Külli miqdarda dövlət vəsaitini mənimsədiyinə görə həbs edilmiş məmurlar sistem tərəfindən necə əfv edilir? - Korrupsiya cənnəti…

7-08-2021, 09:48           
Külli miqdarda dövlət vəsaitini mənimsədiyinə görə həbs edilmiş məmurlar sistem tərəfindən necə əfv edilir? - Korrupsiya cənnəti…
Azərbaycanın ötən dövrdə enerji resursları hesabına əldə etdiyi nəhəng gəlirlərə baxmayaraq, siyasi və iqtisadi inkişafdan geri qalmasının əsas səbəblərindən biri korrupsiyadır. Sadə dildə desək, büdcə oğurluğu və soyğunçuluqdur. Ölkəmiz beynəlxalq təşkilatların korrupsiya hesabatlarında mütəmadı olaraq ən yüksək yerlərdə qərarlaşır. Son iki onillikdə Azərbaycandan milyardlarla dollar pul xaricdəki offşor hesablara köçürülüb və jurnalist araşdırmaları zamanı onların bir qismi üzə çıxır.

Korrupsiya sxemlərinə söykənən idarəçilik, sərvətlərin talan olunması ölkədə sosial bərabərsizliyi dərinləşdirib, sahibkarlıq, biznes orta təbəqənin nəzarətindən çıxaraq oliqarxiyanın bir hissəsinə çevrilib. İqtisadiyyatın əsas gəlirli sahələrinə yüksək səviyyəli məmurlar nəzarət edir, büdcə vəsaitləri də onlar tərəfindən müxtəlif maxinasiyalarla mənimsənilir. Son illərdə bunu təsdiq edən onlarla cinayət işi açılıb, vəzifəli şəxslər həbs edilib, nazirlər postlarından uzaqlaşdırılıb, amma ölkədə nə korrupsiyanın miqyası azalıb, nə inhisarlar zəifləyib, nə də nəzarətedici qurumların fəaliyyətində irəliləyiş hiss olunur. Sadəcə, vəzifələrindən atılan məmurlara məxsus iri kapital əl dəyişdirir, bu da nəticə etibarilə ölkədə hansısa ciddi dəyişikliyə gətirib çıxarmır.

Həbsxanaya düşmək vaxtilə korrupsiya pramidasında yer almış şəxslər üçün böyük faciə deyil. Çünki onları müdafiə edən sistem var. Polis, prokurorluq, məhkəmə və nəhayət, penitensiar xidmət heç də onlara yad deyil, “paqon”ları sökülmüş məmur onların himayəsində özünü yad ünsür kimi hiss etmir. Topladığı sərvətin bir hissəsini leqal, bir hissəsini isə qeyri-leqal şəkildə verib, bir müddət sonra Cinayət Məcəlləsinin “yüngülləşdirici” imkanlarından yararlanmaqla azadlığa çıxır.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2020-ci ilin mayında Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı həbs olunmuş, 5 milyon manatdan artıq büdcə vəsaitinin yeyintisində suçlanan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov dövlətə dəymiş ziyanı ödəyib. Sabiq xidmət rəisinin 600 min dollar, 130 min, 10 min və 20 min manatlıq əmlaklarının üzərinə də məhkəmə qərarıyla həbs qoyulub. Vəkil ziyanın ödənilməsini nəzərə alaraq Z.Sultanovun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, onun ev dustaqlığına buraxılmasını istəyib. Amma dövlət ittihamçısı bunun əleyhinə olub, hakimlər də onunla həmrəylik nümayiş etdiriblər. Sultanov CM-in 179.4 (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunur. Bu maddədə 10 ildən 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Mədəniyyət nazirinin rüşvət almaqda suçlanan keçmiş müavini Rafiq Bayramovun mühakiməsi də yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb və prokuror ona 10 il həbs cəzası verilməsini tələb edib. Sabiq nazir müavini özünü təqsirli bilmir.

Amma xidmət rəisinin və nazir müavininin veriləcək cəza müddətlərini tamamlayacağı gözlənilmir. Onları yetişdirən sistem bu şəxslərin həbsxanalarda çürüməsinə imkan verməz. Necə ki, 2015-ci ildə baş vermiş səs-küylü “Rabitə işi”, “MTN işi” kimi əməliyyatlarda həbs olunan, ağır cəzalara məhkum edilən məmurların heç bir bu gün həbsdə deyil. Onlar da oğurladıqları sərvətdən dövlətə dəymiş ziyanı ödəyib, bir müddət sonra şərti məhkumluqla azadlığını qazanıblar.

Xatırladaq ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən 11 keçmiş əməkdaşı ümumilikdə 153 milyon manat pulu mənimsəməkdə ittiham olunublar. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin çıxardığı hökmə əsasən təqsirləndirilənlərdən 5 nəfəri CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunaraq azadlığa buraxılıb.

Təqsirləndirilən şəxslərdən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalov və “Bakı Telefon Rabitə” İstehsalat Birliyinin baş direktoru olmuş Beytulla Hüseynova 13 il, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədova 11 il, 3 saylı Rabitə Təmir Tikinti və Rabitə Mülki Tikinti MMC-lərinin direktoru Emin Məmmədova 10 il, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevə 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə isə 3 il həbs cəzası verilib. Məhəmməd Məmmədov, Oqtay Rüstəmov, Səhrab Hümbətov, Cəlil Cəfərov və Bayram Vəliyevin hər birinə 5 il 6 ay şərti cəza verilib, onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmə görə, dövlətə dəymiş 153 milyonluq ziyanın 119 milyonu ödənilməyib. Ona görə də, təqsirləndirilən şəxslərin əmlakları da müsadirə olunub.

Lakin Bakı Apellyasiya Məhkəməsi V.Zeynalovun cəzasını 4 ilə, B.Hüseynovun cəzasını isə 7 il 6 aya endirib. N.Məmmədov, E.Məmmədov, A.Mustafayev və Q.Bəybalayevə münasibətdə də CM-in 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub, onlar da azadlığa buraxılıb. Bakı Apellyasiya Məhkəməsi V.Zeynalov və B.Hüseynovun cəzasını azaltmaqla yanaşı, onların 2009-cu ilə qədər əldə olunmuş əmlakları üzərindən həbsi də götürüb.

Göründüyü kimi, dövlət qurumlarında on milyonlarla vəsaiti talamış mütəşəkkil dəstə qısa müddətdə azadlığa çıxıb. Onların içərisində ən çox məhkum həyatı yaşayan şəxs cəmi 3 il həbsxanada qalıb. Halbuki prokuror onlara 10-14 il cəza istəmişdi və birinci instansiya məhkəməsində kifayət qədər ağır cəzalar almışdılar. Amma apellyasiya instansiyasında “tamaşa” bitdi…

Şübhəsiz ki, yeni əməliyyatlarda həbs edilən məmurları, icra başçılarını da sistem eyni şəkildə cəzalandıracaq və sonradan əfv edəcək. Bu, nə korrupsiyaya qarşı mübarizə, nə də ədalətin təmin olunmasıdır. Çox təəssüf ki, susdurulmuş media, darmadağın olunmuş vətəndaş cəmiyyəti və əzilmiş müxalifət bunun hesabını soruşmaq gücündə deyil… //PRESSKLUB.AZ//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.