Ətsevər camaat deyilik, lakin: yenə də ətimiz özümüzə çatmır

9-08-2021, 00:11           
Ətsevər camaat deyilik, lakin:
Azərbaycanda heyvandarlığın inkişafına nə mane olur?
Dünya əhalisinin artması səbəbindən dünyada ət istehlakı da artır. Əsasən ən çox ət ABŞ, Avstraliya və Argentinada, ən az isə Afrika ölkələrində istehlak olunur. Dünyada adambaşına ildə orta hesabla 70 kiloqramdan çox ət istehlak edilir. Qonşu Rusiyada illik ümumi ət istehlakı 76,5 kiloqramdır və quş əti ilə donuz əti ən populyardır.

Ölkəmizə gəldikdə, ət istehlakının az olduğu ölkələrə aiddir - ildə adambaşına 30 kiloqramdan bir az çox. Azərbaycan bu qədər aşağı ət istehlakı ilə belə, yerli istehsal hesabına daxili bazarın bu məhsula olan tələbatını ödəyə bilməz.

Təbii ki, müəyyən irəliləyişlər var. Belə ki, Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2021-ci ilin yanvar-iyun aylarında 31 milyon 884 min dollar məbləğində 18 min 308 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28,7%, dəyər baxımından isə 30,6% azdır.

Ancaq bu cür rəqəmlər bizi təmin edə bilməz və həcmi artırmaq lazımdır. Yerli heyvandarlıqdakı problemlər uzun illlərdir ki, mövcuddur, lakin həll edilməmiş qalır. Baxmayaraq ki, əgər istəsək və düzgün qərarlar verilsə, bunu etmək o qədər də çətin deyil.

Heyvandarlıq və quşçuluğun inkişafı üçün bir neçə komponentə ehtiyac var. Xüsusilə, iribuynuzlu və xırdabuynuzlu heyvanların geniş otlaq sahələrinə, damazlıq mal-qaranın yetişdirilməsi üçün seleksiya işlərinə ehtiyac var. Fermerlərin ödəyə biləcəyi ən yaxşı qiymətə daha çox yem istehsalına başlamaq da vacibdir. İndi mütəxəssislərin hesablamalarına görə, ehtiyac olan yemin heç 5%-ni belə, istehsal etmirik. Bundan əlavə, istehsalçılara məhsullarını satmağa kömək etmək lazımdır və s.

Gədəbəy rayonundan olan fermer Nofəl Qasımovun AYNA-ya dediyinə görə, bəzi bölgələrdə heyvandarlığın vəziyyəti daha yaxşıdır, bəzilərində isə daha pisdir: “Xüsusilə, Gədəbəy rayonunda əsas problem tam olaraq kifayət qədər yem təminatının olmamasıdır. Bu baxımdan çoxlu mal-qara saxlamaq mümkün deyil”.

“Qarışıq yem baha başa gəlir. Çəkisi 20 kiloqramdan az olan kisənin qiyməti 7-8 manatdır. Və bu kisə orta hesabla 2 gün üçün kifayət edir. Bir inəyə ildə təxminən 200-300 kq qarışıq yem lazımdır. Təsəvvür edə bilərsinizmi ki, bir fermer heyvanları yemləmək üçün təkcə qarışıq yemə nə qədər sərmayə qoymalıdır?!”, – deyə fermer bildirib.

Otlaqların sayı da xeyli azalıb, bu torpaqlar bir vaxtlar bəzi fermerlər tərəfindən alınmışdı. Satış problemləri də var. Pandemiya səbəbindən alıcılar azdır. Uzun müddətdir toylar keçirilmirdi, yas mərasimlərinə icazə verilmirdi. Ümumiyyətlə, əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.

İqtisadçı ekspert Fuad Əlizadə AYNA-ya şərhində deyib ki, yaxın gələcəkdə ölkədə ət və süd məhsulları istehsalı əhəmiyyətli dərəcədə artacaq: “Bu, Qarabağın geniş otlaqları sayəsində baş verəcək. İlkin nəticələri bir-iki ildən sonra görmək olacaq. Pilot layihə çərçivəsində bir neçə heyvandarlıq təsərrüfatının Kəlbəcər rayonunda işğaldan azad edilmiş otlaqlara köçürülməsinə qərar verildi. Qubadlı və Laçın rayonlarında heyvandarlığın inkişafı üçün də böyük perspektivlər var”.

“Söhbət yalnız qoyun və inəklərdən deyil, camışlardan da gedir. İsrail şirkəti Zəngilanda camış ferması tikməkdə maraqlı olduğunu bildirib. Bu şirkət “ağıllı fermaların” tikintisində ixtisaslaşıb”, - deyə həmsöhbətimiz vurğulayıb.

Onun sözlərinə görə, ölkəmizdə üstünlük istehsalını yaxşılaşdıracaq müasir texnologiyalardan istifadə edən heyvandarlıq təsərrüfatlarına veriləcək: “Diqqətinizi çəkmək istədiyim başqa bir məqam daha məhsuldar iribuynuzlu və xırdabuynuzlu heyvanların alınmasıdır. İdxal olunan inəklər yerli cinslərdən daha çox süd verir. Bu fakt yerli kənd təsərrüfatına müsbət təsir edir”.

Toyuq ətinin istehsalına gəlincə, Əlizadə qeyd edib ki, ölkənin quşçuluq sənayesinin əsas problemi də yem bazası ilə bağlı çətinliklərdir: “Qarışıq yem istehsalını artırmaq lazımdır. Bu il taxıl məhsulu yaxşı olduğu üçün bununla bağlı heç bir çətinlik olmamalıdır”.

Müəllif: Elya Belskaya












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.