Erməni təxribatları səngimir - “Dəmir yumruq” yenə işə düşəcək?
11-08-2021, 08:56

Son zamanlar Ermənistan tərəfindən müharibə hədələri, bəyanatları artmaqdadır. II Qarabağ savaşında ordusu darmadağın olan təcavüzkarın nəyə arxayın olub bu cür davranması, tez-tez atəşkəsi pozması ciddi suallar doğurur.
Təsadüfi deyil ki, son bir həftədə hər gün ermənilər Naxçıvan istiqamətində atəşkəsi pozublar. Artıq Azərbaycanın əsəbləri də tarıma çəkilib. Ermənilər isə həyasızcasına atəşkəsi ən müxtəlif yerlərdən pozmağa davam edirlər.
Ermənistanın müharibə hədələrini, bəyanatlarını Azərbaycan necə qarşılayır? Buna ciddi hazırlaşaqmı? Dəmir yumruq nə zaman işə düşəcək?
“Ermənistan bölgədə gərginliyin artmasında maraqlı olduğundan təxribatları intensivləşdirib”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın atəşkəsi pozması hallarının mütəmadi xarakter almasına münasibət bildirərkən, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib: “Düşmən ölkənin vəziyyəti ağırdır. Bir tərəfdən, sərhədlərin müəyyənləşməsini və təsdiq olunmasını istəmir. Hesab edirlər ki, iki ölkə arasında qarşılıqlı olaraq sərhədlərin tanınması Qarabağın onlar üçün əbədi itirilməsi demək olacaq. Ermənistan ”niadzum"i, yəni başqa ərazilərə iddialar irəli sürüb, onları özlərinə birləşdirmək layihəsini davam etdirmək istəyir. Ancaq artıq düşmənin bu layihəsi işləmir".
Diplomat bildirib ki, təxribatların mütəmadi xarakter daşıması onu göstərir ki, İrəvan Azərbaycanla sərhəddə xarici qüvvələrin olmasında maraqlıdır: “Düşmən ölkə özgə torpaqlara göz dikmək siyasətini davam etdirməsi fonunda növbəti sarsıdıcı zərbəni alacağından ehtiyat edir. Məhz bunun qarşısını almaq üçün də İrəvan Azərbaycanla sərhəddə hansısa xarici qüvvələrin yerləşərək, onlara təminat vermələrində maraqlıdır. Ona görə də atəşkəsi pozaraq təxribatları intensiv olaraq davam etdirirlər”.
Ceyhun Məmmədov: “Ermənistan 44 günlük müharibədən mütləq nəticə çıxarmalıdır”
YAP-çı deputat Ceyhun Məmmədov hesab edir ki, Ermənistan atdığı son addımlarını özbaşına etmir: “Azərbaycan Ordusu Vətən müharibəsində qələbədən sonra da davamlı olaraq müxtəlif təlimlər təşkil edərək öz döyüş təcrübəsini artırır. Ordumuz hələlik müharibə bitsə də hər zaman döyüşə hazırdır. Son proseslərin təhlili göstərir ki, sərhəddəki bir sıra addımları Ermənistan özü müstəqil atmır, kənar amillərin və təsirlərin də burada ciddi rolu var. Bu onu deməyə əsas verir ki, Ermənistan tarixi ”ənənə" və “missiyası”ndan xilas ola bilmir. Yenə də alət və maşa rolunu məharətlə oynayır. Ancaq bu yanaşma Ermənistanı yalnız uçuruma və yeni fəlakətlərə aparacaq. Bu ölkənin bir yolu var, o da Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq etməkdir.
Tarix sübut edib ki, düşmən çox hiyləgər və məkrlidir. Onun heç bir vədinə inanmaq olmaz. Necə ki, bunun 10 noyabr razılaşmasından sonrakı dövrdə bir daha şahidi olduq.
Prezident İlham Əliyev dəfələrlə Ermənistana müraciət edib, əl uzadıb. Son dəfə Daşkəsən rayonunda səfərdə olanda bu məsələyə açıq toxundu və qeyd etdi ki, Ermənistan sülh istəyirsə, sülh, müharibə istəyirsə, müharibəyə hazırıq. Ermənistan bu bəyanatlardan nəticə çıxarmalıdır. 30 ilə yaxın müddətdə Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı və nəticədə çox ağır məğlubiyyətə düçar oldu, 10 minlərlə vətəndaşı müharibədə həyatını itirdi. Ona görə bir daha vurğulayırıq ki, Ermənistan 44 günlük müharibədə baş verənlərdən mütləq nəticə çıxarmalıdır. Çıxarmasa, bunun Ermənistan hakimiyyəti və xalqı üçün nəticəsi və vəbalı çox ağır olacaq.
“Dəmir yumruğa” gəldikdə, o, hər zaman hazırdır. Ermənistan nəzərə almalıdır ki, Azərbaycanın səbrinin də bir həddi və hüdudu var. Əgər Ermənistan davamlı olaraq razılaşmanı pozsa və yekun sülh sazişini imzalamaqdan imtina etsə, yalnız bir yol qalır. Azərbaycanın beynəlxalq hüquqa əsasən öz torpaqlarını azad etmək hüququ var. Ermənistan bunu unutmasın".
Siyasi şərhçi Azər Hüseynov isə bunları düşünür: “Ermənistan Qərbin dəstəyi ilə hərəkət edir. Ola bilər ki, onun bu hərəkətlərindən ruslar da istifadə etmək istəyir, regionun digər ölkələri də. Ancaq Ermənistanı tətikləyən Qərbdir. Ermənilərin hərbi gücü sarsılıb. Terrorçu qruplaşmalar vasitəsilə terrordan istifadə edə bilərlər. Bunu açıq etdikdə Azərbaycan antiterror əməliyyatı edəcəkdir. Bizim arxamız olan Türkiyədə bəzi problemlər var. Biz bu problemlərdə davamlı onlarla olsaq, onlar da bizimlə olacaq. Bu da regional zəmin üçün lazımdır ki, dəmir yumruq erməni təpəsinə ensin. Heç nə demirəm, ordumuz Qafana düşüb bir-iki tur atsa, ermənilər dəhşətə düşər”.
Akif Nağı: “Ordumuz Qafana düşüb bir-iki tur atsa, ermənilər dəhşətə gələr”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı erməni təxribatları ilə rəsmi Bakının əlinə bir sıra əsasların düşdüyünü söylədi: “Ermənilər, xüsusilə də onların təzə müdafiə naziri Karapetyan davakar bəyanatlarla çıxış edir. Amma onların bu çıxışları hamıda ironik hisslər doğurur. Qarabağda bu situasiyalarda bir zarafatyana ifadə işlədilir: ”Alış, nəynən?" Bu bədbəxtlər anlamırlar ki, artıq hər şey bitib, Qarabağ xülyasından əl çəkməlidirlər. Ötən əsrin 90-cı illərində Con Mareska adında bir amerikalı həmsədr var idi. Həmsədrlikdən gedəndən sonra yazmışdı ki, Azərbaycan “Qarabağ xülyasından əl çəkməlidir”. Amma biz onların bütün planlarını alt-üst etdik. İndi onlar bu xülyadan əl çəkməlidirlər. Ermənilər, onların arxasında dayananlar Azərbaycan xalqı və dövlətinin polad iradəsi qarşısında sındılar, məhv oldular, zibilliyə atıldılar. Bu vəziyyətlərinə düzgün qiymət verib, sakitcə yerlərində oturmalıdırlar. Başa düşmürlər ki, Qarabağ yox, Ermənistanı hansısa formada saxlamaq haqqında düşünməlidirlər. Deyirsiniz ki, atəşkəsi Naxçıvan istıqamətində tez-tez pozurlar. Deməli, Azərbaycanın təhlükəsizliyinə o istiqamətdə təhdid var. Bununla rəsmi Bakıya əsas verirlər ki, dövlətçiliyimiz üçün oradakı təhlükə mənbəyini məhv edək. Azərbaycanın tam haqqı var ki, həmin istiqamətdə hücuma keçsin, ərazilərimizi, o cümlədən qədim torpaqlarımız olan Qərbi Zəngəzuru azad edək. Beynəlxalq hüquq, tarixilik prinsipi, ilahi ədalət bizim tərəfimizdədir. Bunu hökmən etməliyik. Onda Zəngəzur bütövlükdə öz sahibinə qaytarılacaq, dəhlizə də ehtiyac qalmayacaq".
Cavanşir ABBASLI
“Yeni Müsavat”