajlar var. İrəvana verilən mesaj budur ki, KTMT sərhəd prosesinə qoşulmayacaq, çünki Azərbaycanın ən azı beynəlxalq müşahidəçi qismində təmsil olunmasını istəyirik. Bakıya verilən mesaj budur ki, Qarabağ məsələsindən sonra sərhəd məsələsinin də Azərbaycanın istəyinə həll edilməsinə qarşılıq, KTMT-yə gəlməyinizi istəyirik. Rusiyanın KTMT istəyini indi Qarabağda razılaşmaların tam icra edilmədiyi və sərhədlə bağlı məsələnin davam etdiyi vaxtda gündəmə gətirilməsi də Azərbaycana “istədiyimizi almasaq, Qarabağ və sərhəd məsələsinin həllində problemlər yarana bilər” mesajını verməkdir.

Lakin Azərbaycanın “Rus NATO-su”nda müşahidəçi statusda belə təmsil olunması ehtimalını azaldan məqamlar var. Birincisi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür, Hərəkatın Nizamnaməsinə görə üzv ölkələr heç bir hərbi ittifaqda yer ala bilməz. İkincisi, Azərbaycan bölgədə “rus ittifaq”larına alternativ olacaq gücə çevrilən və bu ittifaqlardakı türkdilli ölkələri də öz orbiti ətrafında daha sıx birləşdirmək xəttini tutan Türk Şurasının həlledici oyunçusudur. Üçüncüsü, Azərbaycanın hərbi müttəfiqi olan Türkiyə “rus ittifaq”larının əks-qütbündə yer alan NATO ölkəsidir. Rusiyadan verilən açıqlamalar məsələnin qapalı görüşlərdə müzakirə edildiyini deməyə əsas verir və istisna deyil ki, Bakı istədiklərini alana qədər “qapıları aralı” saxlayır.

Əslində rusların bu istəyi yeni deyil və Azərbaycan həmişə “never say never” (“heç vaxt heç vaxt demə”) strategiyasını tətbiq edib. Bakı Qarabağla bağlı üçtərəfli razılaşmaların bütün şərtlərinin icra edilməsini, sərhədlərin demarkasiyası və delimitasiyası prosesinin yekunlaşmasını və Ermənistanla yekun sülh sazişinin imzalanmasını istəyir. Fikrimcə, Azərbaycan istədiyini alana qədər “never say never” strategiyası üzrə hərəkət edəcək. KTMT-də təmsil olunmaq perspektivi yalnız bir kontekstdə mümkün ola bilər. Rusiya Türk Şurasında müşahidəçi statusda yer almaq istəyir, mümkündür ki, Moskvanın bu addımına qarşılıq Azərbaycan da KTMT-yə eyni statusu alır və bu, Rusiya-Türkiyə münasibətlərində Bakının körpü olmaq rolu gücləndirilir. Lakin qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına üzvlüyümüz bu məsələni istisna edir və Azərbaycanın ciddi nüfuza malik olduğu Hərəkatın Nizamnaməsini pozacağı inandırıcı deyil”.

Politoloq Məhəmməd Əsədullazadə Azərbaycanın KTMT-yə üzv olmasının mümkünsüzlüyündən söz açdı: “Qarabağ müharibəsinin qalibiyyətlə başa çatmasından sonra Moskva Azərbaycanın KTMT-də müşahidəçilik statusu almasında maraqlıdır. Bu xüsusda dəfələrlə yüksək səviyyədə Rusiya rəsmilərinin acıqamalarına rast gəlirik. Hətta Düşənbə sammitində Azərbaycanın müşahidəçiliyi gündəmə gətirildi. Azərbaycanın KTMT-də müşahidəçiliyi düşünürəm ki, erməni separatçılarına qarşı antiterror əməliyyatları keçirilərsə, müəyyən qədər Rusiyanın neytral qalmasına səbəb ola bilər. Amma Rusiyanın sonuna kimi buna gedəcəyini gözləmirəm. Bundan əlavə, Azərbaycanın KTMT təmsilçiliyi Azərbaycana qarşı Qərbin siyasi təzyiqlərinə yol açıla bilər. Ümumiyyətlə, KTMT NATO və digər beynəlxalq və regional təşkilatlar kimi nüfuzlu deyil, bu təşkilata üzv olanlar Rusiyanın orbitində olmaq deməkdir. Ona görə də düşünürəm ki, Azərbaycanı KTMT-yə cəlb edəcək nəsə bir siyasi divident var. Əks halda KTMT Azərbaycanın gündəliyində olmayan bir təşkilatdır. Bu gün KTMT daxilində çıxış böhranı var. Tacikistan və Qırğızıstan arasında baş verən son silahlı böhran bunu deməyə əsas verir ki, Azərbaycan bu təşkilata üzv olacaqsa, ciddi bir mövqe əldə etməyəcək. Onsuz da KTMT üzvləri ilə Ermənistan xaric olmaqla Azərbaycanın yüksək səviyyədə əlaqələri var. Azərbaycanın Rusiyanın orbitində olması, sabah Qarabağda sülhməramlı qüvvələrin buradan çıxmamasına səbəb olar. Ona görə də üz olmaq əlverişli deyil”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.