Zamanla yarış, bal topla və vakansiya sürprizi ilə qarşılaş – MİQ məyus edir

7-08-2021, 09:37           
 Zamanla yarış, bal topla və vakansiya sürprizi ilə qarşılaş – MİQ məyus edir
Yüzlərlə gənc ixtisas təhsilini tamamladıqdan sonra rüşvət vermədən, kiməsə minnətçi düşmədən müəllimlərin işə qəbul imtahanında (MİQ) iştirak edərək müəllim adına yiyələnəcəyi günü gözləyir. Bu günlərdə isə MİQ imtahanları ilə bağlı yaşanan çətinliklər bir çox namizəddə buna olan ümidi qırmaq üzrədir.

Belə ki, imtahanla bağlı çətinliklər yaşanır, narazılıqlar müşahidə edilir. Bunlar isə problemlərin həlli istiqamətində ciddi və qərarlı addımlar atılmasının labüd olduğunu göstərir.

AYNA mövzuya dair təhsil eksperti Elvin Bədirovla həmsöhbət olub.
- Elvin bəy, sizcə, niyə müəllimlərin işə qəbul imtahanı bu qədər problemlə yadda qaldı?

- Düşünürəm ki, bunun bir neçə səbəbi var. Problemlər daha çox obyektiv amillərlə bağlı olsa da, subyektiv amillər də kifayət qədərdir. Yəni burada fərdlərin özünün imtahan nəticəsinin qənaətbəxş olmaması da subyektiv səbəb hesab oluna bilər. Hər şeydən əvvəl isə mən hesab edirəm ki, Təhsil Nazirliyi imtahan keçirmə ənənəsinə sahib deyil. Bu prosesi hələ yaxşı formalaşdıra bilməyiblər və keyfiyyətli imtahan keçirə bilmədiyinə görə də bu cür problemlərlə üz-üzə qalırlar. Belə ki, sual bazası, sualları tərtib edən, onları yoxlamadan keçirən, təsdiq verən heyətdə peşəkar, işini yaxşı bacaran şəxslər azdır. Yəni peşəkar heyətdə problemlər var və bu kimi amillər inkar edilə bilməz. Əks halda 3 gündə olan imtahan seansları qeyri-kafi hesab edilməz və yeni bir imtahanla əvəzlənməzdi.

Düşünürəm ki, testlərin özü ilə yanaşı, imtahanın keçirilmə formatında da problem var. Xüsusən ibtidai sinif, dil və ədəbiyyat müəllimliyi üzrə imtahan seanslarının çox olmasına baxmayaraq, sual sayı, ya da həmin suallara alternativ, eyni gücdə suallar kifayət qədər deyil. Məsələn, gün ərzində 4-5 imtahan seansı olursa, bunların hər biri üçün fərqli test hazırlanmalıdır. Bu da faktiki olaraq mümkün deyil.

- Bəs çıxış yolu nədir?

- İmtahanın vahid məkanda təşkil edilməsi məcburiyyəti olmamalıdır. Niyə bütün müəllimlər vahid məkanda, kompüter arxasında imtahan verməlidir? Düşünürəm ki, imtahanı kağız daşıyıcılar üzərində və iki variantda suallar hazırlamaqla çox qısa müddətdə və müxtəlf yerlərdə olmaqla təşkil edə bilərlər. Necə ki Dövlət İmtahan Mərkəzi (DİM) eyni zamanda 20-40 min nəfərlə imtahan keçirə bilirsə, bunu Təhsil Nazirliyi də edə bilər. Buna TN-in imkanının çatdığını və DİM-dən daha artıq gücə sahib olduğunu düşünürəm. Bu zaman da daha az sualdan istifadə ediləcəyinə görə imtahan suallarına nəzarət daha rahat olacaq.

- Niyə bizdə vakansiya sayı namizədlərin sayından olduqca azdır?

- Düşünürəm ki, bu, obyektiv səbəblərdən çox, subyektiv səbəblərlə bağlıdır. Səbəbi bu istiqamətdə axtarmalıyıq – niyə filan məktəblərdə vakansiya olmur? Halbuki həmin məktəblərdə işdən çıxan, müxtəlif səbəblərdən dərs saatı boş qalan müəllimlər də olur. Buna baxmayaraq, vakansiya yoxdursa, deməli, Təhsil Nazirliyi bu məsələyə daha ciddi nəzarət etməlidir, məktəblərdən daha detallı şəkildə bununla bağlı hesabat tələb etməlidir.

- Bəs vakansiya sayı az olmasına baxmayaraq, namizədlərin sayının çox olmasına səbəb nədir?

- Buna səbəb də pedoqoji istiqamətdə təhsil alanların sayının çox olmasıdır. Vakansiya sayı az olduğu halda, bu istiqamətdə təhsil alanların sayının çox olması da düzgün hesablamamaların nəticəsidir. Universitetlərdə bu sahədə təhsil yerlərini tələbata uyğun sayda ayırmalıyıq. Hazırda kifayət qədər savadlı müəllim ordusu var ki, heç bir yerdə fəaliyyət göstərə bilmir. Lakin bu da danılmaz faktdır ki, məktəblərimizdə fəaliyyət göstərən çox sayda müəllim var ki, bilik və bacarığı aşağı səviyyədədir. Buna görə də attestasiyanı sürətləndirmək lazımdır. Diaqnostik qiymətləndirmə MİQ imtahanlarından olduqca asan olsa da, həmin imtahanlarda belə, bal göstəricisi aşağı olan müəllimlər var ki, hazırda fəaliyyət göstərirlər.

- Təhsil Nazirliyinin imtahan keçirə bilmədiyi və bu işi DİM-ə həvalə etməli olduğu haqda fikirlər səsləndirilir. Sizin buna münasibətiniz necədir?

- Mən bununla ümumiyyətlə, razı deyiləm. Hətta görürük ki, DİM olduqca çox imtahan keçirir və nəticə bəzi hallarda ürəkaçan olmur, kifayət qədər də problemlər var. Təhsil Nazirliyi çox radikal qərarlar qəbul edərək bu işi bacara bilər. Məsələn, imtahanın keçirilmə formasını, sualların xüsusiyyətini və s. dəyişə bilər.

Alternativlər olan yerdə mütləq inkişaf olur. Buna görə də Təhsil Nazirliyi bu məsələdə peşəkarlığını artırmalıdır ki, DİM bir sıra imtahanların onlardan alınaraq Təhsil Nazirliyinə həvalə edilməsindən narahat olsun. Bu halda rəqabət olacaq və keyfiyyətli nəticə əldə ediləcək. Düşünmürəm ki, Təhsil Nazirliyinin özündə testologiyanı çox ciddi bilən və böyük imtahanlar keçirmə təcrübəsinə malik olan ciddi mütəxəssislər azdır. Elə buna görə də imtahanla bağlı bu cür ciddi problemlər yaranır.

- Bu qədər problemlərin fonunda düşünənlər var ki, bəlkə MİQ imtahanları ləğv edilməlidir?

- Düşünürəm ki, bütün problemlərə baxmayaraq, əvvəlki illərdə işə qəbul prosesi ilə müqayisədə MİQ imtahanları çox-çox yaxşıdır. Rüşvət vermədən, başqasının minnətini götürmədən minlərlə savadlı gənc müəllim məktəblərdə fəaliyyət göstərir. Sadəcə bizə lazım olan bu nəticəni daha da yaxşılaşdırmaqdır.

- İmtahanların yaxşı nəticələnməsi üçün nələr edilməlidir?

- Sualınıza cavab verməzdən əvvəl istərdim, bir məqama toxunum. MİQ imtahanı iştirakçıları vaxtın idarə edilməsi ilə bağlı ciddi problem yaşayırlar. 90 dəqiqə ərzində 60 sualın üzərində işləmək olduqca çətindir. Bəli, müəllim daha savadlı olmalıdır, amma təcrübədə görürük ki, verilmiş zaman sual sayı ilə müqayisədə kifayət etmir. Buna görə də heç olmasa texniki fənlərdən 2 saat və daha artıq zaman verilməlidir. Müəllim məsələni sürətli həll etmək bacarığına yox, bildiyini yaxşı öyrədə biləmə potensialına sahib olmalıdır. Bu potensiala sahib insanlara isə imkan yaradılmalıdır ki, müəllim adını qazana bilsinlər.

Çox sürətli test, tapşırıq həll etmək bacarığı olan şəxslər onsuz da DİM imtahanlarında 650-dən yuxarı bal toplayırlar və reallıq da belədir ki, həmin şəxslər bir çox hallarda müəllimliyi seçmirlər. Bu gün fakt belədir ki, texniki fənlər istiqamətində Azərbaycan müəlliminin göstəricisi təxminən 400 baldan yuxarı olur. Onlar da nə 25 fizika, nə 25 riyaziyyat, nə də 25 kimya yazanlardır. Həmin şəxslərdən yüksək nəticə gözləmək doğru deyil. Buna görə də həqiqətən öz üzərində işləyən, bacarıqlı, hazırda bir çox məktəblərdə fəaliyyət göstərən müəllimlərdən qat-qat artıq savadlı olan gənclərə imkan yaratmaq lazımdır. Bəlkə də tarixdən 90 dəqiqə ərzində verilən sualları cavablandırmaq olar, amma texniki fənlər üçün bu zaman çox az müddətdir. İkincisi də, bu qədər fərqli sual modelləri olmamalıdır. Alternativlər eyni gücdə olan suallar olmalıdır.

İngilis dili ilə bağlı hər il problemlər yaşanır. Onsuz da təklif edilən vakansiya sayı az olur. Amma mən əminəm ki, imtahan çətinliklərini aşa bilməyən xeyli sayda ingilis dili müəllimi var ki, hazırda məktələrdə fəaliyyət göstərən bir çox müəllimlərdən olduqca savadlıdırlar.

Bakıda yer tapılmır. 40-50 km məktəbə yol gedən müəllimlər tanıyıram. Bu, sadəcə insafsızlıqdır. Buna nəzarət edilməlidir. Biz uşaqlarımızın yaxşı nəticələr göstərməsini istəyiriksə, güclü müəllim ordusu yetişdirməliyik. Biz dünya reytinq göstəricisisində texniki fənlər üzrə çox aşağı nəticə göstərənlər sırasındayıq. Çünki məktəblərimizdə texniki fənləri keyfiyyətli tədris edən müəllimlər olduqca azdır. Diaqnostik qiymətləndirmədə texniki fənlərdən 0-10 bal arasında nəticə göstərən kifayət qədər müəllim var. Onları illərdir məktələrdə saxlamağın mənası nədir? Həmin müəllimlər 50 yaşından sonra özünü inkişaf etdirə biləcəkmi? Onları kənarlaşdırmağa əngəl olan nədir?

Həmin müəllimlərlə bağlı təkliflər hazırlanmalı, bu zamana qədər göstərdikləri xidmətə, əməkhaqqına münasib olaraq qiymətləndirərək pensiyaya göndərmək lazımdır. Onların yerini inkişafa meyilli, gənc müəllimlərə həvalə etmək lazımdır. Bu zaman biz yaxşı nətəcələr görə biləcəyik. Bu, Təhsil Nazirliyinin borcudur. MİQ imtahanı keçiriləndən bu yana, illərdir tam təkmilləşə bilmirsə, deməli, komanda dəyişməlidir, işi bilənlərə müraciət etmək lazmdır. Yalnız bu halda yaxşı nəticə əldə etmək olar. //ayna.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.