SƏN KİMSƏN – SEYİD ƏHMƏD KƏSRƏVİ? Naməlum müharibə silsiləsindən...
9-08-2021, 11:54

1946-ci ildən İranda türk dilinə, türk milli şüuruna və ənənəvi şiəliyə qarşı mübarizə başlandı. Bu hərəkatın ideoloji bazasını Pəhləvi rejiminin tərəfdarı olan azərbaycanlı alim Seyid Əhməd Kəsrəvi (1890–1946) hələ 1930–1940-cı illərdə hazırlamışdı. O, deyirdi: "Din və dil fərqini, regional fərqləri aradan qaldırmalıyıq. Bunun üçün milli şüur yaranmalıdır. İran milli şüuru yayılmalıdır".
Seyid Əhməd Kəsrəvinin bir məqsədi də fars dilində islahat aparmaq, türk feillərini bu dilə daxil etmək idi: O, yazırdı: “Türk dili feillərin hesabına fars dilindən üstündür. Məhz buna görə də fars dili geri qalır. Bu, fars dilinin xəstəliyidir”.
Ədalət naminə qeyd edək ki, Seyid Əhməd Kəsrəvi türkləri farslardan üstün tuturdu: “İranlılar türklərlə qüdrətləndilər. Türklərin sayəsində zəiflik və gerilikləri müəyyən dərəcədə ortadan qalxdı”. Əsərlərində farsları günahlandırır və yazırdı ki, “azərbaycanlılardan fərqli olaraq onların beyni xəstədir”.
Bəzən isə o, fars şovinistləri ilə mübahisə edirdi: “İranın hər bir yerində yaşayan türkdilli iranlılar öz ana dilini unutmuş və türk dilini öyrənməyə məcbur edilmiş farslar deyillər”.
Başqa bir çıxışında Seyid Əhməd Kəsrəvi qarşı tərəfə daha kəsərli cavab verir: “Tehran qəzetlərindən biri yazır ki, monqollar İrana gəldikdən sonra Azərbaycanda zorla türk dilini yaydılar. Bu iddia türkçülərə verilən cavablardan biridir. Onu tədqiq etsək qüsurlu olduğu aşkara çıxar. Əvvəla, tarixi mənbələrin heç birində belə bir (monqolların türk dilini yaymaları barədə) məlumat yoxdur! Digər tərəfdən, monqollar qan axıtmaqla və zülm etməklə xalqların dillərini dəyişə bilmədilər. Bundan əlavə, monqolların öz dili türk dili deyildi. Bu halda onlar Azərbaycanda nə üçün türk dilini yaymalı idilər? Həmçinin, monqollar yalnız Azərbaycanı deyil, bütün İranı idarə ediblər. Belə isə türk dilini niyə yalnız Azərbaycanda yayıblar?”
Bütün bunlarla yanaşı, Seyid Əhməd Kəsrəvi hesab edirdi ki, Azərbaycanın qədim əhalisi İran dilləri qrupuna daxil olan azəri dilində danışmışdır. Yeri gəlmişkən, onun bioqrafiyasında diqqətimizi cəlb etmiş aşağıdakı detalları oxucunun nəzərinə çatdıraq:
- Azəri dili məsələsində Seyid Əhməd Kəsrəvinin fikirləri və sovet tarixşünaslığının müvafiq konsepsiyası üst-üstə düşür;
- Sovet tarixçiləri kimi Seyid Əhməd Kəsrəvi də iddia edirdi ki, Azərbaycan yalnız Araz çayından cənubdakı torpaqların adı olub, Şimali Azərbaycan isə 1918-ci ilədək Albaniya (VII–VIII əsrlərə qədər) və Aran (VIII–IX əsrlərdən sonra) adlanıb;
- 1906-cı ildə İran Məşrutə hərəkatına (1905–1911) qoşulmuşdur;
- Seyid Əhməd Kəsrəvi 1917-ci ildə İran Demokrat Partiyasının üzvü olmuşdur. Qeyd etmək lazımdır ki, bu partiya, təxminən, 1916-cı ilədək İran Sosial Demokrat Partiyasının bir qanadı olmuş, ondan ayrıldıqdan sonra da ideologiyasını dəyişməmişdir. Xatırladaq ki, İran Sosial Demokrat Partiyası Rusiya Sosial Demokrat Fəhlə Partiyasının (bolşeviklərin) və Hümmət Partiyasının fəal köməyi ilə 1905-ci ildə yaradılmışdır. 1916-cı ildə İran Sosial Demokrat Partiyasını Ədalət Partiyası əvəz etmişdir. Ədalət Partiyasının ilk rəhbərlərindən biri Seyid Cəfər Pişəvəri (1892–1947) idi. 1920-ci ildə Ədalət Partiyası Azərbaycan Kommunist Partiyası ilə birləşmişdir;
- Sovet tarixçiləri Seyid Əhməd Kəsrəvini etibarlı və bilikli alim hesab edirdilər;
- O, İranda yayılmış bütün dinləri və təriqətləri (şiəliyi, sufiliyi, bəhailiyi və s.) kəskin tənqid etmişdir;
- Seyid Əhməd Kəsrəvinin Böyük Britaniyaya münasibəti müsbət olmamışdır;
- 1916–1917-ci illərdə Seyid Əhməd Kəsrəvi Rusiya imperiyasına səfər etmişdir.
P.S. Seyid Əhməd Kəsrəvinin ölümündən sonra onun ardıcılları bugün də mövcud olan Kəsrəvilik təriqətini qurdular. Kəsrəviliyin əsas ayinlərindən biri belədir: təriqətçilər hər il qış fəslinin ilk günündə bir yerə toplaşıb şiə kitablarını yandırırlar. Kitab yandırma mərasimi və qış bayramı Seyid Əhməd Kəsrəvidən qalmış bir ənənədir. Azərbaycan əsilli böyük türk alimi Əbdülbakiy Gölpinarlı (1900–1982) yazır ki, Əhməd Kəsrəvi İslam dininin zahiriyyə (bugünkü sələfiliyə yaxındır) məzhəbinin müəyyən təsiri altında olmuşdur. Biz isə hesab edirik ki, Seyid Əhməd Kəsrəvinin yaymağa çalışdığı fikirlərin əsl mənbəyi şimalda – soyuq və nəhəng bir ölkədə idi. Sadəcə o, özünün əsl düşüncə və baxışlarını məharətlə pərdələyə bilmişdi.
Müəllif: Millikimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrili
Teref.az