Cavabını bil(mə)diyimiz sual: Deputatlar niyə susur?

9-08-2021, 06:52           
Cavabını bil(mə)diyimiz sual:
Mənim üçün maraqlı məsələlərdən biri budur ki, dövlətlə, hökumətlə bağlı hansısa bir məsələ ortaya çıxanda niyə görə bu dövlətin qaymağını yeyənlər, bu dövlətdən ən çox imtiyaz alanların əksəriyyətinin qətiyyən səsləri çıxmır? Bəzən bunu onunla izah edirlər ki, guya tənqid edənlərlə eyni səviyyəyə enmək istəmirlər. Amma yaddaşımızı azacıq vərəqləyəndə bu arqumentin heç bir əsası olmadığı aşkara çıxır. Götürək elə spiker Sahibə Qafarovanın İrana səfərini.
Beynəlxalq protokol qaydalarını bilən şəxslər hər biri dərk edir ki, diplomatiyada protokol qaydaları deyilən normalar var. O qaydalara görə də, yalnız eyni ranqlı şəxslərin görüşündə iki tərəfin də bayrağı asılır. Yəni prezident prezidentlə görüşəndə, nazir nazirlə görüşəndə, spiker spikerlə görüşəndə. Bu dünyanın hər yerində belədir.
Fəqət, bununla bağlı Milli Məclisin Sədrinə qarşı haqsız ittihamlara bir-iki millət vəkilindən başqa reaksiya verən olmadığı kimi, bu kimi səfərlərin bəzəyi funksiyasını oynayanlardan da səs çıxmır. Nəinki buna səs çıxarmırlar, Sahibə xanımın İranda qaldırdığı və əsas müzakirə olunası Xocalı soyqırımının İran parlamenti tərəfindən tanıdılması, Zəngəzur kimi məsələləri qaldırmasını belə gündəmə gətirmirlər. Ermənistana can simiti olan İranda bu məsələlərin Azərbaycanın Milli Məclisinin Sədri tərəfindən qaldırılması gündəm olmalıykən, dəxlisiz protokol məsələsi önə sürülür.
Necə olur ki, özləri ilə bağlı hər hansısa neqativ bir məsələ olanda stəkanda fırtına qopardan, elə parlamentin komitə sədrlərinin, millət vəkillərinin, eləcə də bu günə qədər spikerlə səfərlərdə iştirak edən digərləri sükuta qərq olub? Axı hədəfdə həmin şəxslərin də təmsil olunduqları parlament var və söhbət Milli Məclisin ictimai nüfuzundan gedir. Sanki prosesdən həzz alırlar, ya da beynəlxalq protokol qaydalarından bixəbərdirlər. Niyə görə dövlətdın minimum dəstəklə ayaqda durmağa çalışan, dövləti müdafiə etdiyi üçün xaricdə və daxildə bəzi qüvvələr tərəfindən təhqirlərə məruz qalan media və ictimaiyyət nümayəndələri kimi mövqe ortaya qoya bilmirlər?! Bilmirlər yoxsa istəmirlər? Yoxsa “mənə dəyməyən ilan çox yaşasın” prinsipindən yeni dönəmdə də əl çəkə bilmirlər?
O da bəllidir ki, bu günə qədər spiker Sahibə Qafarova çoxsaylı xarici səfərlər edib. Və bu səfərlərdə Milli Məclisin komitə sədrləri, deputatlar onu müşayiət ediblər. O da təbiidir ki, bu şəxslər həmin görüşlərdə aparılan danışıqların da, Azərbaycan üçün maraqlı olan məsələlərin də müzakirəsində iştirak ediblər. Deməli bu şəxslər spikeri də, onun xarici görüşlərinin mahiyyətini də biz media nümayəndələrindən də, ictimaiyyətdən də daha dəqiq bilirlər.
O zaman niyə görə Milli Məclisin komitə sədrləri, millət vəkilləri hansıki demək olar hamısı sosial şəbəkələrdə aktivdirlər, bu cür məsələlərdə sadəcə tamaşaçı rolunu oynayırlar? Fikrimcə, bu dövlət və təmsil olunduqları ali hakimiyyət üçün də bir siqnal olmalıdır…
Aqil Ələsgər
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.