Türkiyə modelinə keçiddə zəruri addım: - Ən nəhəng hərbi birliyimiz formalaşdırılır

7-08-2021, 13:50           
Türkiyə modelinə keçiddə zəruri addım: - Ən nəhəng hərbi birliyimiz formalaşdırılır
Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində nəhayət ki, bu il Quru Qoşunları Komandanlığı yaradıldı. Bundan əvvəl silahlı qüvvələrimizdə say tərkibi baxımından quru qoşunları olsa da, onların birbaşa komandanlığı yox idi, Baş Qərargaha tabe idi. Lakin indi ordumuzun Quru Qoşunları Komandanlığı mövcuddur.

Elə bu günlərdə müdafiə naziri Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Prezidentinin Quru Qoşunları Komandanlığının yaradılması haqqında müvafiq Sərəncamının icrası məqsədilə Komandanlığın yeni istifadəyə verilmiş bir neçə hərbi obyektində olub. Nazir Quru Qoşunları Komandanlığının qərargah binasına baxış keçirib. Məruzə olunub ki, qərargahda müasir ümumqoşun döyüşü şəraitində hərbi əməliyyatların və qoşunların avtomatlaşdırılmış idarəetmə sistemləri üçün nəzərdə tutulmuş məntəqələr, həmçinin sinif və xidməti otaqlar fəaliyyət göstərir.

Müdafiə naziri komandanlığın tərkibindəki idarələrin inzibati binalarında, həmçinin əsgər yataqxanası və atış şəhərciyində yaradılan şəraitlə tanış olub. General-polkovnik Z.Həsənov hərbi hissələrin şəxsi heyətinin sosial-məişət və xidmət şəraitinin daha da yaxşılaşdırılması üzrə müvafiq tapşırıqlar verib.

Mütəxəssislər Quru Qoşunları Komandanlığının fəaliyyətə başlamasını təqdirəlayiq hal kimi qiymətləndirərək bildirirlər ki, Azərbaycan Ordusunda belə komandanlığın yaradılması Silahlı Qüvvələrdə xidmət çevikliyinə də müsbət təsir göstərəcək.

Hərbi ekspert Azad İsazadə AYNA-ya şərhində deyib ki, Quru Qoşunları Komandanlığının yaradılması orduda atılan maraqlı və önəmli addımlardan biridir: “Azərbaycan Ordusunda Hərbi Dəniz Donanması Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı var idi. Lakin Quru Qoşunları Komandanlığı yox idi. Məsələ burasındadır ki, şəxsi heyətin sayı və silah-sursat nöqteyi-nəzərindən Azərbaycan Ordusunun əsasını quru qoşunları təşkil edir. Əvvəl quru qoşunlarının öz komandanlığı olmadığından bütün briqada və korpuslar Baş Qərargaha tabe idi. Halbuki Baş Qərargah müharibə vaxtı Silahlı Qüvvələrin Baş Qərargahıdır. Müharibə vaxtı bütün qüvvələr, o cümlədən sərhədçilər, daxili qoşunlar və s. ona tabe oldu. Yəni struktur belədir”.

“Müharibə vaxtı Baş Qərargah Ali Baş Komandanın tabeliyinə keçir. Əlbəttə, texniki baxımından bütün qoşunları eyni vaxtda idarə etmək çox çətindir. Bundan sonra isə idarəetmə asanlaşacaq”, - deyə həmsöhbətimiz bildirib.

Başqa bir hərbi ekspert Ədalət Verdiyev da AYNA-ya açıqlamasında Quru Qoşunları Komandanlığının yaradılmasının zərurətdən olduğunu söyləyib: “Quru Qoşunları Komandanlığının tərkibinə bir çox müəssisə, təşkilat və müxtəlif birliklərin, hərbi hissələrin, motoatıcıların, tank bölmələrinin, raket-artilleriya vasitələrinin və xüsusi xidmətlərin daxil olacağı gözlənilir. Quru Qoşunları artıq Azərbaycanın ən böyük tərkibə malik vacib bir qoşun növüdür. Bu qoşunların silahlanmasında çox müxtəlif silah və texnika mövcud olacaq”.

“Türkiyə Ordusunun modelinə keçid Quru Qoşunları Komandanlığının yaradılmasını zəruri edirdi. Artıq bu prosesə başlanılıb. Komandanlığın komandanı təyin edilib. Yaxın zamanlarda Komandanlığın İdarə Heyətinə daxil olan və digər xidmətlərə rəhbərlik edəcək şəxslərin də vəzifələrə təyinatı gözlənilir”, - deyə mütəxəssis vurğulayıb.

Verdiyev əlavə edib ki, artıq Quru Qoşunlarının tabeliyində olan hissə və bölmələrin inteqrasiyası həyata keçirilir: “Yəni ki, birliklərin Quru Qoşunlarına tabe etdirilməsi prosesi aktiv şəkildə aparılır. Eyni zamanda, Quru Qoşunlarına aid olan yeni hərbi hissələrin açılması istiqamətdə addımlar atılır. Müdafiə nazirinin Quru Qoşunlarına aid hərbi hissəyə getməsi, şəraitlə tanış olması da göstərir ki, proseslər aktiv fazadadır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.